“Dəm qazından boğulmağa 7 dəqiqə kifayət edir” — XƏBƏRDARLIQ

GÜNDƏM 04 dek 2023, 19:56
“Yanma prosesi düzgün getmədiyinə görə dəm qazı yaranır. Dəm qazı iysiz və rəngsizdir, hiss olunmur. Nəzərə almaq lazımdır ki, otaqdakı hava kütləsinin tərkibində 0,1 faiz dəm qazının olması 7 dəqiqə sonra insanın zəhərlənməsinə kifayət edir. Evdə dəm qazı və qaz sızması əleyhinə dedektorlar olmalıdır. Sızma olanda və ya evdə dəm qazı əmələ gələndə dedektotlar işə düşür, siqnalizasiya vasitəsilə ev sahibi bundan xəbər tutur”.

Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik eksperti Elmar Nurəliyev deyib.

O qeyd edib ki, qızdırıcı cihazlar alarkən standartlara uyğunluğuna və sertifikatının olmasına diqqət etmək lazımdır:

“Cihazların quraşdırılması zamanı da peşəkarlara müraciət etmək lazımdır,. Cihazlar bu işlə məşğul olan rəsmi akkreditasiyadan keçmiş müəssisələrin əməkdaşları tərəfindən quraşdırılmalıdı. Bu işi anlayışı olan hər adama etibar etmək düz deyil. Cihazların quraşdırılması zamanı təhlükəsizlik qaydalarına riayət edilməlidir. Otağın həcmi nəzərə alınmalıdır, mütləq havalandırma sistemi, nəfəslik olmalıdır. Cihazlar qeyri-metal borularla çəkilməməlidir, bir otaqdan digərinə qızdırıcı çəkərkən rezin şlanqlar və ya hər hansı digər vasitələrdən istifadə etmək olmaz. Cihazın hansı otaqda istifadəsi nəzərdə tutulubsa, birbaşa həmin yerə çəkilməlidir”. 


Ekspert onu da əlavə edib ki, hamam otağında açıq alovla işləyən qızdırıcı cihazların quraşdırılması təhlükəlidir: 

“Qızdırıcı quraşdırılacaqsa, hamamın hündürlüyü nəzərə alınmalıdır, minimum 2 metr 20 santimetr olmalıdır. Əfsuslar olsun ki, bəzən 2-3 kvadratmetrlik hamamda “pitiminutka” dediyimiz cihazlar quraşdırılır, nəfəsliyin olmaması isə real təhlükə yaradır. Bunların bacası da illərlə təmizlənmir. Küləkli havalarda xaric olunan qazlar içəri vurur, bu da zəhərlənməyə gətirib çıxarır. Tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. Bəzən hamam otaqlarına plastik qapılar qoyulur, hava buraxmır, bu da dəm qazından zəhərlənməyə səbəb ola bilər. Hamamın, otaqların kombi ilə qızdırılması daha təhlükəsizdir, burada dəm qazından söhbət gedə bilməz”. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top