Gürcüstan azərbaycanlılarına çağırış: “Saakaşvilinin hüquqlarını qoruyun”

GÜNDƏM 17 dek 2022, 18:41

Zəlimxan Məmmədli: “Saakaşvili həbsxanada ölərsə, bu, Gürcüstan cəmiyyəti üçün ləkə kimi tarixdə qalacaq”

Aslan İsmayılov: “Saakaşvilinin başına gələnlər təkcə Gürcüstan üçün deyil, insanlıq adına utanc gətirən hadisədir”

Xəbər verdiyimiz kimi, Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin aclıq aksiyasına başlayıb. Vəkili Şalva Xaçapuridze vasitəsilə yaydığı bəyanatda eks-prezident bildirib edib ki, məhkəmədə iştirak etmək üçün ən elementar hüquqdan məhrum edilib.

“Bu, bütün Gürcüstan və beynəlxalq hüquqların pozulmasıdır. Ona görə də etirazın ifrat formasına - aclıq aksiyasına əl atmağa məcburam. Təbii ki, mən hazırkı səhhətimi nəzərə alaraq bütün risklərdən xəbərdaram, amma məhkəmə ilə bağlı heç olmasa, videobağlantı ilə bağlı möhkəm təminat alana qədər ac qalacağam. Bütün lağ və alçaltmanın həddi var”, - deyə Saakaşvili vurğulayıb.

Avropalı parlamentarilər Mixail Saakaşvilini aclıq aksiyasına son qoymağa çağırıblar. Bu çağırışdan sonra Saakaşvili aclıq aksiyasını dayandırıb. Saakaşvilinin vəkili Vaxtanq Baramaşvili mətbuata bildirib ki, Avropa Parlamentinin deputatları onun minimum hüquqlarının müdafiəsini təmin etmək üçün bütün diplomatik səyləri səfərbər edəcəklərini vəd ediblər.

Bu arada, sosial şəbəkədə sabiq dövlət başçısının müalicə aldığı klinikadan foto və video görüntüləri yayılıb. Onlardan göründüyü kimi, keçmiş dövlət başçısı xeyli arıqlayıb və inanılmaz hala düşüb. Saakaşvili hazırda Tiflisdəki “Vivamed” özəl klinikasında müalicə olunur.

Gürcüstanın sabiq Prezidenti 2021-ci il oktyabrın 1-də ona qiyabi olaraq verilən iki hökm əsasında saxlanılıb. O, altı il həbs cəzası alıb. Daha üç iş isə məhkəmə icraatındadır.

Xatırladaq ki, Gürcüstan Respublikasının üçüncü Prezidenti Saakaşvili 2003-cü ilin oktyabrında Gürcüstanda baş vermiş “qızılgül inqilabı”nın əsas ideya müəllifi olub və 15 yanvar 2004-cü ildə səçkilərin nəticələr nəticəsində Prezident seçilib. Onun rəhbərliyi altında Gürcüstanda dərin islahatlar aparılıb və qonşu ölkə Avropaya inteqrasiya kursu götürüb.

2013-cü ildə Gürcüstan Prezidenti vəzifəsini başa çatdıran Saakaşvili bir müddət Avropa və ABŞ-da hüquq sahəsində çalışdıqdan sonra Ukraynaya yollanıb və Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilib. Ötən ilin oktyabrında qəfil Tiflisə qayıdan Saakaşvili Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barəsində həbs qərarı çıxarılıb.

Əslən Gürcüstandan olan, “Borçalı” Cəmiyyətinin yeni dönəm qurucusu Zəlimxan Məmmədli də AYNA-ya açıqlamasında Saakaşvilinin Gürcüstan üçün böyük işlər gördüyünü söyləyib: “Mixail Saakaşvili hakimiyyətə gəldikdən sonra bu ölkədə çox ciddi islahatlar apardı. Gürcüstanda korrupsiyanın kökünü kəsdi, rüşvəti və rüşvətxorluğu aradan qaldırdı, yeni sistem yaratdı. Demokratik idarəetmə modelini qurdu. Onun xidmətləri danılmazdır”.

“Düzdür, səhvləri də oldu. Amma müqayisə edəndə Saakaşvili çox ciddi xidmətləri olan bir siyasətçidir. Çox təəssüf ki, ona qarşı bu cür rəftara yol verilir. Bu, çox biabırçı hadisədir. Şübhəsiz ki, bu rəftarın arxasında Kreml və onun Gürcüstandakı əlaltıları dayanır. Bu gün Gürcüstanda demokratiya və anti-korrupsiya sistemi öz yerini məmur oliqarxiyasına verir. Bidzina İvanişvilinin hakim komandası Gürcüstanı geriyə, Rusiyaya doğru sürükləyir. Hansı ki, Saakaşvilinin sayəsində bu ölkə normal və sivil bir dövlətə çevrilmişdi”, - deyə müsahibimiz qeyd edib.

Məmmədli Gürcüstanda yaşayan soydaşlarımıza üz tutaraq, onları fəal şəkildə Saakaşvilinin hüquqlarını müdafiə etməyə çağırıb: “O, rəhbərliyi dövründə Gürcüstanda yaşayan soydaşlarımıza diqqət göstərib. Onun iqtidarı dövründə soydaşlarımız yüksək vəzifələrə təyin olunub. Azərbaycanlıların hüquqlarını qoruyub. Azərbaycan dövləti ilə də normal təmaslar yaradıb. Bu gün keçmiş Gürcüstan Prezidenti, bu ölkənin inkişafında xidmətləri olan siyasətçi təhqirə məruz qalır. Ona qarşı böyük haqsızlığa yol verilir. Buna göz yummaq olmaz. Gürcüstan iqtidarının qəddar davranışı ilə barışmaq - onun etdiklərinə haqq qazandırmaqdır. Mən buradan üzümü Gürcüstanda yaşayan soydaşlarımıza tutaraq, onları Saakaşvilinin hüquqlarının qorunmasında aktiv iştiraka dəvət edirəm”.

Əslən Gürcütandan olan vəkil Aslan İsmayılov üç aydan artıqdır mətbuata heç bir müsahibə verməsə və sosial media hesablarını işlətməsə də, Gürcüstanda baş verən məlum hadisələrlə bağlı AYNA-nın sualını cavabsız qoymayıb. O, Mixail Saakaşvilinin tək Gürcüstan cəmiyyəti üçün yox, həm də postsovet məkanı üçün çox işlər gördüyünü deyib.

“Bu günlərdə onun sosial mediada yayılmış fotoları tək Gürcüstan deyil, insanlıq adına utanc gətirən bir hadisədir. Bu, həm də çox pis bir örnəkdir. Dövləti üçün, xalqı üçün, yetim-yesir üçün can yandıranların cəzalanacağı messajını verir. Bu işlə məşğul olanlara aydın şəkildə eyham vurur ki, bu fəaliyyətə ehtiyac yoxdur, "el üçün ağlayanın gözü kor olar deyimi" düzgündür”, - deyə həmsöhbətimiz bildirib.

“Mən öz həyatımda da bunu müşahidə edirəm. O adamlar ki, cəmiyyətin və insanlığın inkişafı üçün çalışır, onlar çox təəssüf ki, belə bir acı aqibətlə üzləşirlər, gözümçıxdıya salınırlar. Bununla bağlı böyük qəzəlxanımız Əlağa Vahidin zəmanəmizlə bağlı gözəl misraları da var. Saakaşvilinin yayılan fotoları məni sarsıtdı. Çox təəssüf ki, həyatda bu cür hallarla tez-tez rastlaşırıq”, - deyə İsmayılov fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top