“Ukrayna savaşında Rusiyanın xeyrinə heç nə dəyişməyəcək” — ŞƏRH

DÜNYA 19 yan 2023, 23:30
“Rusiyanın Ukrayna savaşında çıxılmaz vəziyyətə düşdüyünü bəzi rus analitiklər də etiraf edirlər. Rusiyanın siyasi rəhbərlik edən şəxslərin açıqlamalarında da artıq əvvəlki optimizm nəzərə çarpmır. Hətta Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin bütün dünyanı nüvə müharibəsi ilə hədələməsi də məhz məğlubiyyətin qaçılmaz olduğunun etirafıdır. Çünki D.Medvedev nüvə dövlətinin adi müharibədə məğlubiyyətinin nüvə savaşına səbəb ola biləcəyini vurğulayıb. Yəni, demək istəyir ki, Rusiya məğlub olsa, son çıxış yolu kimi “nüvə düyməsi”nə basacaq”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Analitik qeyd edib ki, bütün bunlar onu göstərir ki, Kremlin Rusiyanı yaxınlaşan böyük fəlakətdən xilas etmək üçün hazır planı və ya hərbi resursları yoxdur:

“İndi Rusiya ordusunun sayını daha 500 min nəfər artırmaq üçün ümumi səfərbərlik elan etmək barədə müzakirələr başlayıb. Ümumiyyətlə, Kreml Rusiya ordusunun sayını 2 milyon nəfərə çatdırmağa çalışır. Yəni, Ukrayna savaşında hərbçi sayı ilə qalib gələ biləcəyinə ümid bəsləyir. Halbuki, Kremlin orduya yeni çağırılmış hərbçiləri silah-sursat və hərbi texnika ilə təchiz etmək imkanları da artıq tükənmək üzrədir. Bütün bunlar onu göstərir ki, Ukraynadakı orduya kimin komandan təyin olunması artıq savaş meydanında heç nəyi dəyişməyəcək. Müasir silahlarla təchiz olunan Ukrayna ordusu Rusiya ordusunun say üstünlüyünü əhəmiyyətdən sala bilər. Müasir savaş modelləri hərbi peşəkarlıq və insanın birbaşa iştirakını məhdudlaşdıran hərbi texnologiyaların üzərində qurulub. Rusiya ordusu isə bütün bunlardan məhrumdur və dağıdıcı məğlubiyyətə məhkumdur”.

“Ona görə də, hesab etmək olar ki, bundan sonra Kreml hansı addımları atsa da, Ukrayna savaşında Rusiyanın xeyrinə heç nə dəyişməyəcək. Əksinə, Ukraynaya hərbi dəstək verən Qərb dövlətləri hazırda rəsmi Kiyevə daha effektiv hücum silahları vermək barədə düşünürlər. Belə silahlar indiyə qədər əsasən müdafiə taktikası uyğunlaşan Ukrayna ordusunun Rusiyanın dərinliklərində olan hərbi obyektlərə zərbə endirmək imkanı verə bilər. Bu halda isə Ukrayna savaşının yekun nəticələri heç kimdə elə bir ciddi şübhə doğurmayacaq. Böyük ehtimalla Rusiyanın hərbi məğlubiyyəti qətiləşdikcə qarşıdurma daha çox Kremlin qala divarları içərisinə keçməyə başlayacaq. Yəni, Rusiyada daxili siyasi hakimiyyət uğrunda mübarizənin ön plana keçə biləcəyi qətiyyən istisna deyil. Bu halda, prezident Vladimir Putinin hakimiyyətdən devrilməsi də baş verə bilər. Ümumiyyətlə, bütün bu proseslər Rusiyada vətəndaş müharibəsinə qədər inkişaf edə bilər”, - deyə E.Xalidbəyli qeyd edib.

Aynurə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top