İlham İsmayılov: “ABŞ Azərbaycana qarşı heç vaxt dürüst davranmayıb”

GÜNDƏM 17 noy 2023, 21:40
İki gün əvvəl ABŞ Konqresinin yuxarı palatası Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan qanun layihəsini təsdiqlədi. Bu qanuna əsasən ABŞ Prezidentinə Azərbaycan ilə bağlı 907-ci düzəlişi dayandırmağa icazə verilmir. Azadlığa Dəstək Aktına edilən 907-ci düzəliş ABŞ hökumətinin Azərbaycana yardım göstərməsini qadağan edir. Bu qərar Nümayəndələr Palatası tərəfindən təsdiq edilib, prezident tərəfindən imzalanarsa, qüvvəyə minə bilər. 907-ci düzəliş 2002-ci ildən bəri ABŞ prezidentləri tərəfindən hər il dayandırılıb. Bəs, ABŞ Konqresinin belə bir addım atmasına səbəb nədir?

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Demokrat.az-a açıqlamasında bildirib ki, ABŞ Cənubi Qafqaz ölkələrinə münasibətdə həmişə ölkəmizə qarşı qeyri-səmimi davranıb, qaçqın və məcburi köçkünlərə yardımı nəzərdə tutan proqramalarında heç vaxt adekvat rol oynamayıb, müstəqilliyimizi tanıyandan bu günədək ötən 30 il ərzində ikilistandart yanaşmaları ilə yadda qalıb: 

“Əvvala, ABŞ ATƏT-in Minsk qrupunun üç üzvündən biri kimi, uzun illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həllində heç bir yaddaqalan təşəbbüslə çıxış etməyib, konfliktin həll olunmasında öz real gücündən və nüfuzundan istifadə etməyib, əksinə yerli seçkilərdə bu ölkənin siyasətçiləri apardıqları nüfuz yarışlarında erməni lobbisinin təsiri altına girərək, Ermənistanın işğalçılıq siyasətinə don geyindirməyə çalışıblar, ölkəmizi alçaldıcı sülhə və təslimiyyətə məcbur etməyə çalışıblar. Azərbaycana siyasi, hüquqi dəstək verməyə qonşu dövlətlərdən daha az münasibət göstəriblər, ABŞ institutları beynəlxalq hesabatlarda ölkəmizə qarşı qərəzli baxış sərgiləyib, beynəlxalq media vasitələrində ölkəmizə qarşı informasiya kirliliyi yaradıblar”.  

İlham İsmayılov bildirib ki, ABŞ keçmiş postsovet ölkələrində nəzərdə tutduğu iqtisadi yardımlarda da Azərbaycana qarşı heç vaxt dürüst davranmayıb: 

“Baxmayaraq ki, ABŞ-ın ölkəmizdə bir çox nüfuzlu şirkətləri fəaliyyət göstərir. Lakin ABŞ bu ölkələrə nəzərdə tutulan iqtisadi yardımlarından ölkəmiz heç vaxt düzgün şəkildə yararlana bilməyib. ABŞ bu yardımları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) vasitəsilə həyata keçirir. Biz Agentliyin  Azərbaycandakı missiyasına nəzər salsaq görərik ki, onların məqsədi qarşılıqlı təhlükəsizliyə və firavanlığa sərmayə qoyaraq Azərbaycanla uzunmüddətli dostluq və davamlı tərəfdaşlıq qurmağa çalışırlar. Bunun üçün onlar Azərbaycan hökuməti, biznes strukturları və vətəndaş cəmiyyəti ilə birgə işləyi də qarşılarına məqsəd qoyublar. ABŞ siyasətini postsovet ölkələrində yaymağa çalışan bu qurumun bir vəzifəsi də özəl sektorun inkişafı, insan alveri ilə mübarizə, işsizliyin azaldılması, gender bərabərliyinin yaxşılaşdırılması, QHT-lərin səylərinə dəstək, ictimai həyatda vətəndaşların iştirakının artırılmasına yönəlib. Lakin bunlar yalnız təşkilatın strategiyasını nəzərdə tutan sadəcə nəzəri fikirlərdir. Biz bunun əksinə olaraq, müşahidə etmişik ki, USAİD bu iqtisadi inkişafı nəzərdə tutan məsələləri deyil, ABŞ-ın regionda apardığı siyasəti yaymaqla məşğul olur və əməkdaşlıq qurduğu təşkilatları da öz təsiri altında saxlamağa çalışır. Odur ki, bu Agentliyin fəaliyyəti özünün nizamnaməsinə də uyğun deyil və ölkə qanunlarına hörmət prinsiplərindən də uzaqdır”.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top