Sabiq deputat: “Sabahı gün erməni dilində məktəb açılsa, gedib orada oxuyacaqlar”

GÜNDƏM 30 avq 2022, 17:19
Son illər Azərbaycanda orta məktəblərin rus bölməsində təhsil alanların sayı durmadan artır. Sanki valideynlər övladlarının rus dilində təhsili üçün yarışa giriblər. Məhz bu səbəbdən də artıq məktəbəhazırlıq və birinci siniflərdə boş yer tapmaq mümkün deyil. Nəticədə də ibtidai siniflərdə rus bölməsində şagird sayı 45-50-yə çatır. Heç bu səbəb də valideynlərin qərarına təsir etmir. Bir faktı da qeyd edək ki, hətta övladını inadla rus bölməsində oxutmaq istəyənlər arasında ümumiyyətlə, rus dilində bir kəlmə bilməyənlər var. Qeyd edək ki, bəzi keçmiş sovet respublikalarında, o cümlədən, Gürcüstan, Ukrayna, Qazaxıstanda orta məktəblərdə rus dili məhdudlaşdırılıb. Bizdə isə nəinki paytaxtda, digər şəhər və rayonlarımızda belə rus dilində danışan əhalinin çəkisi daha da artıb. 

Yazıçı, publisist, sabiq deputat Xeyrəddin Qoca Demokrat.az-a açıqlamasında bildirib ki, azərbaycanlılar hələ tam Azərbaycan dilini bilmirlər.  O qeyd edib ki, bu cür valideynlərə münasibəti çox pisdir: 
“Valideynlər çox böyük səhv edirlər və bunların mənfi nəticələrini çox görmüşəm. Birini sizlər üçün misal çəkim. Yadıma gəlir ki, rus dilli məktəbdə oxuyan çox gözəl oğlan var idi, lakin o, Moskvada yaşayan (üzr istəyirəm) ən pozğun qadını aldı. O zamanlar onun atası ilə bir yerdə işləyirdim, atası bizə gəldi və məndən xahiş etdi ki, onu bu yoldan çəkindirim. Bu işlərə qarışmasam da, çox çalışdım ki, bunun qarşısını alım.  Dedi ki, mənim işimə qarışma. Baxın, rus tərbiyəsi alan budur, rus təhsili alan budur! Həmin oğlan elə o qadınla evləndi və atasının da ürəyi partladı, öldü. Bilirsiniz ki, rus xalqının ən böyük şairi Puşkindir. Azərbaycanın böyük şairi Nizami, Füzulidir. Yəni, onlar bəşəri şairlərdir. Rusun heç nəyi bizdən artıq deyil, heç  vaxt da artıq olmayıb! Hesab edirəm ki, bu da təşkil olunmuş işdir.

Ona görə də, valideynlərin bu davranışına, bu meyilliyinə çox pis baxıram”.

Sabiq deputat əlavə edib ki, rus dilli məktəblərdə oxumaq azərbaycanlıları Azərbaycanlıqdan çıxarır:

“Hərçənd, bilirəm  ki, bütün diilləri bilmək lazımdır.  Rus, erməni, fransız və s. dillərini  öyrənmək lazımdır. Nəyi öyrənirsən öyrən, amma o məktəblərdə oxumaq insanları tərbiyəsiz edir,
Azərbaycanlıqdan çıxarır. Maraqlıdır, bəs onlar rus dilini oxuyub, Azərbaycan dilini necə biləcəklər? Azərbaycan dilini tam bilməyən, rus dilini necə biləcək? Gərək öz ana dilini biləsən, sonra başqa dilləri öyrənəsən. Onsuz da, indi savadsızlıqdır, cahillikdir. Bunlar hamısı savadsızlığın nəticəsidir. Ölkədə savadsızlıqdır və savadsızlığa gedir. Mən sizə sübut edərəm ki,  hələ Azərbaycanda savadlı ərizə yaza bilən bir adam yoxdur. Varsa, məni tapsın. Azərbaycan dilində adi bir ərizə yaza bilməyən millətdən nə gözləyirsiniz? Sabahları erməni dilində məktəb açılsa, gedib orada oxuyacaqlar. Mən bu milləti gözəl tanıyıram!”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top