Toydan çıxan qohumlar arasında qanlı dava: biri öldü, digəri həbsxanaya düşdü — MƏHKƏMƏ

KRİMİNAL 01 fev 2024, 13:48
Beyləqan rayonunda 1994-cü il təvəllüdlü Nicat Əsədov qohumu, 1991-ci il təvəllüdlü Rahib Abbaslını qətlə yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Nicat 16 oktyabr 2022-ci ildə qonşusunun Beyləqan şəhərində yerləşən “İmperial” şadlıq evində keçirilən toy mərasimində iştirak edərək yemək yeyib, spirtli içki qəbul etdikdən sonra yüngül dərəcəli sərxoşluq halında 5 nömrəli tam orta məktəbin yaxınlığına gəlib. Nicat onunla birlikdə toy şənliyində iştirak etmiş tanışları ilə orada söhbət edərkən həmin gün saat 16.30-da Rahib onların yanına gəlib. 

Rahib əsəbi halda Nicatdan toy şənliyində onunla bir masa ətrafında oturmamasının səbəbini soruşaraq onu təhqir etdiyi üçün aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı onlar bir-birinin üzərinə hücum ediblər. Həmin vaxt orada olan şəxslər onları aralayıb bir-birini vurmağa imkan verməyiblər. 

Bundan sonra Rahib Nicata orada onu gözləməsini bildirərək nənəsinın yaxınlıqda yerləşən yaşadığı evə gedib. Rahib oradan getdikdən sonra orada olan şəxslərdən getməyi təklif etsə də, Nicat Rahibin heç kim olduğunu və ona heç nə edə bilməyəcəyini bildirərək oradan getməyib. Bir qədər sonra Rahib nənəsinin evinin həyətindən çıxaraq Nicata yaxınlaşıb.

Bundan bir qədər əvvəl Nicatdan nə dediyini əsəbi şəkildə soruşub və şalvarın sağ cibindən bıçağı çıxararaq bir neçə zərbə vuraraq Nicata yüngül xəsarətlər yetirib. Bu zaman Nicat onu əl və ayaq zərbələri ilə vuraraq, ona çoxsaylı xəsarətlər yetirib. Rahib aldığı xəsarətlərdən vəfat edib. 

Hadisəni törədən Nicatın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Məhkəmədə ifadə verən Nicat bildirib ki, 16 oktyabr 2022-ci ildə “İmperial” şadlıq sarayında toya gedib: “Şadlıq sarayında mərhum Rahib Abbaslının oturduğu masada yer olmadığına görə mən dayım və əmimin stolunda oturdum. Bir neçə dəqiqədən sonra Rahib mənə əli ilə işərə edərək oturduğu adamlara qarşı nalayiq ifadə işlətdi. Lakin Rahibə cavab vermədim. Toy qurtardıqdan sonra qonşularımla birlikdə məhləmizə getdik. Həmin vaxt məhlədə qonşuları ilə söhbət edərkən Rahib Abbaslı bizi görərək yaxınlaşdı. Yenə də mənə oturduğum “kruqun” yaxşı olmadığını, nə səbəbdən onunla oturmadığımı soruşdum. Mən isə Rahibə onun stolunda yer olmadığını, bu səbəbdən onunla oturmadığımı dedim. Bundan sonra Rahib Abbaslı nalayiq ifadələr işlədib söyüşlər söydü. Biz bir-birimiz ilə mübahisə etsək də, yanımdakı uşaqlar bizi araladı. Rahib Abbaslı da çıxıb nənəsigilə getdi. Lakin qayıdacağını, onu gözləməyimi demədi. Az sonra Rahib nənəsigildən çıxıb geri qayıtdı. Həmin vaxt Rahibin əlində bıçaq və ya hər hansı əşya olmayıb. Yəqin ki, bıçaq Rahibin cibində olub. Həmin vaxt Rahib üstümə gəldiyindən oturduğum yerdən ayağa qalxdım. Çatan kimi Rahib mənə bir neçə bıçaq vurmaq istədi. Zərbələrdən üçü mənə dəydi, iki bıçaq zərbəsi qolumu qabağa verdiyim üçün mənə dəymədi. Həmin vaxt Rahibin yanında da üç nəfər olub. Onlar onu tutub kənara apardılar. Həmin vaxt getmək istədim. Lakin Rahib yenidən üstümə gəldi. Buna görə yerdən daşı götürərək Rahib istiqamətində atdım. Sonra ona yaxınlaşıb ayağım ilə onu yerə yıxdım, onun əlindən bıçağı aldım. Bıçağı əlindən alarkən Rahibə elə-belə yüngülcə bir yumruq zərbəsi vurdum və evimə getdim. Yerdə olarkən onu ona görə vurmuşam ki, Rahib bıçaqla məni vurmaq istəyib. Lakin Rahibi öldürmək istəməmişəm”.

Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirib ki, zərərçəkmiş Rahib Abbaslı ilə çox yaxın dost olublar: “Hadisə gününədək aramızda hər hansı anlaşılmazlıq olmayıb. Oktyabrın16-da toy saat 13.00-da başlayıb, 16.30-da bitib. Mən də yoldaşlarım ilə birlikdə toydan çıxdım. Yaşadığım məhlədə Rahib Abbaslı ilə mübahisələrimiz olarkən heç bir səbəb olmadan Rahib nənəsigilə getdi. Bıçaq götürərək gəldi. Hadisə yerindən çıxıb getmək istəsəm də, Rahib üstümə gəlməkdə davam etdi. Yanımda olan şəxslər də məni saxlaya bilmədilər. Yerdən götürüb atdığım daş balaca olub. Cinayət işi materiallarında olan daş olmayıb. Fiziki cəhətdən Rahib Abbaslı məndən balaca olub. Rahibə daş atarkən aramızda təxminən 4 metr məsafə olub. Yolun bir tərəfində, Rahib isə digər tərəfində olub. Daşı Rahibə atarkən daşın Rahibin harasına dəydiyini bilməmişəm. Daşla vurduqdan sonra Rahibi yerə yıxdım və bir dəfə yumruq vurdum. Ona başqa zərbə vurmadım, oradan getdim. Həmin gün saat 23.30-da Rahibin vəfat etdiyini bildim. Rahib Abbaslı mənə birinci zərbəni və digər zərbələri ürək nahiyəm istiqmətlərinə vurmaq istəyib. Zərbələri zarafatyana yox, ciddiliklə vurub. İlk bıçaq isə qoluma dəyib. Mən yerdə olan adi bir daşı götürərək Rahibə atmışam. Rahib yerə yıxılarkən üstünə getməkdə məqsədim ondan bıçağı almaq olub. Yerdə Rahibə bir yumruq vurmaqda da məqsədi ondan bıçağı almaq olub. Bıçaq Rahibin əlindən düşdükdən sonra kənara atdım. Hadisə vaxtı sərxoş olsam da, hər bir şey yadımda olub. Rahib Abbaslı da çox pis sərxoş olub. Rahib Abbaslıya daş atmaqda məqsədim özümü müdafiə etmək olub. Rahib Abbaslı ilə mübahisə edərkən ətrafda dostları olsa da, onlar Rahibin qarşısını almayıblar. Rahibin sərxoş olmasından çəkiniblər. Rahib sərxoş olsa da, müvazinətini saxlaya bilməsə də, Rahib birdən üstünə gəldiyindən hadisə yerindən çıxaraq gedə bilməmişəm. Rahibə daş vurduqdan sonra mənə yaxınlaşıb, yerdə olarkən bir yumruq vurub”. 

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsin də açıqlanıb. Həmin ifadədən məlum olur ki, 16 oktyabr 2022-ci ildə toydan çıxdıqdan sonra avtomobili ilə məhlələrinə gedib: “5 nömrəli məktəbin yanında avtomobili saxladım. Qoşqar, Bəhrəm və Orxan avtomobildən düşdü və təxminən 5 dəqiqə ərzində toyla bağlı söhbət etdik. Rahibin yaşadığı ev həmin məktəbin qarşısından keçən asfalt yolun qurtardığı yerdə olduğundan Rahibin təxminən 100 metr məsafədən öz evləri tərəfdən gəldiyini gördüm. Rahib gəzə-gəzə yanımıza gəldi. Bizim yanımıza çatan kimi Rahib əsəbi şəkildə danışmağa başladı. Məni və toyda mənimlə eyni masada əyləşmiş şəxsləri təhqir etdi. Məndən toy məclisində nə üçün onunla eyni masada əyləşmədiyimi əsəbi şəkildə soruşdu. Rahibə toyda dayım Fəthi ilə əyləşdiyimə görə onunla eyni masada oturmadığımı dedim. Rahib həmin vaxt mənim, həm də mənimlə eyni stolda əyləşən adamların kişi olmadığını, mənim gədə və tülkü olduğumu, buna görə də məni döyəcəyini dedi. Rahibə danışığına fikir verməsini, məni döyən yerdə qələt edəcəyini, həmin masada əyləşən adamların onun da qohumu olduğunu, onları söyməyin ayıb olduğunu dedim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra onlar bir-birinin ağzına söyüb, vurmaq üçün bir-birinin üstünə yeriyiblər: “Həmin vaxt yanımızda olan Orxan, Qoşqar, Bəhrəm, Vaqif bizi bir-birimizi vurmağa qoymadılar. Aramızda mübahisənin böyüməsinə imkan vermədilər. Bundan sonra Rahib məni söyə-söyə dayandığımız yerlə üzbəüz yolun digər tərəfində yerləşən nənəsi Rənanın evinə getdi. Rahib nənəsi Rənanın həyətinə keçdikdən sonra yanımızda olan dostlarımız Rahib geri qayıtdığı halda onun qabağını kəsməyin lazım olduğunu dedilər. Qoşqar da məni evə düşürməyi təklif etdi. Burdan getməyi dedi. Qoşqara Rahibin heç kim olduğunu, onun qələt elədiyini, Rahibin mənə heç nə edə bilməyəcəyini dedim və qohum olduğumuzu bildirdim. Təxminən 3-4 dəqiqə sonra Rahib nənəsinin həyətindən çölə çıxıb birbaşa üzərimə tərəf gəldi. Həmin vaxt Rahibin yaxınlığında olan şəxs onun cibindən bıçaq çıxardığını görərək əlindən tutdu. Rahib əlini çəkməsini dedi və mənim üzərimə tərəf gəlməyə davam etdi. Yanıma çatanda məndən bayaq nə dediyimi əsəbi şəkildə soruşdu və elə həmin vaxt bıçaqla sol qoltuğumun altından bir dəfə bıçaqla vurdu. Daha sonra mənə bıçaqla vurmağa davam etdi. Rahibin mənə neçə dəfə bıçaqla vurduğunu xatırlamıram. Özümü müdafiə etmək üçün sol qolumu onun zərbələrinə qarşı tutdum. Buna görə də Rahibin bıçaqla məni vurduğu həmin zərbələrindən ikisi də sol qoluma dəydi. Digər bıçaq zərbələri isə mənə dəymədi”. 

Nicat qeyd edib ki, daha sonra o, yumruqla Rahibin ağzına və üz nahiyəsinə bir neçə dəfə vurub: “Həmin vaxt Rahibi məndən araladılar. Bundan sonra Rahib əlində tutduğu bıçaqla yenidən üstünə tərəf gəldi. Yerdən götürdüyüm daşı Rahibə tərəf atdım. Daş Rahibin alnına dəydi. Həmin vaxt Rahibin üstünə getdim və Rahibi ayağım ilə yerə yıxdım. Rahibi yerə yıxdıqdan sonra onun sifətinə yumruqla bir neçə zərbə vurdum. Orada olanlar bizi yenidən araladılar, aralayan zaman Rahibin ağız hissəsinə bir dəfə təpik vurdum. Həmin vaxt Rahibi öldürmək niyyətim olmayıb. Rahib yerdən tez ayağa qalxdı. Həmin vaxt mən və Rahib bir-birimizi əxlaqsız söyüşlərlə təhqir etdik. Bundan sonra Qoşqar məni öz avtomobilim ilə atamın evinə apardı. Evdə paltarlarımı dəyişdim. Anam və arvadım mənə tibbi yardım göstərdi. Yarama dərman vurub sarıdılar. Bundan sonra Rahibin xəstəxanaya aparıldığını və xəstəxanada vəfat etdiyini öyrəndim”. 

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nicatın əməli Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsinə tövsif edilib. Ona 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. 

Hökmdən narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən də apellyasiya şikayəti verilib. Müdafiəçi Nicatın barəsində ağır cəza təyin olunduğunu, onun cəzasının yüngülləşdirilməsini istəyib. 

Tərəflərin şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılıb. Protesti və şikayəti araşdıran hakim heyəti sonda qərar elan ediblər. Qərara görə, həm prokurorun protesti, həm də vəkilin şikayəti təmin olunmayıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top