Yapon-Çin sərhədlərində döyüşdü, Belarus səfiri onun üçün Yevlaxa getdi — 102 yaşlı veteran

GÜNDƏM 09 may 2023, 14:59
102 yaşlı Abdulla Abdullayev İkinci Dünya müharibəsinin az sayda hələ də yaşamaqda olan cəsur iştirakçılarından biridir.

Yeniavaz.com xəbər verir ki, o, Yevlax rayonunun Xaldan kəndində yaşayır.

Ağsaqqal veteran 102 yaşına baxmayaraq hafizəsini tam da itirməyib. Xatirələri zəngin və biri-birindən maraqlıdır.

Onun söylədiyinə görə, 1941-ci ildə müharibəyə yola düşüb və mülki həyatda traktorçu olduğu üçün hərbi xidmət zamanı onun tank diviziyasında xidmət göstərməsi məsləhət olunub. Beləcə, 226-cı tank diviziyasının tərkibində Stalinqrad, Ukrayna, Belarus cəbhələri və Yapon-Çin sərhədlərinə kimi şərəfli döyüş yolu keçib. Dəfələrlə komandanlığın təltif və medallarına layiq görülüb.

Xatirələrini bizimlə bölüşən veteran deyir ki, bir dəfə Belarus səfiri məhz onun üçün rayona gəlib, Yevlax şəhərində onu yubiley medalı ilə təltif edib.
Müharibədən sonra polis sıralarında da çalışıb. O, öncə Xaldan rayon Polis Şöbəsində, daha sonra isə paytaxtın atlı korpusunda və Dövlət Yol Polisi bölməsində xidmət edib. Hətta həyat yoldaşı Şərifə xanımla məhz peşəkar borcunu yerinə yetirdiyi zaman tanış olub və sonradan ailə qurub.

Hazırda onların 3 oğul, 3 qız, 26 nəvə, 14 nəticə və 1 kötücəsi var. Bir oğul övladını hələ Bakıda çalışdığı zaman bədbəxt hadisə nəticəsində itirdikdən sonra bu acıya dözə bilməyərək doğma Xaldan kəndinə dönməyə qərar verib. A. Abdullayev qayıtdıqdan sonra kənd təsərrüfatı sahəsində traktorçu, mexanik, briqadir olaraq çalışmağa davam edib.

Uzun ömürlülüyün sirlərindən danışarkən ona doğmaları, xüsusilə də gəlininin göstərdiyi qayğı və baxım sayəsində gümrah qalaraq uzun ömür yaşadığını deyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top