"Ermənistan sülh müqaviləsini imzalamağa həvəsli deyil"

GÜNDƏM 05 dek 2022, 23:08
"Ermənistan sülh müqaviləsi imzalamadığı müddətdə həm şərti sərhəd xəttində, həm də rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə təxribatlar törətməkdə davam edəcək. Son proseslər isə göstərir ki, Ermənistan tərəfi bu müqaviləni imzalamağa həvəsli deyil". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib. Analitikin sözlərinə görə, Fransanın son vaxtlar Ermənistana açıq-aşkar dəstəyi, ölkəmizə qarşı əsassız sənədlər qəbul etməsi özü də iki ölkə arasındakı münasibətlərin tənzimlənməsinə qarşı yönəlib. 

"Ermənistanın mövqelərimizi atəşə tutmasının bir səbəbi məhz Fransanın provakativ hərəkətləridir. Fransa bununla Ermənistanı müdafiə etdiyini və bununla da bölgədə daha əsaslı şəkildə möhkəmlənmək istəyir. Rusiya sülhməramlılarının nəzarəti altındakı ərazilərdən ermənilərin təxribat törətməsinə gəlincə isə ruslar da regionda davamlı qalmaq niyyətindədirlər və buna görə də özlərinin varlığının zəruriliyini ictimai fikrə sırımaq istəyirlər. Onlar göstərmək istəyirlər ki, biz olmasaq münaqişə daha da alovlana bilər. Bununla həm də ermənilərə dəstəklərini ifadə edərək, onları kənarda dəstəkçi axtarmamağa yönəldirlər. Rusiya erməni ictimai fikrində yenidən qoruyucu, dəstəkçi qüvvə kimi qalmağa çalışır. Sülhməramlıların davranışları də məhz buna hesablanıb. Ona görə də imkan verirlər ki, nəzarətləri altında olan ərazilərdən Azərbaycan ordusunun bölmələri atəşə tutulsun. Vəziyyətin gərginləşməsi isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının silahlı qüvvələrinin münaqişə zonasına yerləşdirilməsi niyyətilə ola bilər. Bu ehtimalı istisna etmək olmaz. Rusiya bununla Qərbin regiona girişinin qarşısını alar və eyni zamanda ermənilərin rəğbətini qazanar".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top