Fransa şirkəti türkiyəli iş adamını niyə həbs etdirib? — Məhkəmədə qalmaqallı açıqlama

KRİMİNAL 25 noy 2022, 12:16
Baş ofisi Fransada yerləşən “Thales İnternational Western Counties B.V.” transmilli korporasiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru Mehmet Şahanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Demokrat.az
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Sevda Rəhimli ifadə verib. O bildirib ki, 2021-ci ilin martından “Vlivi and Partners”  MMC-də aparıcı mühasib vəzifəsində işləyir. 

Sevda Rəhimli qeyd edib ki, 8 illik mühasibatlıq üzrə təcrübəsi var: “Vlivi and Partners”  MMC hüquq, vergi və mühasibatlıq sahəsində xidmətlər göstərir. 2021-ci ilin aprelindən Fransa respublikasında yerləşən “Thales İnternational SAS” sadələşdirilmiş cəmiyyəti ilə müqavilə bağladıqvə iyun ayından mühasibatlıq üzrə xidmət göstərir. Həmin dövrdə “Thales İnternational Western Counties B.V.”nin Azərbaycamdakı nümayəndəliyinin vergi, mühasibatlıq və insan resursları üzrə işlərini icra edirik. Həmçinin baş ofisə aylıq hesabatlar təqdim edirik. Bildirdim ki, Mehmet Şahan 2014-ci ilin mayındana “Thales İnternatiinal SAS” tərəfindən qeyri-müəyyən müdətə Azərbaycan respiblikası nümayəndəliyinə direktor təyinm olundu. Mehmet Şahan 2014-2021-ci illər ərzində “Thales İnternational Western Counties B.V.” nin Azərbaycan nümayəndəliyinə rəhbərlik edib və yeganə qanuni təmsilçi olduğu nümayəndəliyin baş ofisdən aylıq xərclərin, əmək haları, nümayəndəliyin hüquq, mühasibatlıq, sğorta xidmətləri, aviabiletlər, təhsil haqları, ofisin icarə haqları, üzvlük haqları, sərgilər üzrə xidmət haqları, otel xidmətləri, ofisin saxlanma xərcləri, işçilərin gəlir, vergiləri, dövlət sosial müdafiə fonduna ayırmalar və digər xərclərin ödənilməsi üçün göndərilmiş 11 milyon manatdan artıq vəsaitin 7 milyon 500 min manatdan artıq məbləğində pul vəsaitini mənimsəməsində şübhələrimiz yarandı. Baş ofisə təqdim edilən xərc hesablarının və bank çıxarışlarının saxtalaşdırılması, həqiqəti əks etdirməyən maliyyə rəqəmlərinin qeyd olunması, baş ofisi aldadaraq xidmət haqqlarının şişirdilməsi faktları mövcuddur. Nümayəndəliyin aylıq xərcləri şişirdilməklə baş ofisdən vəsait tələb edilib və daxil olan vəsaitlər aidiyyatı üzrə xərclənməyib. Saxta, həqiqətə uyğun olmayan  hesabatlarla baş ofisdən nümayəndəliyin real xərcləri gizlədilib”. 

Şahidin sözlərinə görə, 2015-2020-ci illərin hesabatları üzləşdirilib və müəyyən edilib ki, həmin illər ərzində baş ofisə təqdim olunmuş “Yapı Kredi Bank”ın çıxarışları əsil bank çıxarışlarından fərqlidir: “Mehmat Şahan “Yapı Kredi bank”dan əsl bank çıxarışlarını əldə etdikdən sonra onları dəyişib, təhrif edib, saxta və şişirdilmiş rəqəmləri bank çıxarışlarına daxil edib. Guya xərclər formalaşdırıb və həmin bank çıxarışlarına “Yapı Kredi bank”ın imza və möhürünü skan edib, saxta çıxarışı baş ofisə təqdim edib”.  

Digər şahid Tamilla Turabovanın sözlərinə görə, 2014-cü ilin iyul ayından Fransa respublikasının “Tales İVC” MMC-nin Azərbaycan nümayəndəliyinin direktorunun inizabit məsələlər üzrə köməkçisi vəzifəsində işləyir: “Mənimlə əmək müqaviləsini Mehmet Şahan bağlayıb. Fransa Respublikasının “Tales İVC” MMC-nin Azərbaycan nümayəndəliyinin direktorunun inzibati məsələr üzrə köməkçisi kimi əsas vəzifəm inzibati təsərrüfat fəaliyyətinin təşkili, mədaxildən sonra invertar nömrələrini qoymaq, hər il inventarizasiya hesabdan silmə, təyin olunmuş uçotun aparılmasına aiddir”. 

Şahidin bildirdiyinə görə, Mehmat Şahan MMC-yə məxsus əmlakı talama və sənədləri saxtalaşdırmağa yol verdiyi üçün əmək müqaviləsinə xitam verilib. Şahid deyib ki, “Tales İVC” MMC-nin Azərbaycan nümayəndəliyinə 4 milyon avrodan yuxarı məbləğində ziyan vurub: “Mən dəqiq olaraq Mehmet Şahanın hansı üsullardan istifadə edib, dəqiq hansı məbləğdə ziyan vurmasını bilmirəm. Mehmet Şahanın cəmiyyətə göstərilən məbləğdə ziyan vurmasını hansı qaydada hesablanmasından məlumatım yoxdur. Bu hesablamalar cəmiyyətin mərkəzi ofisində aparılıb”. 

Şahid qeyd edib ki, cəmiyyətin Azərbaycan nümayəndəliyin üzvləri 4 nəfərdən ibarət olub. Onun sözlərinə görə, əvvəllər baş ofisdən nümayəndəliyə gələn olub. Qeyd edib ki, baş ofisdən yoxlama gəlməyib, onun belə bir yoxlamanın nümayəndəlikdə aparılmasından da xəbəri olmayıb. 

Daha sonra təqsirləndirilən şəxsin vəkili Rübayil Səfərov vəsatətlə çıxış edib. Vəkil məhkəmə-mühasibat ekspertizasının keçirilməsini istəyib. Vəkil deyib ki, Farnsa şirkəti 11 milyon ödəniş etməsini, bunun 8 milyon manatdan çoxunun mənimsənilməsini iddia edir. Vəkil bildirib ki, mənimsənilməsi iddia olunan rəqəm baş ofis tərəfindən şişirdilib. Vəkilin sözlərinə görə, işdə mənimsəmə faktı yoxdur. 

Vəkil həmçinin müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Onun sözlərinə görə, Mehmet Şahanın həbs olunması əsassız olub. 

Vəkil qeyd edib ki, Mehmet Şahanın həbs edilməsi Fransa tərəfinin apardığı düşmənçilik siyasətidir: “Bu gün bizi öz əlimizlə vurmaq istəyirlər. Buna imkan vermək lazım deyil”. 

Müşavirə keçirən hakim Mehmet Şahanın barəsində seçiımiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatəti təmin etməyib. 

Hakim deyib ki, məhkəmə-mühasibat ekspertizasının keçirilməsi barədə vəsatət baxılmamış saxlanılır: “Bu işdə sənədlər araşdırılısın, şahidlər dindirilsin, zərurət yaransa məhkəmə-mühasibat ekspertizası təyin olunması məsələsinə baxılar bilər”.

Hakim həmçinin deyib ki, bundan əvvəl də həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün vəsatət verilib, amma şahidlərin dindirilməsi mərhələsində bu məsələyə baxılması düzgün deyil. 

Vəkil isə bildirib ki, cinayət işində iki əsas şahid var, həmin şahidlər də bu prosesdə ifadə veriblər: “Həmin şahidlərin ifadəsi əsasında bu ittiham qurulub. Onlar da dindirilib. Bundan sonra həmin şahidlərin ifadəsinə müdaxilə edilməsi mümkün deyil. Buna görə də həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə məsələyə baxılması vacibdir”.

Hakim isə artıq qərar qəbul edildiyini deyib. Bu zaman vəkil başqa bir vəsatəti olduğunu söyləyib. O bildirib ki, məhkəmə proseslərinin audi–video yazı ilə aparılmasını istəyir. Hakim isə bunun mümkünsüzs olduğunu söyləyib. Bildirib ki, işdə kommersiya, bank sirləri ola bilər və belə bir çəkilişlərin aparlması bu sirlərin yayılmasına səbəb olar. Hakim bunu əsas gətirərək məhkəmə proseslərinin video yazı ilə aparılması barədə vəsatəti əsassız sayıb. 

Vəkil isə bu video yazının müdafiə tərəfi və yaxud başqa bir şəxslər tərəfindən yox, məhkəmənin özünün aparılmasını istəyir. Hakim isə bunu da əsassız hesab edib. O deyib ki, məhkəmədə yazılı sənədləşmələr aparılır, hazırkı vaxtda video yazının aparılmasına heç bir əsas yoxdur: “Burada sirlər açıqlana bilər. Bunun da yayılması qanunla qadağandır. İşimizi yazılı sənədləşmə ilə görürük. Daha çəkilişin aparılmasına nə ehtiyac var. İndi çəkiliş apararaq, dünyaya bu hadisəni yayaq? Bu şirkətin baş ofisi Fransada yerləşir. Bu səbəbdən məhkəmənin çəkilişlə aparılması yayıla bilər”.

Vəkil isə hesab edib ki, cinayət işində nə kommersiya sirri var, nə də bank sirri var. Vəkil hesab edib ki, bu cinayət işi quramadı. Onun sözlərinə görə, Mehmet Şahana qarşı ittiham əsassız qurulub: “Fransa ermənipərəst siyasətini yürüdür.  Bu işi qurmaqla həmin siyasətini davam etdirirlər. Biz bu oyuna gəlməməliyik”.

Hakim isə artıq qərarını verdiyini deməsi vəkilin etitrazına səbəb olub. Vəkil hakimi işi düzgün aparmamaqda ittiham edib. O bildirib ki, şahidlərin ifadələrini təsdiq etməklə araşdırma aparplması düzgün deyil. Vəkil daha geniş və əhatəli istintaqın aparılmasını istədiyini deyib. Hakim isə ona belə cavab verib: “Biz şahidləri bura dəvət etdik. Onlar dindirildi. Daha sonra tərəflərdən suallarının olub-olmadığını soruşduq. Sualını verdi, bitdikdən sonra şahidləri yola saldıq. Kimin əlavə sualı vardısa, verərdi. Heç kimə sual verməkdə, araşdırma aparmaqda qadağa qoyulmur. İndi mən şahidləri burada saxlayım ki, kiminsə nə vaxtsa sualı yaranacaq”.

Vəkil isə hakimi məhkəmə istintaqının aparmağının düzgün olmadığını söyləyib. Hakim isə vəkilin bu ittihamını təhdid kimi qəbul etdiyini deyib. Vəkil isə məhkəmənin təhdid etmədiyini deyib. 

Növbəti proses dekabrın 12-də davam edəcək.   

İttihama görə, “Thales İnternational Western Counties B.V.”  transmilli korporasiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru vəzifəsində işləmiş Şahan Mehmet Mehmetali oğlunun 2014-2021-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin fəaliyyətindən irəli gələn zəruri xərclərin qarşılanması məqsədilə həmin Şirkətin mərkəzi ofisi tərəfindən ayrılmış ümumilikdə 8 milyon 860 min manat məbləğində pul vəsaitini rəhbərlik etdiyi qurumun müvafiq bank hesabından nağd və eləcə də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə mənimsəməsinə, habelə həmin məqsədlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.

Şahan Mehmet Mehmetali oğluna Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top