Çingiz Abdullayev: “Bəzi yaramazlar yazırlar ki, binanı girov qoymuşuq”

ƏDƏBİYYAT 17 noy 2022, 13:42
“Çoxdan yazmaq lazım idi. Bütün bunlar böyük bir ölkənin dağılmağından dərhal sonra başladı. Hiperinflyasiya, vəsait çatışmazlığı, ümumi xaos və qonşularla müharibə. Butun bunların fonunda Yazıçılar İttifaqı qorunub saxlanmalı idi. 1992-ci ilin yayında biz o vaxtkı Azərbaycan hakimiyyətinə müraciət etdik. O zaman hakimiyyətdə olanlardan biri bizə belə bir sual verdi:

- Bizə ədəbi jurnallar nəyə gərəkdir? Füzulinin dövründə onlar yox idi, ancaq ədəbiyyat var idi.

Bu suala Anar “Füzulinin dövründə padşahlar arabada gəzirdilər. Siz isə indi “Mersedes”də gəzirsiz, - deyə cavab verdi”.

Demokrat.az-ın məlumatına görə, bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi Çingiz Abdullayev qurumun qorunub saxlanmasının vacibliyindən danışarkən deyib.
 
“O vaxt bizə pul vermədilər. Anar vəsait almaq üçün sponsorlar tapdı. Milyona yaxın pul. Bu 50 min dollardan çox idi. Biz bütün pulları qəpiyinə qədər Yazıçılar İttifaqına verdik. Çox sevdiyim və hörmət etdiyim mərhum şair Cabir Novruz dedi ki, bunu bütün yazıçılar bilməlidir. Lakin biz heç nəyi reklam etmədik. Sonralar, vəziyyət lap ağırlaşanda Anar Ümummilli liderimiz Heydər Əliyevə müraciət etdi. Bundan əvvəl, Anar, İttifaqın aztəminatlı işçilərinin xeyrinə biz üçümüzə - katiblərə əməkhaqqından imtina etməyi təklif etdi. Və biz üçümüz də düz yarım il əməkhaqqı almadıq. Anar və Yusif Səmədoğlu millət vəkili maaşını alırdılar, mən də qonorarla dolanırdım”, - Ç.Abdullayev bildirib
 

Onun sözlərinə görə, yarım ildən sonra böyük siyasətçi Heydər Əliyev əsrin epoxal qərarını verdi. Bütün ədəbi jurnallar və “Ədəbiyat qəzeti” dövlət təminatına alındı.

“Keçmiş İttifaqda bu, birinci unikal hadisə idi. Sonra bir sıra başqa respublikalarda da belə edildi. Butun bu illər ərzində Yazıçılar Birliyi bir dəfə də olsun əməkhaqqısız qalmadı. Aparatın işçilərinin hər birindən soruşa bilərsiz. Hətta aztəminatlı yazıçı və şairlərə kömək edilir, müaliçəyə və yas mərasimlərinə də pul ayrılırdı. Axı belə şeylərə heç kim artıq vəsait ayırmırdı. Birliyin isə 2 mindən artıq üzvü var. Əgər pul çatmırdısa, biz Anarla öz məsuliyyətimiz altında banklara müraciət edirdik. Bəzi yaramazlar yazırlar ki, biz binanı girov qoyuruq. Bu ağ yalandır! Digər yaramazlar yazırlar ki, aşağıda fəaliyyət göstərən klub mənim şəxsi əmlakımdır. Bu da yalandır! Bütün pullar yazıçılara və işçilərə ayrılır və hər xərclənən manatın sənədi var.

Əsas da odur ki, biz tək Yazıçılar Birliyini deyil, həm də onun binasnı qoruyurduq. O illər bizim binanı İngiltərə səfiriyinə vermək istəyirdilər (1993-cü ilin əvvəli). O vaxt Yusif Səmədoğlu zarafatla söz vermişdi ki, o niyyətlə binaya daxil olanları güllələyəcək”.

Ç.Abdullayev AYB sədri Anar haqda da fikirlərini bölüşüb:

“Bütün bu illər ərzində o, çox adama kömək edib. Anar Moskvaya gedib SSRİ-nin millət vəkili olaraq, bizim məhbusları azad etməyi tələb etmiş, bir neçə nəfəri zaminə götürmüşdü. Onlarla insana mənzil verilməsində, müalicə olunmasında, təqaüd və müavinat almasında kömək edib.

Anar və Yusif İsa Qəmbəri də zaminə götürmüşdülər.

Məni bağışlayın, amma deməliyəm ki, mən artıq 2 ildir ki, “TEAS press” nəşriyyatı ilə müqavilə bağlamışam və qonorarlarımı YAŞAT Fonduna köçürürəm.

Yazıçıları səs verməyə yuxarılardan məcbur etmək mümkün deyil. Demək olar ki, hamı Anarın seçilməsini istədi və ona səs verdi. Yazıçılara yaxınlaşın, onların rəyini öyrənin. İstedadsız qramofonlara deyl, əsl yazıçılara yaxınlaşıb soruşun”.

Ç.Abdullayevin sözlərinə görə, AYB-nin son qurultayına ədəbiyyatın qaymaqları toplaşmışdı.

“İndi Ramiz Rövşənə hücum edirlər. Ramiz Rövşən çox görkəmli şairdir və bunu edənlər onun yanında açiz və çılızdırlar. Daha dərindən baxsaq xalqımızın düşmənləridirlər. Onların məqsədi ölkəmizdə hörmətli insanların, öz ədəbiyyatımızın, mədəniyyətimizin olmadığını sübut etməkdir. Bu haqda düşünün! Belə çıxır ki, bütün Xalq şairləri (4 nəfər), Xalq yazıçıları (8 nəfər) və bizim ədəbiyyatın akademikləri düşməndirlər, layiqsiz qramofonlardır, oğru və səviyyəsizdirlər? Bu hətta bədnam qonşularımızın ağlına gələ bilməzdi.

Yetər! Anar dünya miqyasında Azərbaycan mədəniyyəti və ədəbiyyatı üçün başqa yazıçılardan daha çox işlər görüb. Ona görə onu seçiblər. Noqtə!”.

Modern.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top