Müsavat başqanı Ərdoğanın rəqibləri ilə görüşüb —“6-lı masa”nın liderləri Azərbaycanla bağlı nə deyib?

GÜNDƏM 31 yan 2023, 18:11
“Millət İttifaqı” (“6-lı masa”) platformasında birləşən Türkiyə müxalifəti hakimiyyətə gələcəyi təqdirdə rəsmi Ankaranın daxili və xarici siyasəti ilə bağlı sənəd imzalayıb.

Azpost.info xəbər verir ki, “Ümumi siyasət üzrə Anlaşma Mətni” adlanan sənəddə Azərbaycanla münasibətlərdən də bəhs edilir. Bildirilir ki, Azərbaycanla qardaşlıq əlaqələri qarşılıqlı etimada əsaslanaraq daha da gücləndiriləcək. Eyni zamanda məlum olur ki, Türkiyə ilə Ermənistan arasındakı problemlərin həllinə yönəlmiş addımların qətiyyətlə davam etdiriləcək və Ankara Bakı ilə İrəvan arasındakı atəşkəsin davamlı sülhə çevrilməsinə töhfə verəcək.

Bəs Azərbaycan müxalifəti düşünür? Yeni hakimiyyətlə münasibətlər necə olacaq?

Müsavat Partiyası başqanının müavini Fərəc Kərimli Azpost.info-ya bildirib ki, “6-lı masa”nın sözügedən sənədi qəbul etməsindən əvvəl də Türkiyədə hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə Azərbaycana münasibət dəyişməz qalacaq: “Əksinə, Azərbaycana Türkiyənin dəstəyinin daha da artacağı barədə Müsavat rəhbərliyinin məlumatı var idi. Bu yaxınlarda Müsavat başqanı Arif Hacılı başqan müavini Səxavət Soltanlı ilə Avropaya və Türkiyəyə səfəri zamanı “6-lı masa”da təmsil olunan partiya liderləri ilə də görüşmüşdü. Bu səfər zamanı onların hər biri ayrı-ayrılıqda indi yaydıqları sənədə uyğun mövqelərini Müsavat başqanına bildirmişdilər”.

Müsavat yetkilisi əlavə edib ki, Türkiyə ilə Azərbaycanın müttəfiqliyi təbii müttəfiqlikdir. Fərəc Kərimli Türkiyədə hakimiyyət dəyişikliyinin bu müttəfiqliyə kölgə salacağını düşünmür: “6-lı masa”da təmsil olunan liderlərin bir çoxu əvvəllər də Türkiyə hakimiyyətində təmsil olunublar və o zaman da Azərbaycana qarşı isti münasibətləri ilə seçiliblər. Çox istərdim heç kim Azərbaycan-Türkiyə münasibətlərini həm Azərbaycanda, həm də Türkiyədə konkret şəxslərə bağlamasın. Biz qardaş ölkələrik və dünya durduqca da bu qardaş münasibətləri davam edəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top