Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır

GÜNDƏM 20 noy 2023, 16:34
Olduqca gözəl, füsünkar təbiətə, məhsuldar torpağa  malik olan qədim Ağdam rayonu Qarabağın mərkəzində yerləşir. Ağdam sözü qədim türk dilində “kiçik qala” deməkdir. Keçmiş zamanlarda burada qədim türk qəbilələri düşməndən qorunmaq üçün özlərinə kiçik qalalar tikiblər. XVIII əsrin birinci yarısında isə Pənahəli xan burada özü üçün ağ daşdan imarət tikdirib. Bu imarət hər tərəfdən-digər kəndlərdən belə  göründüyü üçün burada sanki bir oriyentirə çevrilib. Deyilənlərə görə ona görə də bu rayonu Ağdam adlandırıblar. 

Ağdamın ərazisi qədim abidələrlə zəngin olub. Rayonun ərazisində Üçoğlan deyilən yerdə 20-ci əsrin 50-ci illərindən başlayaraq arxeoloji qazıntılar aparılan zaman məlum olub ki, Ağdamın ərazisi insanların qədim yaşayış məntəqələrindən olub. Məlum olub ki, qədim insanlar rayon ərazisində 6-8 min il bundan əvvəl, yəni Eneolit dövründə yaşamış, əkinçilik və maldarlıqla  məşğul olmuşlar.

Qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə aparılan arxeoloji tədqiqatlar zamanı Eneolit və Tunc dövrünə aid dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edilib. Buradan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşlar. Ümumiyyətlə Ağdam rayonu Zaqafqaziyanın ən zəngin abidələri olan yer olmuşdur. 

90-cı ilin əvvəlllərində erməni quldurları ərazilərimizə basqın etməyə başladılar. Dinc əhalini qətlə yetirdilər, yaşayış evlərinə od vurdular. Bir milyona yaxın soydaşlarımız öz tarixi torpaqlarından didərgin düşdü.

1993-cü il iyul ayının 23-də Ağdam uğrunda 42 gün davam edən qeyri bərabər döyüşdə Ağdam ərazisinin 73 faizi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. 

Ağdam uğrunda gedən döyüşlərdə 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanıb. İşğal nəticəsində Ağdam rayonunun 128 min sakini məcburu köçkün kimi respublikanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşıb.

Erməni vandalları digər işğal etdikləri rayonlarda olduğu kimi Ağdam rayonunda da böyük dağıntılar törədiblər. Məktəb, idarə, klub, muzey, sənaye obyektləri və sairə vandallar tərəfindən dağıdılıb. Dini abidələrimiz dağıdılıb və təhqir edilib.

Erməni işğalçıları ATƏT-in Minsk qrupunun 9 ölkəsi tərəfindən işğal edilmiş torpaqlardan hərbi birləşmələrin çıxarılmasını tələb etməsinə, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməyə məhəl qoymayaraq öz çirkin əməllərini davam etdiriblər.

27 sentyabr 2020-ci il tarixində başlanan və cəmi 44 günə Azərbaycanın qalibiyyəti ilə başa çatan Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildi. Vətən Müharibəsində əldə olunan qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi.

Müharibədən sonra Ağdam rayonuna gələn xarici və yerli jurnalistlər rayonun bu halından heyrətə gələrək  Ağdamı Qafqazın Xirosiması adlandırmışdılar. Belə ki, erməni vandalları qədim, abidələrlə zəngin olan Ağdam rayonunu demək olar ki, yerlə yeksan etmişdilər. Abidələri söküb talayıb, təhsil ocaqlarını, məscidləri, mədəniyyət mərkəzlərini, ictimai iaşə obyektlərini tamamilə dağıtmışdılar.

Sevindirici haldır ki, artıq Ağdamda, Xankəndində, Şuşada, Füzulidə və digər rayonlarımızda Dövlət Bayrağımız ucaldılıb.

Erməni işğalından təmizlənmiş ərazilərimizdə yüksək səviyyədə bərpa-quruculuq işləri gedir.

Bir vaxt yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız öz doğma torpaqlarına qayıdırlar.

Ağdam demək olar ki, yenidən qurulur. Burada Ağdam Cümə məscidi bərpa edilib, Xurşudbanu Natəvanın abidəsinin açılışı olub, Bərdə-Ağdam avtomobil yolu çəkilir, xəstəxana, məktəb binası, otellər tikilir, parklar salınır, ağaclar əkilir. Ağdamın bir sıra kəndlərinin tikinti və bərpasına başlanılıb.

Yaxın vaxtlarda Ağdam şəhəri əvvəlki görkəmini alacaq. Gülüstana çevriləcək. Əvvəlki şöhrəti bərpa ediləcək.

Bu sevinci bizə yaşadan Ali Baş Komandanımıza, Ordumuza və qəhrəman əsgər və zabitlərimizə minnətdarıq.


Tural Gülmalıyev
Vətən Müharibəsi əlili

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top