Azərbaycan gəncliyi qürurumuzdur

GÜNDƏM 02 fev 2023, 13:33

Azərbaycan gəncliyi hər birimizin qürur mənbəyidir. Hər bir ölkədə gənclər mühüm rola malik potensial qüvvədir. Gənclər ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni və hərbi həyatında göstərdikləri fəaliyyətləri ilə onlara olan ümidləri doğruldurlar. Bu gün Azərbaycan gəncliyi də cəmiyyətdə tutduğu fəal mövqeyi və mərdliyi, vətənpərvərliyi ilə seçilir. Artıq iki aya yaxındır ki, tamamilə gənclərdən ibarət olan ekofəallar, QHT nümayəndələri və könüllü gənclər Laçın-Xankəndi yolunda şaxtaya, soyuğa, qara baxmayaraq, dinc etiraz aksiyasını davam etdirirlər. Onlar Vətənimizin təbii sərvətlərinin ermənilər tərəfindən istismar olunmasına etirazlarını bildirir, gecə-gündüz həmin ərazidə növbə çəkirlər. Bu hadisə mənə 2022-ci il sentyabrın 27-də Ermənistan ordusunun sərhədboyu ərazilərimizdə törətdikləri təxribatı xatırlatdı. Həmin vaxt gənclərimiz axın-axın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinə gedir, könüllü olaraq, cəbhəyə getmələrini xahiş edirdilər. Onların əksəriyyətinin xahişi nəzərə alındı və yenilməz ordumuzun tərkibində Vətənin hər qarış torpağı uğrunda canlarından keçməyə hazır olduqlarını nümayiş etdirdilər. Gənclərimiz 44 gün davam edən müharibə dövründə düşməni darmadağın edib 30 illik erməni işğalına son qoydular. Onlar yüksək vətənpərvərlik nümayiş etdirib gələcək nəsillərə örnək oldular.

Demokrat.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.

“Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində gənclərimizin vətənpərvərliyini yüksək qiymətləndirərək deyib ki, onlar bizim fəxrimizdir. Gənclər gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstəriblər. Azərbaycanın gələcəyi olan gənclər bu gün də Vətənimizin müdafiəsində ayıq-sayıq dayanıblar. Ulu Öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərir və deyirdi: “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”, - deyə Çingiz Qənizadə bildirib.

O qeyd edib ki, müstəqil Azərbaycanın gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin illər sosial-iqtisadi çağırışlar, müharibə şəraiti, müxtəlif istiqamətlərdən daxil olan ideoloji dəyərlər gəncləri təsir altına salma cəhdləri ilə müşayiət olunub. Ümummilli Lider aydın strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər edib, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaradıb və gənclər siyasətinin institutlaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlərin keçirilməsinə, qərarların qəbul edilməsinə nail olub. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə Ulu Öndərin müvafiq Fərmanı əsasında Gənclər və İdman Nazirliyi yaradılıb. Heydər Əliyevin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaradıb, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən edib.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycan gəncliyinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayan Çingiz Qənizadə deyib: “1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli Lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirib. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev gənclərin hərtərəfli inkişafına xüsusi önəm verib. Dövlətimizin başçısının gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Təsadüfi deyil ki, bu gün gənclərimizin xoş sədaları dünyanın ən yüksək tribunalarında eşidilir”.

Komitə sədrinin sözlərinə görə, gəncliyin inkişafında Heydər Əliyev Fondunun da xüsusi rolu var. Azərbaycan gənclərinin hərtərəfli inkişafında, Vətənə layiqli övlad olmasında Fond misilsiz töhfə verib. Azərbaycanlı gənclərinin fərdi və peşəkar inkişafı naminə Heydər Əliyev Fondu elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirir, gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edib. Həmçinin uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə töhfə verir, xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil edir, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək göstərir. Məhz bunun nəticəsidir ki, bugünkü Azərbaycan gəncliyi gələcək nəsillər üçün əsil nümunədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top