“İranın dövlət kimi ərazi bütövlüyünü qoruyub saxlaması çox çətin ola bilər” — ŞƏRH

SİYASƏT 06 dek 2022, 16:19
“Son aylarda İranın Azərbaycana hərbi güc nümayiş etdirməsi, hədə-qorxu gəlməyə çalışması heç kim üçün sirr deyil. Qonşu dövlətin bu davranışının kökündə bir tərəfdən Azərbaycanın apardığı müstəqil siyasət, onun İsraillə hərbi sahədə sıx əməkdaşlıq etməsi dayanırsa, digər tərəfdən İranı Türkiyənin regionda günü-gündən artan nüfuzu ciddi şəkildə narahat edir və İran rəsmiləri bunu gizlətmirlər. Zəngəzur dəhlizinə qarşı göstərilən müqavimətin də kökündə ilk növbədə bu dayanır”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib. Partiya sədri əlavə edib ki, Azərbaycan uzunmüddət İranın hədə-qorxu dolu bəyanatlarına ciddi əhəmiyyət vermədi. 

“Onu bu yanlış yoldan çəkindirmək üçün sülh, dostluq bəyanatları verdi. Ancaq bu bəyanatların qonşumuza heç bir təsir göstərmədiyini görüb, İranın növbəti hərbi təliminə qarşı eyni ərazidə, İran sərhəddi yaxınlığında xüsusi təyinatlıların hərbi təlimi ilə cavab vermək məcburiyyətində qaldıq. Bununla açıq şəkildə dedik ki, biz sizdən çəkinmirik! Azərbaycana güc göstərmək, onu hərbi güclə qiorxutmaq cəhdləri heç bir nəticə verə bilməz! İranla sərhəddə Azərbaycan və Türkiyənin keçirdiyi birgə hərbi təlimlər də bu prosesin davamı kimi qiymətləndirilıməlidir. İrana bir daha izah olundu ki, sən Azərbaycanı tək sayma, Azərbaycanın yanında Türkiyə var və Azərbaycan-Türkiyə birliyi istənilən hərbi gücün qarşısında dayanmağa qadirdir. Bu təlimlər İrana növbəti xəbərdarlıqdır. Nə qədər gec deyil, tutduğunu bu yanlış yoldan geri qayıtsa yaxşıdır.  Dünyadakı reallıqlar, qüvvələr nisbəti qətiyyən İranın xeyrinə deyil. İran üçün çox ciddi təhlükələr mövcuddur. Bu məqamda İranla dost münasibətləri qurmağa çalışan Azərbaycana qarşı belə düşmən münasibət sərgiləmək ilk növbədə İranın özü üçün təhlükəlidir”. 

“Son illər yeridilən yanlış siyasət onsuz da İrana kifayət qədər zərbələr vurub və İran o yanlışların, səhvlərin nəticələrini hələ də çəkməkdədir. Ancaq Azərbaycana qarşı aparılan siyasət İranın indiyə qədər üzləşdiyi çətinliklərlə müqayisə olunmayacaq böyük problemlər yarada bilər. İranın dövlət kimi ərazi bütövlüyünü qoruyub saxlaması çox çətin ola bilər. İran bunu anlamalıdır və Azərbaycan-Türkiyə İttifaqının keçirdiyi birgə hərbi təlimlərdən, bu ittifaqın son xəbərdarlığından düzgün nəticə çıxarmağa cəhd göstərməlidir”, - deyə partiya sədri sonda əlavə edib.   

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top