Əlisahib Hüseynov: “İsrail və Türkiyə tezliklə münasibətlərinin tam normallaşdığını elan edəcəklər”

GÜNDƏM 19 avq 2022, 14:34
“Türkiyə-İsrail münasibətlərinin normallaşması qaçılmazdır və bu da ilk növbədə zamanın tələbidir. Zaman və geosiyasi reallıqlar sürətlə dəyişir. Rusiya-Ukrayna müharibəsi fonunda beynəlxalq münasibətlər sistemi köklü dəyişikliklərə məruz qalmaqdadır. Hazırda cərəyan edən qlobal geosiyasi proseslər istər-istəməz İsrailin də xarici siyasətində korrektələr etməsini, dəyişikliklərə start verməsini, yeni münasibətlər sisteminə keçməsini zəruri edir. Türkiyə-İsrail münasibətlərinin normallaşdırılması İsrailin yeni hökuməti üçün əsas prioritet istiqamətlərdən biridir. Çünki Türkiyənin Suriya və Liviyadan tutmuş Cənubi Qafqaz, Orta Asiya və Ukraynaya qədər, bir çox istiqamətlərdə təsir gücünün, nüfuzunun artması bu ölkəni yenidən İsrail üçün vazkeçilməz edir.” 

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Onun sözlərinə görə, bu mənada İsrail hökumətinin region ölkələri ilə, ilk növbədə isə məhz Türkiyə ilə münasibətləri normallaşdırmağa marağının get-gedə artması tamamilə təbiidir:

“İsrailin baş naziri Yair Lapidin də son açıqlamasında bildirdiyi kimi Türkiyə ilə münasibətlərin bərpası regional sabitlik üçün vacibdir. İsrailin dünyada mövqeyini gücləndirmək istəyən koalisiya hökuməti anlayır ki, Türkiyənin son dövrlərdə dünyanın əsas geosiyasi aktorlardan birinə çevrilməsi bu ölkəni Türkiyə ilə əlaqələrə yenidən baxmağa və münasibətləri normallaşdırmağa vadar edir. Əfsuslar olsun ki, son 10 ildə Fələstin məsələsi Türkiyə-İsrail münasibətlərinin normallaşmasına ciddi surətdə maneçilik törədib. Lakin tərəflər bu məsələyə dair uzlaşma nöqtələrini tapmalı, kompromis həll yollarını nəzərdən keçirməli, iki ölkənin dostluq və əməkdaşlığının qarşısını necə deyərlər, “Çin səddi” kimi kəsmiş bu problemin üzərindən aşıb keçməyi, münasibətləri qaldıqları yerdən əvvəlki templə davam etdirməyi bacarmalıdırlar. Görünən budur ki, hazırda həm İsrail, həm də Türkiyə hökumətləri siyasi-diplomatik əlaqələrin, iqtisadi münasibətlərin yeni mərhələyə keçməsində çox ciddi surətdə maraqlıdırlar və buna hazırdırlar”. 

“Müşahidələrimiz də onu göstərir ki, İsrail və Türkiyə tezliklə münasibətlərinin tam normallaşdığını elan edəcəklər. Eyni zamanda Təl-Əviv və Ankaradakı səfirlər də tezliklə geri qayıdacaq, iki ölkə arasında diplomatik münasibətlər bərpa olunacaq. Bunu da qeyd etməliyik ki, Naftali Bennet və Yair Lapidin rəhbərlik etdiyi koalision hökumət Türkiyənin müsəlman ölkələrinə təsir gücünün kifayət qədər yüksək olduğunun fərqindədir. Müsəlman ölkələri ilə münasibətləri normallaşdırmağa, diplomatik əlaqələr qurmağa çalışan İsrail hökuməti bu məsələdə də Türkiyənin dəstəyini qazanmağa çalışır. Bir sözlə, yeni koalision hökumət region üçün vəd etdiyi sülh və sabitliyin bərqərar olunmasının yolunun bilavasitə Türkiyə ilə sıx əməkdaşlıq və müttəfiqlikdən keçdiyini bilir və bu istiqamətdə bütün səylərini səfərbər edib”. 

Ə.Hüseynov əlavə edib ki, Türkiyə-İsrail münasibətlərinin normallaşması heç şübhəsiz ki, bu iki ölkə ilə yanaşı bütövlükdə regionun iqtisadi inkişafına da təsirsiz ötüşməyəcək:

“İsrailin Baş naziri Yair Lapid də bu düşüncəni bölüşür. Belə ki, o, son açıqlamasında bildirib ki, Türkiyə ilə münasibətlərin bərpası regional sabitlik və inkişaf üçün vacibdir, İsrail vətəndaşları üçün çox vacib iqtisadi xəbərdir. İsrailin və regionun ehtiyac duyduğu iqtisadi inkişafın artımında İsrail-Türkiyə münasibətlərinin mühüm rolu özünü ilk növbədə Şərqi Aralıq dənizində yerləşən İsrail təbii qazının Türkiyə tərəfindən Avropa istehlakçılarına çatdırılmasında göstərə bilər. İsraildən gələn qaz xəttinin Türkiyə ərazisində olan qaz infrastruktuna inteqrasiya edilməklə Yunanıstan üzərindən Avropaya ötürülməsi İsrail üçün ən əlverişli alternativlərdən biri sayıla bilər. 

Ümumiyyətlə, normallaşma prosesi çərçivəsində bu cür birgə əməkdaşlıq imkanları kifayət qədər genişdir. Və bu da sevindirici haldır ki, Türkiyə-İsrail münasibətlərinin normallaşması prosesində fəal vasitəçilik rolu oynayan ölkələrdən biri də bizim ölkəmizdir. Azərbaycanın Türkiyə ilə tarixi qardaşlıq münasibətləri və İsrail ilə sıx iqtisadi və siyasi əlaqələri bizim ölkəmizə Türkiyə-İsrail münasibətlərinin normallaşmasında fəal moderatorluq etməyə və həlledici rol oynamağa imkan verir. Bu iki ölkənin münasibətlərinin bərpası bizim geosiyasi maraqlarımız ilə də üst-üstə düşür. Bu baxımdan, biz Türkiyə-İsrail münasibətlərinin normallaşmasını fəal surətdə dəstəkləyirik”. 

Aynurə Pənahqızı
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top