"Həkim sadəcə bir neçə sual verməklə kifayətlənir, uşağı ətraflı yoxlamır" — AÇIQLAMA

GÜNDƏM 05 dek 2023, 21:10
Son günlər bir neçə azyaşlının qızılcadan vəfat etməsi uşaqların sağlamlığına həssas yanaşmanın vacib olduğunu gündəmə gətirir. Sosioloq Lalə Mehralının sözlərinə görə məktəblilər hər il icbari tibbi yoxlanışdan keçirilir. O, Demokrat.az-a açıqlamasında deyib ki, bütün valideynlər hər il övladını bu yoxlanışdan keçirməlidirlər, amma bunun əvəzinə onlarda biganəlik görürük:

“Valideynlər poliklinikalara gedirlər, israr edirlər ki, həkim müvafiq sənədi imzalasın, möhür vursun. Valideyn uşağını yoxlatmağa deyil, sadəcə kağız almağa gəlir. Onlarla insanın gözlədiyi növbədə həkimə də bu variant sərf edir. Uşaq yoxlanılmadan sağlamlıq kağızı verilir. Burada həkim də valideyn qədər günahkardır. Həkim sadəcə bir neçə sual verməklə kifayətlənir, uşağı ətraflı yoxlamır, valideyn də bunu tələb etmir. Uşaqdan bütün analizlər götürülməlidir, ətraflı diaqnostik müayinələr aparılmalıdır. Uşaq məktəbə sağlamdırsa, göndərilməlidir. Yoxlama ona görə aparılır ki, uşaqlar arasında yoluxucu xətəliklər, qurd xəstəlikləri və digər problemlər varsa, vaxtında aşkarlansın və müdaxilə edilsin. Əgər bu yoxlama dəqiq aparılmırsa, bir uşaqda ola xəstəlik bütün sinfə də yayıla bilər”. 

Sosioloq qeyd edib ki, uşaqların sağlamlığına ciddi yanaşmaq lazımdır:



“Peyvənd etdirib-etdirməmək başqa mövzudur. Bu, valideynin öz seçimidir, dövlət peyvəndləməni məcburi tətbiq etmir. Peyvəndləmə olmadığına görə xəstəliyin yayılması fikri də real deyil. İmmun sistemi möhkəm olan peyvəndsiz şəxs immuniteti çökmüş peyvəndli şəxsdən sağlamdır. Peyvəndlənən insan da həmin xəstəliyə yoluxa bilər. Ona görə də uşaqların tibbi yoxlanışına ciddi yanaşmaq lazımdır”.

L.Mehralı xəstəxanalardakı bəzi problemlərə də toxunub: 

“Təəssüf ki, poliklinikalarda, xəstəxanalarda həkim çatışmazlığı var, növbə çoxdur. Bir həkimin qapısında 15-20 xəstə gözləyir, həkim bir xəstəyə 20 dəqiqə, yarım saat vaxt sərf edir. Bir otaqda iki-üç həkim olsa, bu qədər növbə yaranmaz. İcbari tibbi sığorta çərçivəsində bir çox müayinələrdən keçmək mümkündür, lakin tələb nəzərə alınmalıdır. Hesab edirəm ki, zamanla bu məsələlər də həllini tapacaq”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top