İqtisadçı: “Taxıl böhranından çıxmaq o qədər də bəsit məsələ deyil”

AQRAR-SƏNAYE KOMPLEKSİ 19 avq 2022, 15:00
Bütün dünya artıq taxıl böhranı ilə üz-üzə olduğunun fərqindədir. Hətta qlobal səviyyəyə çatan bu böhranın, taxıl böhranının qaçılmaz olduğu ilə razılaşanlar da az deyil, çünki böhranın qaynaqlandığı səbəblər də heç kim üçün sirr deyil. İstər iqlim dəyişikliyi olsun, istər Ukrayna-Rusiya müharibəsi olsun, hər hansı səbəbdən taxıl istehsalının azalması isə böhranın yaranmasında başlıca amillərdən hesab olunur. Bəs, dünya bazarındakı vəziyyət Azərbaycana necə təsir edə bilər? Taxıl böhranından çıxış yolları nələrdir?

Sualımızı iqtisadçı-ekspert Rəşad Həsənov cavablandırıb. İqtisadçı Demokrat.az-a açıqlamasında bildirib ki, bu böhrandan çıxmaq o qədər də bəsit proses deyil. Onun sözlərinə görə, qısamüddətli dövrdə bundan nəticə gözləmək də sadəlövhlük olar:

“Çünki bu bir sistem, ekomühit məsələsidir. Bu günə qədər, 30 ildə görülən işlərin nəticəsinin yaratdığı fəsadlardır ki, Azərbaycan xüsusilə ərzaqlıq buğdada 95 faiz, unun idxalında 93 faiz Rusiyadan asılıdır. Təbii ki, bu çox ciddi riskdir. Baxın Dövlət Statistikasının məlumatlarında da özünüz görəcəksiniz ki, yerli istehsal olunan məhsullar bizim daxili tələbatın yarısını ödəmir və yerli istehsal olunan məhsullar, eyni zamanda birmənalı şəkildə qeyri-ərzaq məqsədli təyinatlı istifadə olunur. Yəni, ərzaq məqsədinə uyğun deyil. Bu gün də texnologiya inkişaf edir. Yəni, insanlar gedir və müasir standartlara uyğun avadanlıqlar gətirirlər. Bizim yerli taxıldan istehsal olunan unun müəyyən göstəriciləri var. Bunun uyğun gəlməməsi səbəbindən həmin avadanlıqlarla işləmir və məcburən yerli ərzaq məqsədli taxılla olan tələbat xarici ehtiyatlar hesabına formalaşır”. 



İqtisadçının sözlərinə görə, ilk növbədə Azərbaycanda mövcud olan torpaq resurslarından səmərəli istifadə proqramı işlənib hazırlanmaldır:

“Mövcud torpaqlardan, xüsusilə suvarılan torpaqların xüsusi çəkisinin artırılması, su resurslarının səmərəli istifadə edilməsi vacib məsələlərdir. İndi bu istiqamətdə məhsula subsidiyanın verilməsi ilə bağlı mexanizmə başlayıblar.  Düzdür, bu ümumi subsidiyanın çox az bir qismidir. Amma. düşünürəm ki, ümumiyyətlə götürəndə bu sahədə subsidiyalaşdırma keçməlidir məhsula görə subsidiyalaşdırılmaya. Çünki, əks halda o vəsaitlər sui-istifadə olunur və həmin ərazilər məhsuldarlığı, intensiv böyüməyi deyil, həmin o mexanizm daha çox ərazilərin böyüməsinə, yəni ekstensiv inkişafı dəstəkləyir. Ekstensiv inkişaf da məhsuldar deyil. Baxın bu ölkədə hər 100 nəfərdən 36-sı kənd təsərrüfatında çalışır, bizim iqtisadiyyatda kənd təsərrüfatna dair 5-6  faiz arasında dəyişir. Amma, inkişaf etmiş təcrübələrə baxanda, məsələn Hollandiya təcrübəsinə baxanda orada hər 100 nəfərdən bir onda ikisi kənd təsərrüüfatında çalışır. Kənd təsərrüfatında iqtisadiyyatda payı onun üzərinə düşən payın bir onda 6-dır. Məhsudarlıq baxımından 12-13 dəfə biz geri qalırıq. Hesab edirəm ki, bu məsələ öz həllini tapmalıdır”. 

R.Həsənov bildirib ki, intensiv böyümə istiqamətində təşəbbüslər dəstəklənməlidir:

“Müasir suvarma sistemləri ilə təchiz etmə istiqamətində təşəbbüslər dəstəklənməlidir. Və ümumiyyətlə götürəndə Azərbaycanda fermer taxıl əkənin yalnız bir qayğısı olmalıdır. Nə qədər çox məhsul götürüm? Nə edim ki, bu çox məhsulu götürüm? Başqa heç bir qayğısı olmamalıdır. Çox zaman onlar gəlir mövsüm dövründə satmalı olurlar. Çünki çox vaxt əkinə kredit götürürlər, kreditlərin də  adətən mövsüm dövründə geri qayıtması müqavilələrdə əks olunur. Məcburən onu daha ucuz qiymətə satmalı olur. Bununla da, mənfəət norması aşağı düşür. Bütün bu qayğılardan azad olunmalıdır. Bunun üçün də çətir mexanizmi hazırlanmalıdır. Bu çətir mexanizmi də sığorta sisteminin təkmilləşdirilməsidir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top