“Sosial şəbəkədə həqiqətə söykənməyən məlumatları daha geniş yayırlar” — Ekspert

SOSİAL 24 yan 2023, 17:30
“Bütün dövrlərdə işinə məsuliyyətlə yanaşan peşəkar müəllimlər də olub, eyni zamanda işinə məsuliyyətlə yanaşmayan, peşəkarlığı nisbətən aşağı olan müəllimlər də. Bu gün cəmiyyətimizdə məktəbin, müəllimin bu dərəcədə müzakirə olunmasının obyektiv və subyektiv tərəfləri var. Bunun obyektiv tərəfi odur ki, artıq dövr dəyişib və sosial şəbəkələr insanların həyatında mühüm yer tutur. Hətta sosioloqlar hesablayıblar ki, hər bir kəs sosial şəbəkədə ortalama 3-5 saat vaxt sərf edir. İnsanlar sanki artıq hisslərinin, fikirlərinin nə dərəcədə olub-olmadığını yoxlamadan sosial şəbəkədə müəyyən paylaşımlar edirlər. Ümumiyyətlə, daha çox neqativləri, daha çox həqiqətə söykənməyən, maarifləndirici olmayan məlumatları daha geniş yayırlar. Çünki bu statusları paylaşanların izləyiciləri daha çox olur. Nəticə etibarilə bilərəkdən və ya bilməyərəkdən müəllim və məktəb haqqında çox mənfi fikirlər formalaşmaqdadır”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.  Ekspert diqqətə çatdırıb ki, insanlar bir məktəb üzərindən bütün təhsil sisteminə qeyri-adekvat yanaşma tərzini sanki bir adətə çeviriblər:

“Çox təəssüf ki, hansısa bir müəllimə, məktəbə qarşı, yaxud da ki, təhsil işçisinə qarşı paylaşılmış və mənbəyi məlum olmayan, həqiqəti əks etdirməyən məlumata görə heç kim cəzalandırılmır. Bu tip cəzalarda qanunvericilik də gücsüzdür. Bu da müəllimin və təhsil sisteminin nüfuzuna mənfi təsir göstərə biləcək fikirlərin geniş yayılmasına güclü təkan verir.

 Eyni zamanda, məsələnin ikinci tərəfi budur ki, müəllim hazırlığı, kadr hazırlığı məsələsində müəllimlərin işə qəbulunun, qaydalarının sistem olaraq proses özü şəffaf olsa da, çox ciddi problemlər var. Problemlər də illərdir ki, davam edir. Onları aradan qaldırmaq üçün müəyyən tədbirlər görülsə də, görünür ki, yetərsizdir. Subyektiv tərəfləri ondan ibarətdir ki, bizim müəllimlərimiz də digər insanlar kimi sosial şəbəkə üzərindən məktəbdə baş verən, rəhbərliklə baş verən, özüylə bağlı olan məlumatları, işlədiyi müəssisə ilə bağlı məlumatları öz şəxsi prizmasından, bir çox hallarda hislərə qapılaraq paylaşılır. Bu da müxtəlif insanların birləşdiyi qruplarda paylaşılır və son nəticədə mətbuata düşür. Hətta, doğru olsa belə, həmin məktəb və ya müəllimlər haqqında mənfi fikir yürüdülmüş olur. Təkcə, ümumtəhsil sistemində 1 milyon 600 min insan çalışır. Burada valideynləri və şagirdləri də nəzərə almış olsaq, təxminən  6 milyon insanın bu və ya digər cəhətdən təhsillə bağlılığı var. Ölkədə az insan var ki, bu və ya başqa cəhətdən ümumtəhsillə əlaqəli olmasın. Səhv edən bir müəllim üzərindən bütün müəllimlərə "qeyri-peşəkardır" demək düzgün deyil. Bütün təhsil sisteminə qarşı fikir yürütmək ki, bütün müəllimlər qeyri-peşəkardır, işinə məsuliyyətlə yanaşmır, bütün məktəblərdə vəziyyət bərbaddır demək doğru deyil”. Aynurə

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top