Ukraynanın xarici işlər naziri çağırış etdi

DÜNYA 29 noy 2022, 19:55
"NATO müttəfiqləri və tərəfdaşları Ukraynaya yardımı davam etdirəcəklər".

Bunu NATO Baş katibi Yens Stoltenberq Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə birgə mətbuat qarşısında deyib.

"Biz lazım olduğu qədər Ukraynanın yanında olacağıq, yardım etməkdən geri çəkilməyəcəyik. Ukraynaya yardım etmək həm də bizim təhlükəsizlik marağımızdadır. NATO XİN başçıları razılığa gəldilər ki, bundan sonra da Ukrayna ilə yaxın koordinasiyalı şəkildə yardımları davam etdirək. Döyüş meydanından gələn nəticələr də göstərir ki, yardım fərq yaradır. Əlbəttə ki, bütün bu nəticələrin arxasında Ukraynanın cəsarətli hərbçiləri dayanır, ancaq NATO müttəfiqlərinin də yardımları qeyd etdiyim kimi döyüş meydanında fərq yaradır".
Alyansın Baş katibi Rusiyanın Ukraynanın mülki infrastrukturunu hədəf almasını da qəti şəkildə pisləyib.

"Faktdır ki, Prezident Putin həm də qış fəslini Ukrayna xalqına qarşı silah kimi istifadə edir", Stoltenberq vurğulayıb.

Ukraynanın xarici işlər naziri Kuleba isə onun ölkəsinə hərbi yardımların daha tez göndərilməsinin vacibliyinə diqqət çəkib.

"Mən daha əvvəlki iclasda üç çağırış etmişdim: silahlar; silahlar; silahlar. Bu gün də mənim üç çağırışım var: daha sürətli; daha sürətli; daha sürətli. Göndərilən hərbi yardım Ukraynanın öz ərazilərini işğalçı qüvvələrdən azad etməyə, öz əhalisini qorumağa kömək edir. Ancaq hərbi yardımın göndərilməsi ilə bağlı qərarları müttəfiqlərimiz daha tez verməlidir və bu yardımlar Ukraynaya daha sürətli çatdırılmalıdır. Biz artıq sübut etmişik ki, Rusiyaya qalib gələ bilərik", Dmitri Kuleba vurğulayıb.

Ukrayna XİN başçısı deyib ki, bu gün həm də Ukraynanın enerji təhlükəsizliyi məsələsi müzakirə olunub.
"Enerji təchizatı, bu infrastukturun qorunması çox vacibdir. Bunun üçün bizə hava hücumundan müdafiə sistemləri, "Patriot"lar, generatorlar lazımdır", Kuleba deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top