“Ərimə evdə yemək olmadığını, pulunu içkiyə xərcləməməsini bildirdim” — Şiddət görən qadın danışdı

KRİMİNAL 06 fev 2023, 16:38
Bakının Qaradağ rayonunda 1997-ci il təvəllüdlü Muxtar ailə münaqişəsi zəminində həyat yoldaşı Aygünə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 8-də, saat 09 radələrində rayonun Müşfiqabad qəsəbəsində baş verib. 

Muxtar yaşadıqları evdə şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı Aygünə sağ qulaq nahiyəsinə bir neçə dəfə şillə və yumruq zərbələri, sağ bud nahiyəsinə isə təpik zərbələri ilə vurub. 

İstintaq orqanı tərəfindən Muxtarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Muxtar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hazırda “166 Yük Daşıma” şirkətində fəhlə kimi işləyir: “Aygün ilə 2015-ci ildə evlənmişəm və birgə nikahımdan 2 oğlan övladımız var. Onlardan birinin 6, digərinin 5 yaşı var. Evli olduğumuz müddətdə ara-sıra həyat yoldaşım ilə aramızda ailədaxili məsələlərlə bağlı münaqişələr baş verib”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən bir gün əvvəl işdə sifariş çox olduğundan gecəni işləməli olub: “Ertəsi günü axşam saat 19 radələrində Müşfiqabadda yaşayan atamgilə getdim. Atamgil bizə yaxın qaldığı üçün Aygün də uşaqları götürərək ora gəldi. Aygün orada 2 gündür evə gəlmədiyimi əsas gətirərək mənimlə mübahisə etməyə başladı. Həmin vaxt əsəbləşdim, özümə məxsus telefonu yerə çırparaq sındırdım. Saat təxminən 22 radələrində Aygün və uşaqlarla birlikdə evə qayıtdıq. Evdə Aygün mənimlə mübahisə etməyə başladı. Aramızda münaqişə yarandı. Münaqişə zamanı Aygünü  döydüm. Həmin zaman evdə ikimizdən və uşaqlardan başqa heç kim olmayıb. Bundan sonra yatdım”. 

Təqsirləndirilən şəxs bildirib ki, səhəri günü, saat təxminən 09 radələrində yuxudan oyanıb və işə getməyə hazırlaşıb: “Aygün həmin vaxt mənə dedi ki, işə getməyim. Mən işə getməli olduğumu deyəndə yenidən aramızda münaqişə yarandı. Münaqişə zamanı əllərim ilə Aygünün baş nahiyəsindən bir neçə dəfə vurdum. Aygünü döyəndən sonra geyinərək işə getdim”. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Aygünün sözlərinə görə, evlənən vaxtdan Muxtarla münasibətləri yaxşı olmayıb: “Valideynləri Muxtarı mənə  qarşı öyrətdiyinə görə mütəmadi olaraq ailəmizdə söz-söhbət yaranıb, dava-dalaş olub. Həmin münaqişələrə səbəb Muxtarın mənə və uşaqlara baxmaması, gecələr evə gəlməməsi olub. Dəfələrlə bu söz-söhbətlərə görə məni döyüb”. 

Zərərçəkmiş qeyd edib ki, 2022-ci ilin avqustun 7-də, axşam saatlarında Muxtar yaşaqları evdə yenidən mübahisə edib və onu döyüb: “Səhərisi günü avqustun 8-də, səhər saat 09 radələrində yenidən aramızda münaqişə yarandı. Muxtara maaşını evə gətirməyini, evdə yemək olmadığını, pulunu içkiyə xərcləməməsini bildirmişəm. Bu zaman Muxtar yumruq və şillə zərbələri ilə mənim başıma, sağ qulağıma, təpik zərbələri ilə ayağıma dəfələrlə vurub”. 
Bu cinayət işinə Qaradağ rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmaması nəzərə alıb. 

Muxtarın barəsində olan cinayət işi üzrə icraata xıtam verilib və o, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top