Putin arxa planda atəşkəs istəyir — NYT

DÜNYA 25 dek 2023, 10:10
“New York Times” (NYT) qəzeti Rusiya Prezidenti Vladimir Putinin ictimaiyyət qarşısında Ukraynadakı hədəfləri ilə bağlı qətiyyətli bir imic nümayiş etdirsə də, arxa planda atəşkəs təklifi etdiyini yazıb.

Demokrat.az xəbər verir ki, nəşrə bu məlumatı Kremlə yaxın iki keçmiş Rusiya rəsmisi və Rusiya liderinin köməkçiləri ilə təmasda olan ABŞ rəsmiləri təsdiqləyib.

Xəbərdə qeyd olunur ki, Putin sentyabr ayından bəri vasitəçilər vasitəsilə cəbhə xəttində döyüşləri dayandıracaq atəşkəsə açıq olduğunu bildirən mesajlar göndərib.

Qəzetə danışan Amerika rəsmiləri iddia ediblər ki, Rusiya ilk dəfə 2022-ci ilin payızında atəşkəs razılaşmasını nəzərdən keçirib. Mənbələr Putinin o dövrdə Rusiyanın zəbt etdiyi torpaqlardan razı qaldığını və bu mesajın Vaşinqtona çatdırıldığını bildirib.

Qəzet yazır ki, Kreml administrasiyası ictimaiyyətə müharibəni davam etdirməklə bağlı mesaj versə də, Ukraynada qələbə elan edərək müharibəni bitirmək istəyir.

Xəbərdə qeyd edilib ki, işğal olunmuş bütün torpaqları geri alacağını vəd edən Ukrayna administrasiyasının belə bir razılaşmanı qəbul edib-etməyəcəyi bəlli deyil.

Keçmiş Rusiya rəsmiləri NYT-yə bildiriblər ki, əgər Rusiya qüvvələri yenidən meydanda irəliləyiş əldə edərsə, Putin atəşkəslə bağlı fikrini dəyişə bilər.
“Putin həqiqətən də indiki mövqelərdə qalmaq istəyir. Ancaq bir metr belə geri çəkilməyə niyyəti yoxdur”, - keçmiş yüksək rütbəli rusiyalı məmur mövzu ilə bağlı NYT-yə verdiyi açıqlamada deyib.

Məsələ ilə bağlı Kremlin sözçüsü Dmitri Peskov nəşrə göndərdiyi səsli mesajda bildirib:

“Təqdim etdiyiniz tezislər konseptual olaraq doğru deyil”.

O, Putinin son çıxışına işarə edərək, Rusiyanın müharibə məqsədlərinin dəyişmədiyini qeyd edib:

“Putin həqiqətən də danışıqlara hazırdır. Bunu deyib. Rusiya hər zaman hazır olacaq, xüsusilə öz məqsədlərinə çatmaq üçün”.

Qəzetə danışan ABŞ rəsmiləri Putinin mövqeyinin son vaxtlar dəyişdiyini və Rusiya liderinin artıq Zelenski hökumətinin dəyişilməsi tələbinin olmadığını bildiriblər.

ABŞ rəsmiləri iddia edirlər ki, Putin atəşkəs razılaşması ilə Ukrayna ərazisinin təxminən 20 faizinin Rusiyanın nəzarətində qalmasını təmin etməyə çalışır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top