“Şəhid ailələrinin həm böyük toy, həm də kiçik toy məclislərində iştirak etmişəm” — Elman Nəsirov

SOSİAL 28 sen 2022, 23:14
“Bu bir həqiqətdir ki, ölkə prezidenti Cənab İlham Əliyevin  siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Məsələyə bu kontekstdən yanaşdıqda xüsusi həssas kateqoriyada olan insanlara diqqət ən yüksək səviyyədədir. Bu ilk növbədə şəhid ailələri, qazilər və müharibə veteranlarıdır. Biz də eyni məntiqlə millət vəkilləri olaraq, bu kateqoriyadan olan insanlara xüsusi həssaslıqla yanaşırıq. Deputatı olduğum Cəlilabad rayonunda seçicilərimlə görüşlərimdə ilk  növbədə şəhid ailələri, qazilər və müharibə veteranlarının problemləri ilə maraqlanır, onların həlli istiqamətində işlər görürəm. Təbii ki, Cəlilabadda bütün şəhid ailələrinə baş çəkmişəm və şəhidlərimizin məzarlıqlarına ziyarət etmişəm”. 
 
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

Deputat vurğulayıb ki, şəhid ailələrinin üzvləri ilə çoxsaylı görüşləri olub:
“Hər zaman çalışıram ki, onları narahat edən məsələləri gündəmə gətirim.  Xüsusilə də, şəhid ailələrinin iş və məşğulluq məsələlərinin həlli ən çox qabardılan məsələlər sırasındadır. Çalışırıq ki,bu istiqamətdə problemləri həllini tapsın. Təbii ki, onları digər sahələrdə də narahat edən məsələlər olur. Bu yaxınlarda bir qazimiz tərəfindən mənə qaz çəkilişi ilə bağlı müraciət olunmuşdur. Onlar gənc ailə idi və yeni sahədə salınmış evlərin birində yaşayırdılar. Buna görə də, qaz məsələsində biraz problemlər var idi və bu məsələnin həll olunmasında onlara yaxından dəstək oldum və iki saat ərzində  o məsələni həllini tapdı”.

Millət vəkili vurğulayıb ki, bu kateqoriyada olan insanların məşğulluq  problemlərinin həlli istiqamətində səylər göstərir:

“Çalışıram ki, onların bu məsələlərinin müsbət həll olunmasına nail olum. Qeyd edim ki, şəhid ailələri toy mərasimlərinə dəfələrlə məni dəvət ediblər. Onların həm böyük toy, həm də kiçik toy məclislərində hər zaman iştirak etmişəm. Bir məsələni də vurğulayım ki, şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına dəstək göstərilməsi ilə bağlı qeyri-hökumət təşkilatlarının çoxsaylı tədbirləri olur. Demək olar ki, onların mütləq əksəriyyətində iştirak edirəm. Elə bunu nəzərə alıb qeyri-hökumət təşkilatları tez-tez bu qəbildən olan tədbirlərinə dəvət edirlər. Dəfələrlə olub ki, xüsusilə qazilərimizin, müharibə veteranlarımızın səhhəti ilə bağlı məsələlərin həlli istiqamətində  müvafiq qurumlara müraciət etmişəm və onlara dəstək göstəriblər. Biz hər zaman onlarla birlikdəyik və biz Şəhid ailələrimizlə qürur duyuruq. Çünki onlar belə qəhrəmanlar dünyaya gətiriblər ki, onlar Vətən yolunda canlarını fəda etmək zirvəsinə yüksəliblər”. 

Deputat sonda qeyd edib ki, bütün bunlarla yanaşı müharibə veteranları ilə də çox sıx əlaqələri var:

“Sözsüz ki, onların əməyi də daanılmazdır. Onlar bizim şəhidlərimizi, eyni zamanda yaralı balalarımızı döyüş meydanından  çiyinlərində çıxardıblar. Təbii ki, onlara hər zaman diqqət və qayğı ilə yanaşıram və rayonda olarkən hər zaman onlarla ünsiyyətdə oluram”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top