İranın terror hücumunu “təmizə çıxaranlar” — Onlar kimlərdir, məqsədləri nədir?

GÜNDƏM 31 mar 2023, 17:44
Milli Məclisin deputatı Fazil Mustafaya qarşı edilən silahlı hücumun siyasi məqsəd daşıdığı şübhəsizdir. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hücumun terror aktı olduğunu açıqladı, Xarici İşlər Nazirliyi (XİN) aparılan istintaqın ilkin nəticələrinin hücumun İran tərəfindən törədildiyini elan etdi. Hücumun motivləri də izi İrana aparır. Çünki Fazil Mustafa İranın din adı altında həyata keçirdiyi məkrli siyasəti sərt tənqid edir və buna görə dəfələrlə təhdidlə üzləşib. Tehrandakı səfirliyimizə qarşı terror aktı törədən İranın molla rejimi deputat Fazil Mustafaya sui-qəsd cəhdi ilə terroru Azərbaycanın sərhədləri daxilinə keçirmək niyyətindədir. İran rejiminin terror mahiyyəti də belə addım ata biləcəklərini deməyə əsas verir.

Bütün bunlarla yanaşı, hücumun DTX-nın peşə bayramı günündə və Azərbaycanın İsraildə səfirliyini açması ərəfəsində edilməsi bütün diqqəti İranın üzərinə yönəldir.

Nəhayət, Azərbaycan XİN-in rəsmi açıqlaması onu deməyə əsas verir ki, ilkin istintaqda terrorun təşkilatçısının İran olduğuna dair dəlillər tapılıb.

Bunu təkzib etmək, yaxud ortada bu qədər izin olmasına baxmayaraq, terror hücumunda fərqli versiyalar axtarmaq İran rejiminin müdafiəsindən başqa bir şey deyil. Anti-milli olduqlarına şübhə olmayan bu qrupun müxtəlif veriyaları var, amma əsas məqsədlərinin diqqəti İran üzərindən yayındırmaq olduğu aydın görünür. Halbuki, İranın terroru dövlət siyasətinə çevirdiyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş faktdır. 



ABŞ Dövlət Departamentinin hesabatında qeyd olunur ki, 1979-cu il inqilabından sonra İran rejimi 40 ölkədə sui-qəsd və terror aktı törədib. Bu ölkələrdən biri də Azərbaycandır.

Azərbaycan ziyalıları – akademik Ziya Bünyadov, yazıçı Rafiq Tağı İran terrorunun qurbanı olub. 2012-ci ildə Bakıda “Avroviziya” mahnı müsabiqəsi keçirilən vaxt da İran Azərbaycanda terror aktı törətməyə cəhdlər etmişdi. Bütün bunlarla yanaşı, Tehrandakı səfirliyimizə qarşı bütün dünyanın gözü qarşısında açıq şəkildə terakt törədildi və İran rejimi terrorçunu məsuliyyətdən yayındırmaq üçün xəstəxanaya yerləşdirib. Bütün bu faktlar onu deməyə əsas verir ki, İran rejiminin mahiyyəti terrordan ibarətdir.

Bəs hər şeyin ortada olduğu və bütün izlərin İrana çıxmasına baxmayaraq, Fazil Mustafaya qarşı törədilən terror hücumunda diqqəti molla rejimindən yayındırmağa nə ad vermək olar? 

Ölkəmizdə rahat dolaşan bu şəxslər ya İranın casuslarıdır, ya da hansısa formada molla rejiminə bağlıdırlar. Xüsusilə sosial şəbəkələr üzərindən fikir yayındırmağa çalışan qrupun başında keçmiş deputat Etibar Hüseynov, Xədicə İsmayıl və Arif Hacılı dayanır.

Misal üçün, Xədicə İsmayıl “müxtəlif versiyalar”ı ortaya atmaqla İran faktorunu arxa plana keçirməyə çalışır. 

Etibar Hüseynov isə deyir ki, terror hücumunda İranın adını çəkmək, molla rejimini günahlandırmaq ağılsızlıqdır və s.

Onların bu iddialarından İrana bağlı qruplar və media resursları da “arqument” kimi istifadə edir, hətta bir qədər də irəli gedərək, terror hücumuna görə Azərbaycanın özünü günahlandırırlar. Bu şəxslərin sərgilədiyi mövqenin və iddialarının bir adı var: anti-milli fəaliyyət.

Etibar Hüseynov, Xədicə İsmayıl və Arif Hacılının anti-milli fəaliyyəti isə ən çox İranın molla rejiminə sərf edir.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top