İran rejimi ermənilərlə qardaşlığını rəsmiləşdirdi — Mollaların gerçək üzü

TƏHLİL 19 yan 2023, 17:45
Tehran və İrəvan qardaşlaşmış şəhər oldular. Molla rejimi ilə ermənilər növbəti əməkdaşlıq sazişi imzaladı, beləliklə, artıq Ermənistana qardaş olduğunu gizlətməyən İran bu qardaşlığını rəsmiləşdirdi də. Təəccüblü deyil, çünki molla rejiminin Azərbaycan torpaqları işğal altında olduğu 30 il müddətində Ermənistana bütün vasitələrlə dəstək verirdi, hətta Qarabağdakı terrorçu-separatçılarla əməkdaşlıq edirdi. 44 günlük müharibədən sonra molla rejimi bu xain siyasətini artıq gizlətmir, Ermənistanı Azərbaycan qarşısında açıq müdafiə edir.

Bununla bir daha etiraf edir ki, İran rejimi üçün nə İslam əsasdır, nə də şiəlik. Əsas olan molla rejiminin maraqlarıdır və bu maraqlar naminə İslam abidələrini dağıdan, təhqir edən, şiə məzhəbinə məxsus Azərbaycan xalqına qarşı soyqırımı törədən Ermənistan onun üçün daha əzizdir, bacı-qardaşdır.

44 günlük müharibə dövründə İran rejimi Ermənistana əlindən gələn köməyi etdi. Məlumatlara görə, müharibənin ilk günlərindən etibarən İran Azərbaycan sərhədləri yaxınlığında xüsusi radar sistemləri və dinləmə stansiyaları quraşdıraraq, ordumuzun hərəkət traektoriyası və danışıqları haqda məlumatları Ermənistanın baş qərargahına göndərib. 

Eyni zamanda, Ermənistana daşınan silah-sursat üçün də tranzit rolunu oynayıblar.

Müharibədən sonra faktlar bir-bir ictimaiyyətə açıqlanmağa başladı. Onlardan biri də molla rejiminin hərbçilərinin Azərbaycan ərazisinə müdaxilə edərək, Azərbaycan ordusunun qarşısını almaq cəhdi ilə bağlıdır. Buna nail ola bilməsələr də, ordumuzun hərəkət sürətini ləngidə biliblər. Beləliklə, Ermənistan ordusuna vaxt qazanmaq, yenidən toparlanmaq imkanı yaradıblar, nəticə etibarilə, daha çox əsgərimizin şəhid olmasına şərait yaradıblar.

Bunlar İranın müharibə vaxtı Azərbaycana qarşı xain əməllərinin bir hissəsidir. Müharibədən sonra İranın TIR-larla Xankəndinə qanunsuz yük daşıdığı, separatçılara yanacaq və digər ləvazimatlar çatdırdığı ispat olundu. Fakt qarşısında qalan İran bunu etiraf etməyə məcbur oldu. Daha sonra Ermənistan sərhədlərini “qırmızı xətt” elan edən İran rejimi Xamneyi başda olmaqla bütün səviyyələrdə Azərbaycana düşmən münasibəti sərgiləməyə başladılar. Həm siyasi, həm iqtisadi, həm də hərbi müstəvidə Ermənistana əlindən gələn dəstəyi verir. Misal üçün, İranın Ermənistana pulsuz verdiyi 600 ədəd müasir raket kompleksi belə yardımlardan biridir.

Molla rejiminin ermənilərə qardaş yardımlarının siyahısını yazmaqla bitməz. Tehranla İrəvanın qardaşlaşması isə molla rejiminin gerçək simasının rəsmi formada nümayiş etdirməsi hesab edilə bilər. Artıq onların gerçək üzünü Azərbaycanın inanclı kəsimi də görür, cənubdakı soydaşlarımız da. Bundan sonra molla rejiminin şiə dünyasına liderlik iddiası da legitimliyini itirmiş olacaq. İslamı təhqir edənləri qardaş elan edənlərdən nə dinimizə, nə məzhəbimizə, nə də millətimizə xeyir gəlməz.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top