“Qurani-Kərimi gətirin, əl basım ki, İsa Həbibbəyli yalan danışır” — Professor AMEA-nı "TOPA TUTDU"

GÜNDƏM 18 yan 2023, 21:02
“İsa Həbibbəylinin sayəsində akademiyada feodalizm özbaşınalığı hökm sürür”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov deyib. Professor daha sonra bunları əlavə edib: 

“Məhz sizin fəaliyyətiniz nəticəsində dövlətin alimlərə ayırdığı vəsait onlara çatmır, hərlədib-fırladıb dövlətin nüfuzunu aşağı salmaqla öz nüfuzunuzu qaldırmaq yolunu tutubsunuz və buna xeyli dərəcədə nail olubsunuz. Faktları və detalları dəyirmi masada açıqlayıb izah edəcəyəm. Həbibbəyli mentalının gənclərin beyninə yeridilməsi milləti və dövləti fəlakətə sürükləyir.  Bir neçə gündür ki, sosial şəbəkələrdə İsa Həbibbəylinin alim etdikləri adamlar maaş artımının az olmasından narazılıq edirlər”. 

“Mən dəhlizlərdə, şöbələrdə bu narazılıqların birbaşa ölkə başçısına yönəldiyinin şahidi oluram. Çox üzücü və ədalətsiz mənzərədir. Kim yaradıb bu ədalətsiz yanaşmanı? Ramiz Mehdiyevin vaxtında da, ondan sonra da İsa Həbibbəyli! Paradoksallıq! Təsəvvür edin, İsa Həbibbəyli və onun Baş direktorları başda olmaqla çuğulçuları elə iş aparıblar ki, işçi kontingenti İsa Həbibbəylidən razılıq edir, fəqət alimlərin rifahının yaxşılaşdırılması üçün sərəncamla akademiyaya milyonlar ayıran ölkə başçısından və dövlətdən narazılıq edir! Niyə? Çünki həmin pullar akademşəbəkə tərəfindən mədhiyyələrin müşayiəti ilə basılıb yeyilir, işçilərin narazılığı isə ustalıqla dövlətə və onun başçısına tərəf yönləndirilir. Bəli, açılmamış hələ çox müəmmalar var!  Budur, akademik fəaliyyətin mədhiyyə burulğanı! Qarşısı alınmasa, bu burulğan hələ çox evlər yıxacaq! Vallah, Quran-Kərimi gətirin, əl basım ki, İsa Həbibbəyli yalan danışır, heç vaxt səmimi olmayıb və bu yaşdan sonra olmayacaq da”, - deyə professor sonda qeyd edib.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top