Tural Sadıqlı özünü İran kəşfiyyatına bahalı satmaq üçün hər şey edir…

TƏHLİL 15 apr 2023, 18:59
Avropada yaşayan, “blogerəm” deyib sağa-sola ittihamlar, söyüşlər yağdıran Tural Sadıqlı özünü sözün məcazi mənasında desək “satışa” çıxarıb. Vaxtilə “erməni lobbisi mənə 100 min təklif etdi” deyən və bununla ermənilərə “satılmağa hazıram” mesajı göndərən Tural Sadıqlının indi üz tutduğu bazar İrandır.

Azərbaycan-İran gərginliyi Tural Sadıqlı və onun kimilər üçün həm Azərbaycanı gözdən salmaq, həm də özlərini satmaq üçün yeni müştərinin tapılması baxımından göydən düşmə fürsət oldu. 

Tehrandakı səfirliyimizə qarşı terror aktı törədiləndə Tural Sadıqlı İran rejiminin “sözçüsü” rolunu üzərinə götürərək, hadisənin “məişət zəminində” olduğunu təbliğ etməyə başladı, hətta İranın təbliğat maşınını da geridə qoyaraq, Azərbaycana qarşı ağılagəlməz şayələr səsləndirdi.

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədiləndə isə Tural Sadıqlı “qiymətini qaldırmaq üçün” yenə telefonun kamerası qarşısına keçərək, ağıllı-ağıllı iddialar irəli sürməyə başladı.

Əvvəlcə iddia etdi ki, bu hücum guya Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən planlaşdırılıb. Məqsədi də İrana nifrətin yaradılması və ölkədəki bütün şiə dindarları həbs etməkdir. Tural Sadıqlı kimi beyni başqa yerində olanlara İranın təbliğ etdiyi dinin şiəlik olmadığından, Azərbaycanda Əhli-Beyt məktəbinin dövlət tərəfindən qorunduğu, məscid və ibadətgahların birbaşa dövlət büdcəsi hesabına bərpa edildiyi, yenilərinin inşa edildiyini demək, izah etmək mümkün deyil. Bunu etsək də anlamayacaqlar. 

Fazil Mustafaya qarşı hücumun izlərinin İrana gedib çıxdığının isə yetərincə ipucu var. Hücumdan öncə deputatın təhdid edilməsi, İrandan Azərbaycana qarşı edilən çağırışlar və bu kimi çoxsaylı detallar hər şeyi açıq-aydın göstərir.

Tural Sadıqlı isə özünü indi də İrana baha satmaq üçün gülünc iddialar irəli sürür və hər dəfə də pis vəziyyətdə qalır. Misal üçün, o, hücumdan sonra “əslində heç bir atəşin açılmadığını, avtomobilin güllələnmədiyini, Fazil Mustafanın da yaralanmadığını” iddia etdi. Bildirdi ki, “niyə güllələnmiş avtomobili göstərmirlər, Fazil Mustafa ortada yoxdur, kamera görüntüləri haradadır” və s.

Güllələnən avtomobilin görüntüləri yayıldı, Fazil Mustafanın xəstəxanadakı görüntüləri yayıldı, hətta müsahibə verərək, hücumun detallarını da açıqladı. Daha sonra hücumun kamera görüntüləri də yayıldı. 

Hücumda bütün ehtimallar izlərin hara getdiyini göstərdiyi kimi, bütün faktlar da hər şeyi təsdiq etdi. İndi Tural Sadıqlı və onun kimilər üzr istəməli, susmalıdırlar. Amma onların məqsədi nə baş verən hücum, nə də nəyinsə dəqiqləşdirilməsi yox, Azərbaycanı gözdən salmaq olduğu üçün bunu etməyəcəklər, əksinə, gülünc və gülməli iddialarını davam etdirəcəklər. Çünki Azərbaycanı qaralamaq üçün əllərindən gələni edirlər, o cümlədən, özlərini indi də İrana baha satmaq üçün hər şeyə hazırdırlar. 

Tural Sadıqlı və onun kimilər indiyə qədər xarici xüsusi xidmət orqanlarının əlində alət olub. Artıq sirr deyil ki, erməni diasporu və xüsusi xidmət orqanları ilə bu və ya digər formada əməkdaşlıqları var. Ermənilərin Avropa strukturlarında Azərbaycana qarşı planlaşdırdığı addımlara dəstək vermələri də bunu ispat edir. 

Şübhə yoxdur ki, Tural Sadıqlı və onun kimi Avropada oturub Azərbaycanı söyənlər indi İran xüsusi xidmət orqanları qarşısında poz verir, özlərini daha baha satmağa, Azərbaycana qarşı işləməyə hazır olduqlarını nümayiş etdirirlər.

Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top