“Həmin ərazilərdə yenə də Azərbaycanın təbii sərvətləri talanmaqdadır” — Deputat

GÜNDƏM 13 dek 2022, 23:01
“Qarabağ Azərbaycanın əzəli tarixi torpaqlarıdır. Azərbaycanın ərazisində, yəni Qarabağ hissəsində yaşayan ermənilərin hüququ, təhlükəsizliyi məsələsi Azərbaycanın daxili işidir. Hər hansı bir xalqın nümayəndəsinin hüquqları və təhlükəsizliyi ilə bağlı Azərbaycanda heç bir problem mövcud deyil. Bunu dünya ictimaiyyəti çox gözəl bilir. Vaxtilə Ulu Öndər qeyd etmişdir ki, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bizim sərvətimizdir. Bu, Azərbaycan multikulturalizminin fundamental əsasını təşkil edir. Həqiqətən də, Azərbaycan ərazisində yaşayan bütün xalqların nümayəndələri olduqca təhlükəsiz bir şəraitdə, hüquqlarının təmin olunduğu bir şəraitdə mövcud olub inkişaf etməkdədirlər”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Deputat qeyd edib ki, Azərbaycan multikulturalizm modeli dünya üçün artıq bir örnəkdir:

“Ona görə də, ermənilərin statuslarıyla bağlı, yaxud da ki, hüquqları, təhlükəsizliyi ilə bağlı istənilən məsələ sadəcə olaraq manipulyativ xarakter daşıyır. Sadəcə olaraq, yenə də münaqişə əsasları formalaşdırmağa xidmət edir. Bunu Azərbaycan heç kimlə müqayisə etməyəcək. O ki qaldı Xankəndiyə Azərbaycanın müvafiq dövlət instansiyalarının nümayəndələrinin daxil olması, orada monitorinqlər həyata keçirilməsi məsələsinə, birmənalı şəkildə qeyd-şərt olmadan Azərbaycan vətəndaşları, Azərbaycan dövlət məmurları öz tarixi torpaqlarında, dünya səviyyəsində tanınmış sərhədləri daxilində sərbəst hərəkət etmək hüquqlarına malikdirlər. Bu hüquqları heç kim məhdudlaşdıra bilməz! Bu, ümumiyyətlə müzakirə predmeti deyil. Və ayrıca olaraq nəzərə almaq lazımdır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə müxtəlif ölkələrdən olan şirkətlərlə iş birliyi şəraitində Azərbaycanın təbii sərvətlərini sözün əsl mənasında talan edərək ekoloji terroru həyata keçiriblər. Bu gün bizim tam haqqımız var ki, ermənilərin hazırda yaşadığımız ərazilərdə ekoloji vəziyyəti qiymətləndirmək üçün addımlar ataq. Çünki kifayət qədər faktlar mövcuddur ki, həmin ərazilərdə yenə də Azərbaycanın təbii sərvətləri talanmaqdadır. Bu baxımdan düşünürəm ki, bu məsələ ilə bağlı siyasi və hüquqi müstəvidə addımların atılması çox vacibdir”.

Millət vəkili əlavə edib ki, separatçı rejimin təmsilçiləri ilə Azərbaycan dövləti arasında danışıqların aparılması məsələsi qeyri-mümkündür:

“Münaqişənin mövcud olduğu 30 ildən artıq bir müddətdə Azərbaycan heç bir halda hər hansı bir separatçı təmsilçisi ilə masa arxasında əyləşmədi və bunun üçün də heç bir hüquqi-siyasi əsas mövcud deyil. Yəni, separatçıların istənilən nümayəndəsi istər Vardanyan olsun, istər başqa birisi olsun, yəni burada soyad önəmli deyil, separatçıların istənilən təmsilçiləri ilə hər hansı bir danışıqların aparılması onların ayrıca bir subyekt kimi qəbul etmək anlamına gələr. Təbii ki, maraqlı dairələr də bundan istifadə edib məsələni digər istiqamətlərə yönəldəcəklər. Əsasən də, istək-arzu bundan ibarətdir kİ, hər hansı bir formada separatçıları tərəf kimi qəbul etdirsinlər. Azərbaycan heç bir halda bunu qəbul etməyəcək. Hesab edirəm ki, bu da bəlli dairələrə çox yaxşı aydındır. Düşünürəm ki, biz bütün ərazilərimiz boyu suverenliyimizi təmin etmək hüququndan tam şəkildə yararlanacağıq”, 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top