Vüqar Rəhimzadə: Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

SƏNAYE VƏ ENERGETİKA 04 okt 2022, 16:22
Bu gün Azərbaycanın qaz ixracatçısı kimi beynəlxalq aləmdə rolu artmaqdadır

“Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri davamlılığı ilə diqqət çəkir. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi yeni-yeni enerji layihələrinin gündəmə gətirilməsinə və uğurlu sonluqla başa çatdırılmasına  geniş yol açır. Əvvəlcə regional çərçivədə başlanan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirdi, çoxtərəfli  əlaqələrin  qurulması üçün imkanlar yarandı.  Bütün bu uğurların təməlində ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır. Ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya etibarlı tərəfdaş kimi təqdim etdi. Bu isə öz növbəsində 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanmasını şərtləndirdi. Müqavilənin vaxtının 2050-ci ilə qədər uzadılması özündə  ölkəmizin bu gününə və gələcəyinə olan inamı  əks etdirir.

Oktyabrın 30-da dövlət başçısı İlham Əliyevin  Bolqarıstana rəsmi səfəri zamanı bu ölkənin Prezidenti ilə təkbətək görüşündə, eyni zamanda, geniş tərkibdə keçirilən görüşdə,  prezidentlərin mətbuata bəyanatlarında, o cümlədən Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimindəki çıxışlarda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfələrindən, ölkəmizin  bu gün qaz ixracatçısı kimi möhkəmlənən mövqeyindən geniş bəhs olundu. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, Bolqarıstan Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunu və Azərbaycandan təbii qaz təchizatının artırılması imkanlarını alqışlayır. İnterkonnektor Bolqarıstanda təbii qaz mənbələrinin real şaxələndirilməsini və enerji müstəqilliyini təmin edən ilk layihədir. Azərbaycandan olan tərəfdaşların və dostların Prezident İlham Əliyevin rəhbərliyi ilə  açılış mərasimində iştirakı iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı istiqamətində atılan mühüm addımların tərkib hissəsi  kimi dəyərləndirildi.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın Avropa İttifaqı, eyni zamanda, bu beynəlxalq təşkilatın üzvü olan ölkələrlə əlaqələri yüksələn xətlə inkişaf edir: “Enerji təhlükəsizliyi məsələsi daim aktual mövzu olub və bu gün bu məsələnin prioritetliyi özünü daha aydın şəkildə büruzə verir. Əsas diqqət çəkən məqam  tarixən neft ölkəsi olan Azərbaycanın bu gün qaz ixracatçısı kimi beynəlxalq aləmdə rolunu artırmasıdır.  Qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırında Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin - TAP-ın işə düşməsi ilə başlayıb. Hazırda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Azərbaycan qazının alıcılarıdır. Bugünümüzün reallıqlarından da göründüyü kimi, yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbat artır.”

YAP Xətai rayon təşkilatının sədri diqqəti bu ilin iyul ayında Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”na yönəldərək bildirib ki, ölkəmizlə qurum arasında  enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq  böyük nailiyyətdir: «İmzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir. O da məlumdur ki,  Azərbaycanla  Avropa İttifaqına üzv olan dövlətlərin üçdə biri arasında strateji tərəfdaşlığa dair Memorandum imzalanıb.  Bu, ölkəmizin dünyanın enerji təhlükəsizliyində rolunun, həmçinin dünyanın enerji xəritəsini dəyişmək imkanlarının göstəricisidir. Çoxtərəfli əməkdaşlığın başlanğıcı olan  və nəzərdə tutulduğu vaxtda icrası başa çatan Cənub Qaz Dəhlizi layihəsində  hazırda yeddi ölkə iştirak edir - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Göründüyü kimi bu unikal layihə çərçivəsində geniş beynəlxalq əməkdaşlıq yaradılıb. Növbəti mərhələdə   üç Balkan ölkəsinin – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun tərəfdaşlar kimi  bu layihəyə qoşulacağına əminlik ifadə edilir. Ölkə Prezidentinin vurğuladığı kimi, Azərbaycan  ixrac imkanlarını genişləndirmək istəyir.  Avropada  Azərbaycan qazına tələbat var.  Avropa bazarı ölkəmiz  üçün ən əlverişli bazardır.»

Vüqar Rəhimzadə diqqəti səfər çərçivəsində müzakirə olunan məsələlər sırasında SOCAR-ın Bolqarıstanda ofisinin açılmasının aktuallığına da yönəldib: “Dövlət başçısı İlham Əliyev, həmçinin Bolqarıstan Prezidenti Rumen Radev ofisin açılmasının vaxtı olduğunu bildirdilər. SOCAR-ın artan  nüfuzu, uğurla həyata keçirdiyi investisiya layihələri  beynəlxalq səviyyədə təqdir edilir.  Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın iştirakının mümkünlüyü  məsələsi də geniş müzakirə olundu.  SOCAR-ın Bolqarıstanda nümayəndəliyinin açılması iki ölkə arasında səmərəli əməkdaşlığın əlaməti  kimi qeyd edildi.”

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, hər bir layihə əlaqələrin inkişafında, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında iştirakına işıq salır: “Azərbaycanı arzuolunan, etibarlı tərəfdaş kimi dəyərləndirən Bolqarıstan Prezidenti  dünyanın enerji xəritəsini dəyişəcək Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun  təkcə ölkələrimiz arasında deyil, bütün regionda iqtisadi əməkdaşlığı inkişaf etdirə biləcəyinə əminliyini ifadə etdi: “Ümumilikdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri göz önündədir.   Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyinə dəstəyini gücləndirir.  Ölkəmiz  neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir.  Azərbaycanın qarşıdakı dövr üçün hədəflərinə  qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir.  Azərbaycanın enerji resurslarına ehtiyacın hazırda  heç vaxt olmadığı qədər böyük olduğu diqqətdən kənarda qalmır. Ölkəmizlə  Avropa İttifaqı arasında enerji dialoquna başlanması da bunun təsdiqidir.  Azərbaycanın  dünyanın enerji bazarında yerinin, mövqeyinin möhkəmlənməsini  tərəfdaş ölkələrin rəsmiləri də  böyük məmnuniyyətlə  etiraf edirlər. Ölkəmizin dünya enerji bazarında  hasilatçı,  tranzit ölkə  kimi tanınması, Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təminatındakı rolunun artması göstərir ki,  Xəzər dənizindən hasil olunan  enerji ehtiyatları gələcəkdə də  Avropa istehlakçıları üçün yeganə  mənbə olacaq.  Çünki Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi sahəsində çox önəmli,  əvəzolunmaz layihədir.”

Azərbaycan-Bolqarıstan münasibətlərinə gəldikdə isə iki strateji tərəfdaş ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 ilinin tamam olduğunu önə çəkən Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin “Bizim bütün sahələrdə əməkdaşlığımızın təməlində səmimi münasibətlər dayanır. Bolqarıstan-Azərbaycan əlaqələri çoxşaxəli əlaqələrdir. Xalqlarımız arasındakı tarixi bağlar, əlbəttə ki, bu əlaqələrin təməlində dayanan mühüm amildir. Bu gün, əlbəttə ki, qarşılıqlı maraqlar üzərində qurulmuş o strateji tərəfdaşlıq yeni imkanlar açır. Çünki enerji sahəsində başlanılan çox ciddi əməkdaşlığın çox böyük gələcəyi var” fikirlərini əməkdaşlığın dünəninə baxış əsasında sabahı ilə bağlı prioritetlərin təqdimatı kimi dəyərləndirib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top