Yer altındakı düşmənlər… — “Heç kim zəmanət verə bilməz ki…”

GÜNDƏM 26 avq 2022, 13:03
“10 noyabr bəyanatının 6-cı bəndində göstərildiyi kimi, Laçın dəhlizinə alternativ yolun çəkilişini Azərbaycan tərəfi artıq yekunlaşdırıb və avqustun 25-dən dəhlizin keçdiyi ərazilər - Laçın şəhəri, Zabux və Sus kəndləri boşaldılıb. 30 illik işğal nəticəsində həmin ərazilərdə yerləşdirilmiş Suriya və Livan erməniləri artıq həmin əraziləri tərk ediblər”.

Bu sözləri Demokrat.az-a açıqlamasında VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib. O vurğulayıb ki, lakin evlərin və meşələrin yandırılması ermənilərin bölgəni sakit tərk etmək niyyətində olmadığını təsdiqlədi:



“Heç kim zəmanət verə bilməz ki, kompensasiya almaq üçün yandırılmayan evlərə "sürpriz mina"lar qoyulmayacaq. Bu günlərdə Müdafiə Nazirliyi məlumat yayıb ki, Laçın rayonunun şərq hissəsində, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib. Belə bir sual yaranır ki, bölgədə rus sülhməramlıları nəzarət edirsə, ermənilər bu minaları necə basdırıb? Zamanında Qarabağdakı qanunsuz silahlı birləşmələrə, separatçılara qarşı hər hansı bir cəza tədbiri görülsəydi, indi onlar Laçını, Zabuxu talan etməzdilər. Sözsüz ki, Azərbaycan digər bölgələrdə olduğu kimi, Laçında da minaların təmizlənməsi üçün operativ fəaliyyətə başlayacaq. Amma, Laçının minalanmasında ermənilərlə yanaşı rus sülhməramlıları da məsuliyyət daşıyır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top