Azərbaycan millisi səfərdə Şimali Makedoniyaya qalib gəlib (YENİLƏNİB)

İDMAN 20 noy 2022, 18:52

Futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.

"Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv səfərdə Şimali Makedoniya ilə qarşılaşıb. Skopyedəki “Todor Proeski Milli Arena”sında oynanılan görüş millinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda ilk təhlükəli vəziyyəti 5-ci dəqiqədə meydan sahibləri yaradıblar. Amma Elif Elmasın zərbəsində dəqiqlik çatmayıb. 10-cu dəqiqədə Musa Qurbanlının yaxın məsafədən sol ayaqla zərbəsi zəif alınıb. 15-ci dəqiqədə Ramil Şeydayevin sol cinahdan yerlə ötürməsinə Emin Mahmudov toxunsa da, müdafiəçi son anda topun qapıya getməsinə mane olub. 4 dəqiqədə sonra rəqib müdafiəçilər bu dəfə Musa Qurbanlının zərbəsini zərərsizləşdiriblər. 25-ci dəqiqədə isə hesab açılıb. Aleksey İsayevin kobudluğundan sonra təyin olunan penaltini dəqiq yerinə yetirən Enis Bardi Şimali Makedoniyanı önə çıxarıb. Meydan sahiblərinin qol sevinci 13 dəqiqə çəkib. 38-ci dəqiqədə Elvin Cəfərquliyev düşünülmüş hücumu məntiqi sonluqla başa çatdırıb. 22 yaşlı müdafiəçi yığmadakı 8-ci oyununda ilk qolunu vurub. 43-cü dəqiqədə Mahmudovun ötürməsi zamanı avtoqol qeydə alına bilərdi. Lakin son anda top qapının yanından keçib. İlk hissənin əsas vaxtına əlavə olunmuş dəqiqədə İlya Nestorovskinin yaxın məsafədən başla vurduğu top tirin üstündən keçib.

Birinci hissə bu hesabla başa çatıb.

İkinci yarıya daha fəal başlayan Azərbaycan millisi 49-cu dəqiqədə 2-ci qola yaxın olub. Cəfərquqilyevin dubl etməsinə Damyen Şişkovski mane olub. 52-ci dəqiqədə meydan sahibləri azlıqda qalıblar. Boban Nikolov ikinci sarı vərəqə ilə meydandan qovulub. Say üstünlüyündən istifadə edən yığma 65-ci dəqiqədə Musa Qurbanlının qolu ilə hesabı öz xeyrinə dəyişib. Bu, 20 yaşlı hücumçunun millidə ilk qolu olub. 72-ci dəqiqədə Mahir Emrelinin zərbəsini Şişkovski çətinliklə küncə çıxarıb. 75-ci dəqiqədə Höccət Haqverdi birbaşa qırmızı vərəqə alaraq, meydanı tərk edib. 79-cu dəqiqədə Şimali Makedoniyadan Yani Atanasovun zərbəsi qapı tirinə tuş gəlib. 88-ci dəqiqədə Enis Bardinin zərbəsi tirdən qayıdıb. Matçda son nöqtəni isə Şeydayev qoyub. O, 89-cu dəqiqədə Azər Salahlanın ötürdüyü topu başla qapıdan keçirib.

Beləliklə, Azərbaycan millisi ardıcıl 5-ci qələbəsini qazanıb.

xxx

Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyununda 3-cü qol vurulub.


"Report"un məlumatına görə, Musa Qurbanlı 65-ci dəqiqədə fərqlənərək, yığmanı hesabda önə keçirib.

xxx

Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyununda 2-ci hissə başlayıb.

"Report"un məlumatına görə, ilk hissədən sonra qarşılaşmada hesab bərabərdir - 1:1.

xxx

Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyununda ilk hissə başa çatıb.


"Report"un məlumatına görə, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.


17:38
Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyununda hesab bərabərləşib.


"Report"un məlumatına görə, 38-ci dəqiqədə Elvin Cəfərquliyev dəqiq zərbə ilə tarazlığı bərpa edib.


17:25
Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyununda hesab açılıb.


"Report"un məlumatına görə, 25-ci dəqiqədə penaltidən fərqlənən Enis Bardi meydan sahiblərini önə çıxarıb.


17:00
Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu başlayıb.


"Report"un məlumatına görə, “Todor Proeski Milli Arena”sında keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayıb. Matçı albaniyalı FIFA referisi Enea Yorqyi idarə edir.

Qeyd edək ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv bundan əvvəlki yoldaşlıq görüşündə Moldovaya 2:1 hesabı ilə qalib gəlib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top