GL “Kürsəngi” və “Qarabağlı” yataqlarında 8%-lik hasilat artımına nail olub

SİYASƏT 03 dek 2022, 00:28
Caspian Barrel-in 23 yaşını qeyd edən “Salyan Oil Ltd” əməliyyat şirkətinin baş meneceri Ramil Əsgərovla MÜSAHİBƏSİ

 – Ramil müəllim, bir il bundan öncə, 19 noyabr 2021-ci ildə GL LTD “Salyan Oil Limited”də 50 faizlik hissəni satın alaraq SOCAR-la tərəfdaş oldu. Hazırda operator qismində “Kürsəngi” və “Qarabağlı” yataqlarında neft-qaz əməliyyatlarını həyata keçirir. Artıq bir ildir ki, “Salyan Oil Limited”də fəaliyyət göstərirsiniz. Dünəndən bu günə əməliyyat şirkətinin fəaliyyəti barədə nə deyə bilərsiniz?

– Bəli, hazırda “Kürsəngi” və “Qarabağlı” yataqlarının işlənməsini “Salyan Oil Limited” əməliyyat şirkəti həyata keçirir. GL və SOCAR yataqlarda müştərək pay sahibidirlər.

İlk dəfə 15 dekabr 1998-ci ildə bu yataqların reabilitasiyası, kəşfiyyatı və işlənməsinə dair Dövlət Neft Şirkəti – SOCAR-la “Frontera Resorces” və “Delta/Hess Ltd.” şirkətləri arasında hasilatın pay bölgüsü sazişi imzalanıb. Nəticədə, 1999-cu ildə “Salyan Oil Limited” adlı birgə əməliyyat şirkəti yaradıldı. Bir il sonra “Frontera Resources” öz 30 faizlik payını Avropa Yenidənqurma və İnkişaf Bankına ötürür və 2002-ci ildə “CNPC International” və “FAL” həm AYİB-ə məxsus, həm də “Delta/Hess Ltd.”nin 20 faizlik payını satın alaraq burada fəaliyyət göstərməyə başlayırlar.

Nəhayət, ötən il “CNPC International” və “FAL” öz paylarını GL LTD-nin törəməsi “GL Investment” şirkətinə satdılar. Bununla da, “GL Investment” əməliyyat şirkətində 50 faiz paya sahib oldu.

Biz, bu il əməliyyat şirkətinin 23 yaşını qeyd etdik və deyə bilərəm ki, 1 il ərzində burada olmaqdan, neft-qaz sənayemizə töhfə verməkdən çox məmnunuq.

– Yəqin ki, bu dövr ərzində kifayət qədər iş görülüb. Bir il ərzində nələrə nail oldunuz?

– Bir il ərzində planlaşdırdığımız çox şeyə nail olduq. Deməliyəm ki, ilk növbədə bütün əməkdaşlarımızda etimad yarada bildik. İstər iş etikamızla, dəyərlərimizlə, əməkdaşlarımıza və ortaqlarımıza yanaşmamızla seçilən tərəfdaş olmaq yolunda irəliləyirik.

Bütün əməkdaşlarımızın birbaşa rəhbərliklə ünsiyyətə keçməsi, fikir bildirməsi, təkliflərini irəli sürməsi, müzakirələr aparması və işi daha da inkişaf etdirməsi üçün imkan yaradırıq. Vaxtaşırı “townhall” görüşlər, tədbirlər təşkil edilir. Biz inanırıq, hörmət və qarşılıqlı səylər nəticəsində işgüzar uğurlara nail ola bilərik və nail oluruq da.

Son 10 il ərzində yataqlarda hasilatın azalmasına baxmayaraq, GL “Salyan Oil Limited”-də əməliyyatlara başlayandan sonra cəmi bir il ərzində hasilatın stabilləşməsinə və cari ilin ikinci hissəsində 8 faiz artıma nail oldu. Bunda GL və SOCAR-ın səmərəli tərəfdaşlığının bəhrəsi və təbii ki, şirkətin bu illər ərzində fəaliyyətini axsatmadan davam etdirməsində rolu olan 1000-ə yaxın əməkdaşımızın da xüsusi rolu vurğulanmalıdır. Qısa zamanda əldə etdiyimiz bu nailiyyəti növbəti illərdə daha yüksək göstəricilərə çatmağımız üçün böyük stimul kimi qəbul edirik.

– Hazırda müqqvilə sahəsində işlənilən yataqlar barədə nə demək olar?

– “Kürsəngi” və “Qarabağlı” yataqlarının sahəsi 450 kvadrat kilometrdir. Yataqlar uzun illərdir ki, istismardadır. Bu iki yataqdan sənaye əhəmiyyətli neftin alınmasına 1960-cı illərdən başlanılıb.

“Qarabağlı” yatağında bugünədək 312 quyu, “Kürsəngi” yatağında isə 495 quyu qazılıb. Yataqların neft sahəsi 35,28 kvadrat kilometrdir.

22 il ərzində “Qarabağlı”da 29, “Kürsəngi”də 8 quyu olmaqla ümumi 37 quyu qazılıb və hazırda 28 quyu istismardadır. Son dövrlərdə qazılan 5 quyu hazırda fontanüsulu ilə işləyir. Demək olar ki, gündəlik neft hasilatının 31 faizə qədəri yeni qazılmış quyulardan əldə olunur.

– Şirkətiniz barədə informasiya topladığım müddət ərzində idarə heyətinin sənaye və liderlik üzrə kifayət qədər geniş qlobal təcrübəyə malik olduğunu müşahidə etdim. Dünyanın müxtəlif yerlərində təcrübə qazanmış bir komanda görürürəm. Həmçinin, sizin də neft-qaz sənayesində 20 ildən çox peşəkar təcrübəniz var.

– Bəli. Şirkətin öz hədəflərinə çatmasını gerçəkləşdirəcək kollektiv təcrübə, səriştə və idarəçilik bacarıqlarını birləşdirən ambisiyalı komandası var. Bizim komandanın nümayəndələri uzun illər Azərbaycan, İraq, Böyük Britaniya (Şimal dənizi), Ukrayna, Əfqanıstan, Misir və ABŞ daxil olmaqla beynəlxalq neft-qaz sənayesində çalışaraq nüfuz qazanıb və köhnə neft-qaz yataqlarında müvəffəqiyyətli nəticələr göstərib. GL-in baş icraçı direktoru Asif Zeynalov 30 ildən çoxdur ki, neft-qaz sahəsində müxtəlif vəzifələrdə çalışıb. Uzun illər BP-də, Abşeron yarımadasının dayazsulu sahəsində, BP-nin Şərqi Texasdakı layihələrində rəhbər vəzifələr tutub. Eyni zamanda, İraqda Rumayla yatağının kəşfiyyat və hasilat əməliyyatlarının rəhbəri olub.

GL-in əməliyyat sahəsində güclü komandası var. Mən, özüm 2022-ci ilin yanvarından GL komandasına qoşulmuşam. Son 18 ildə “Azəri-Çıraq-Günəşli”də hasilat işləri üzrə supervayzer, əməliyyatlar qrupunun rəhbəri və əməliyyat qurğuları üzrə menecer kimi çalışmışam. 2018-ci ildə BP-də yeni iş üsullarının və yeni təşkilati strukturun icrasına rəhbərlik etmişəm. Karyeramın altı ilini isə Neft Daşlarında hasilat işləri üzrə supervayzer kimi çalışmışam.

2022-ci ilin yanvarından etibarən GL-in əməliyyatlar üzrə vitse-prezidentinin tabeliyində “Salyan Oil Limited” şirkətinin baş meneceri vəzifəsinə təyin olundum və elə həmin gündən sahəyə yollanıb işə başladım.

Burada hədəfimiz bəllidir – hasilatı artırmaq, daha çox ehtiyatlara çıxış əldə etmək, mövcud ehtiyatları ən səmərəli şəkildə işləmək və yataqların reabilitasiyasını həyata keçirmək.

– Gəlin, biraz da GL LTD ilə bağlı danışaq. Demək olar ki, artıq adınızı tez-tez eşidirik – həm bazarın aktiv iştirakçısı, həm Azərbaycanın ilk yerli özəl enerji şirkəti kimi.

– “GL LTD” MMC (GL) 2019-cu ildə Azərbaycanda təsis olunmuş özəl enerji şirkətidir. Az öncə qeyd etdiyim kimi, şirkətin törəmə müəssisəsi olan “GL İnvestment”, “Kürsəngi” və “Qarabağlı” yataqlarının daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatına cavabdehdir və “Salyan Oil Limited” əməliyyat şirkətində 50 faiz pay sahibidir. Eyni zamanda operatordur. Digər törəmə müəssisə “GL İnternational” Risk Xidmət Sazişi əsasında Abşeron ərazisində yerləşən “Buzovna-Maştağa”, “Qala” və “Zirə” yataqlarının daxil olduğu blokun bərpası və işlənməsini həyata keçirir.

– Ümumiyyətlə vurğuladınız ki, GL mövcud ehtiyatlara fokuslanıb, düzdür? Bunu daha aydın izah edə bilərsiniz?

– Bəli. GL LTD daha əvvəldən mövcud olmuş, yəni, istismar fondunda olan quyularda işlər aparır. Məqsədimiz bu mövcud ehtiyatları daha yaxşı dəyərləndirmək, oradan maksimum nəticə əldə etmək, eyni zamanda burada reabilitasiya işləri aparmaqdır.

GL operatoru olduğu yataqlarda yeni texnologiyalar tətbiq etməyi, ətraf mühitin mühafizəsinə nəzarət sistemi yaratmağı, bununla da insanların, ətraf mühitin, əmlakın mühafizə olunmasına diqqəti artırmağı planlaşdırır. Üst qurum rəhbərlik SƏTƏM öhdəliklərini öz fəaliyyətlərinin əsas prioritetlərindən biri hesab edir. Şirkət neft və qazın çıxarılması, ötürülməsi əməliyyatları zamanı insanları mühafizə etməklə yanaşı, ətraf mühitə olan təsirləri də minimuma endirməyi hədəfləyir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top