Sübhan Cəbrayılovun xatirəsinə həsr olunmuş boks üzrə açıq rayon birinciliyi keçirilib — FOTOLAR

İDMAN 05 sen 2022, 19:17
4 sentyabr 2022-ci il tarixində Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Salyan şəhəri Taleh Davudzadə küçəsində yerləşən Boks idman zalında Vətən Müharibəsi Qəhrəmanı Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri Sübhan Rahim oğlu Cəbrayılovun əziz xatirəsinə həsr olunmuş boks idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir. Açıq rayon birinciliyində Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun ailəsi və qohumları , 59 saylı Salyan seçki dairəsinin deputatı Jalə Əhmədova , Salyan rayon İcra Hakimiyyətinin ərazi və idarəetmə şöbəsinin müdiri Vahid Vahidov , idmançılar və məşqçilər iştirak etmişlər.

Demokrat.az xəbər verir ki, İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov idmançıları və qonaqları salamlayaraq bildirdi ki, Vətən müharibəsində qazandığımız parlaq qələbəmizlə Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi və xoşbəxt iştirakçısıyıq. Bu yeni tariximizi dərin zəkası və qüvvətli yumruğu ilə yazan, xalqımızın iradəsini savaş və siyasət meydanında gerçəkləşdirən və tarixi yaddaşımıza həkk edən qüdrətli Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsini qələbəyə çatdıran qalib Azərbaycan Ordusudur.Biz torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini həmişə yaşadacağıq.

Sonra 59 saylı Salyan seçki dairəsinin deputatı Jalə Əhmədova çıxış edərək bildirdi ki, Ali Baş Komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarix yazdı. O tarix ki, hər kəs onu səbirsizliklə gözləyirdi. Azərbaycan haqq mübarizəsi apardı, ədaləti bərpa etdi. Əsrlər ötsə də Azərbaycan əsgərlərinin igidliyi haqqında dastanlar yazılacaqdır.

Sonra çıxış edən Salyan rayon İcra Hakimiyyətinin ərazi və idarəetmə şöbəsinin müdiri Vahid Vahidov bildirdi ki, milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir. Bu gün torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş vətən övladlarına Allahdan rəhmət diləyirik.

Sonra çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun əmisi Rabil Cəbrayılov bildirdi ki, şəhidlik adı ölüm deyil, vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik - verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir.
Sonra çıxış edən Vətən müharibəsi şəhidi Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Kamil Şirinovun atası, keçmiş hərbçi Əliş Şirinov bildirdi ki , müharibədə döyüş də var, şəhidlik də var. Savaşda xüsusi təyinatlıların zərbəsi də var, şəhidliyin behiştə gedən yolunu ehtiva edən xüsusi təyinatı da var. Şəhidlik Vətənə məhəbbətin zirvəsidir.

Sonra çıxış edən boks üzrə Avropa Çempionu , gənc idmançı Cavid Quliyev bildirdi ki , illər ötsə belə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmur. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətə layiqdirlər.

Sonra Vətən Müharibəsi Qəhrəmanı Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri Sübhan Cəbrayılovun döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirildi.
Sonra açıq rayon birinciliyinə start verildi. Sonda I ,II , III yeri tutmuş idmançılar Salyan rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olundular.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top