İşçi ayda neçə gün işdən icazə ala bilər? — AÇIQLAMA

SOSİAL 11 yan 2024, 09:44
Hər bir işçinin şəxsi müəyyən işləri olur ki, bu, iş saatlarına düşür və onun üçün çalışdığı şirkətdən icazə istəyir. Bəzi şirkətlər işçinin icazə almasına normal baxır, bəziləri yox. Bir qisim şirkətlər isə icazəni işçinin məzuniyyət günlərindən çıxır. Maraqlıdır, işçilərə ayda nə qədər icazə verilməlidir? İcazə verilirsə, bunun məzuniyyət günlərindən çıxılması nə dərəcədə doğrudur?

Hüquqşünas və əmək hüquqları üzrə mütəxəssis Araz İsmayılov Valyuta.az-a açıqlamasında dedi ki, işçilərə icazə verilməsi ilə bağlı qanunvericilikdə xüsusi norma yoxdur: “Bu, tamamilə işəgötürənin səlahiyyətində olan məsələdir. İşəgötürən istəsə işçiyə bir neçə saatlıq və ya bir neçə günlük işə gəlməməyi üçün icazə verə bilər”.

İşəgötürən şəxsin nə vaxt icazəni verməyə məcbur olmasından danışan hüquqşünas Əmək Məcəlləsinin 130-cu maddəsində işçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin verilməsi halları və müddətlərindən danışıb: “Bunlar əsasən işçilərin sağlamlığı, qohumluq vəzifələrinin həyata keçirilməsi, təhsili və elmi fəaliyyətləri ilə əlaqədar olaraq onlara verilən, müddəti qeyd edilmiş ödənişsiz məzuniyyətlərdir. Bu maddədə qeyd olunanlar xaricində işçi əgər müəyyən müddətə işə gəlməmək üçün icazə almaq istəyirsə, bunun üçün işə götürəndən razılıq almalıdır. İşçilər nəzərə almaldır ki, icazə müddətində işəgötürənin onlara əmək haqqı ödəməmək hüququ var. Bu müddət ərzində əmək haqqının ödənilib ödənilməməsi də işə götürənin istəyindən asılıdır”. 

A.İsmayılov deyir ki, söhbət işçinin ödənişli illik əmək məzuniyyətindən gedirsə, icazə alınan günlərin sonradan məzuniyyət günlərindən çıxılması qanuna ziddir: “Bəzi müəssisələrdə hətta saatlıq icazələr zamanı işçilərin icazəli olduqları saatlar toplanır və bu saatların cəmi gündəlik iş vaxtı miqdarına çatdıqda 1 gün əmək məzuniyyətindən silinir. Bu da qanunsuzdur. Əgər işçi əvvəlcədən icazə almağın çətin olacağını düşünüb əmək məzuniyyətinin verilməsi ilə bağlı ərizə yazırsa, yalnız bu vaxt işə gəlməyəcəyi günlər məzuniyyət günlərindən çıxıla bilər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top