Bakı-Sumqayıt yolunda tıxac problemi necə həll oluna bilər?

SOSİAL 15 noy 2022, 19:51
Bakı-Sumqayıt yolunda tıxacların aradan qaldırılması ilə bağlı mütəmadi tədbirlər görülsə də, ərazidə avtomobil sıxlığının qarşısını tam almaq mümkün olmayıb.

Nəqliyyat eksperti Ərşad Hüseynov Demokrat.az-a açıqlamasında vurğulayıb ki, bir müddət öncə Bakı-Sumqayıt yolu genişləndirilsə də, bu problem yenə də həllini tapmadı.

“Əlbəttə ki, yolu genişdirməklə tıxac məsələsini həll etmək mümkün deyil. Çünki bu tıxacı Bakı-Sumqayıt yolu yox, yolun girişləri yaradır. Bu yol istiqamətində tıxaclar Avtovağzalın yanından, "Şamaxinka", "20 Yanvar"dan başlayır və uzun məsafəni əhatə edir. Ona görə də, Bakı-Sumqayıt yolunu genişləndirməklə, bu məsələni həll etmək mümkün deyil. Problemin çıxış yolu ictimai nəqliyyatı inkişaf etdirməkdir.

Ümumiyyətlə, hesab edirəm ki, iki istiqamətdə iş görmək lazımdır. Düzdür, biz həmin yola Bakı-Sumqayıt yolu deyirik, amma əsas yük Sumqayıt şəhərindən yox, Xırdalandan, Masazır, Saray qəsəbəsindən başlayır. Çünki orada yüz minlərlə insan məskunlaşıb və onların da əksəriyyəti Bakıda işləməyə məcburdur. Onların xeyli hissəsi isə uşaqları Bakıya məktəbə gətirir. Ona görə də, məskunlaşma ilə bağlı elə etmək lazımdır ki, insanların şəhər mərkəzinə gəlməsinə çox da ciddi ehtiyac olmasın. Orada ilk növbədə normal məktəblər tikilməlidir, yaxud da olan məktəbi normal vəziyyətə gətirmək lazımdır ki, valideyn uşağını şəhər məktəbinə aparmasın. Həmçinin, orada iş yerlərinin təşkil edilməsi də vacibdir. Əgər əksər insanlar iş tapsalar, onda Bakıya da gəlməyəcəklər. Düzdür, hər kəsi də məcbur etmək olmaz ki, burada oxu, orada işlə. Amma hər halda bununla problemin bir qismini həll etmiş olarıq. Ancaq gəlmək istəyənlər üçün mükəmməl nəqliyyat vasitəsi təmin edilməlidir ki, insanlar taksilə, maşınla yox, ictimai nəqliyyatla gəlsinlər. Onda görəcəksiniz ki, tıxac da yavaş-yavaş yoxa çıxacaq. Yəni, avtobuslar düzgün qrafiklə,mükəmməl işləməli, şəhərin bir neçə istiqamətinə dəqiq qrafiklə getməlidir. Bundan başqa, Bakı Metropolitenini Xırdalan tərəfə qədər uzatmaq lazımdır. Yəni, bu cür işlərin görülməsi zəruridir”.


Azərbaycan Avtomobil Yolları Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Demokrat.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi  avtomobil yollarında yol-hərəkət təşkili və təhlükəsizliyi ilə  məşğul olan qurum deyil. O, vurğulayıb ki, bu məsələ ilə bağlı hər hansı bir layihə olarsa, onun icrası ilə bağlı hər hansı iş tapşırılarsa, agentlik onu etməyə hazırdır. 

Nəzrin Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top