Dini Komitə: “Minbəri başqa ölkələrdə dini təhsil alanlara etibar edə bilmərik”

SOSİAL 22 noy 2022, 12:17
“Biz minbəri başqa ölkələrdə dini təhsil alan insanlara etibar edə bilmərik. Çünki onlar kimlərdən dərs alıblarsa, onları da təqlid edirlər”.

Bunu “Report”un sualına cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib.

Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən məscidlərdə din xadimlərinə kifayət qədər ehtiyac var:

“Təbii ki, məscidlərimizdə ölkədəki dini elmi mərkəzləri bitirənlər din xadimi kimi işləyə bilərlər. Həmçinin dini təhsili olub, amma diplomu olmayanlar da fəaliyyət göstərə bilərlər. Lakin onlar imtahan verməlidirlər. Bu gün Azərbaycan məscidlərində din xadimi vəzifəsini İlahiyyat İnstitutunu, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini bitirənlər, mədrəsələrin nümayəndələri tutmalıdırlar”.

S.Salahlı bildirib ki, xaricdə dini təhsil alanlar azərbaycançılıq ideyalarını, milli-mənəvi dəyərləri lazımınca ifadə edə bilmirlər:

“Mütləq şəkildə onlarda yad təsir hiss olunur. Bu da istər-istəməz onların ideoloji səhvlərinə və təxribatlarına gətirib çıxarır. Təbii ki, biz də dövlət olaraq buna imkan verə bilmərik və qarşısı alınmalıdır. Bu günə qədər 50-yə yaxın din xadimi imtahan verib. Bizdə imtahanlar çox şəffaf keçirilir. Yeddi nəfərdən ibarət nümayəndə imtahan götürür və hər bir din xadiminin savadına uyğun şəkildə fərdi formada qiymətləndirmə aparır. Qiymətləri toplanaraq müəyyən balı yığan ruhanilər sertifikat alıb təyinatı üzrə göndərilirlər”.

Sədr müavini həmçinin vurğulayıb ki, bu gün ölkədə xeyli sayda imam vəzifəsi də boşdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top