Uzanan Rusiya-Ukrayna müharibəsi, görünməmiş quraqlıq, qıtlıq...

GÜNDƏM 17 avq 2022, 11:06
Dünya ölkələri, həmçinin ölkəmiz taxılın bahalaşması prosesindən qaça bilməyəcək.
  
Ötən ay Rusiya, Türkiyə, BMT və Ukrayna nümayəndələri arasında Ukrayna limanlarından taxıl ixracını təmin etmək üçün imzalanan saziş dünya bazarlarında qiymətlərə təsir edəcəyi istiqamətində pozitiv proqnozlara yol açdı. Bunun taxıl ixracının bahalaşmanın qarşısının alınmasında mühüm rol oynayacağı, ucuzlaşmanın baş verəcəyi barədə rəylər üstünlük təşkil etsə də, görünən odur ki, tezliklə qiymətin ciddi şəkildə ucuzlaşacağı real deyil. 

Təbii ki, bizi bu prosesin Azərbaycana nə dərəcədə təsir edəcəyi daha çox düşündürür. Bəllidir ki, ölkəmiz özünü hazırda taxılla təmin edə bilmir və bunun yaxın dövrdə müsbətə doğru dəyişəcəyi gözlənilmir, həmçinin hələ uzun illər də tam təminat mümkün olmayacaq. Konkret rəqəm üzərində dayansaq, Azərbaycanın özünü taxılla təminetmə əmsalı bu ilin əvvəlinə 62 faiz təşkil edib. Görülən tədbirlər nəticəsində 3-4 il ərzində bu göstəricinin 80 faiz səviyyəsinə qalxması ehtimal olunur. İşğaldan azad edilmiş ərazilərdə olan çox münbit iqlim və təbii şərait bunun reallığa çevriləcəyini şübhəsiz edir. Bu ərazilərdə kənd təsərrüfatının müasir planlı şəkildə təşkili ölkəmizin taxılla təminatına da təsir edəcək.

Önümüzdəki indiki reallıq isə budur ki, dünya bazarlarında taxılın qiymətinin qalxması və ya enməsi bütün ölkələr kimi Azərbaycana da təsirsiz ötüşməyəcək. Bütün müsbət proqnozlara rəğmən dünya bazarlarında son iki ildə taxılın qiymətindəki çox ciddi bahalaşma fonunda nəzərəçarpan ucuzlaşma müşahidə olunmur. Bahalaşma ilə yanaşı, taxıl qıtlığı da yaşanmaqdadır. Azərbaycanda isə taxıl qıtlığı gözlənilmir. Ölkəmiz ənənəvi olaraq taxılı Rusiyadan alır və bu istiqamətdə hər hansı problem mövcud deyil. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan digər ölkələrdən taxıl alarkən ikitərəfli müqavilələrdə taxılın dünya bazarındakı qiymətləri əsas götürülür. Bu baxımdan eyni müsbət fikri qiymət artımı ilə bağlı vurğulamaq mümkün deyil, əksinə  dünyada baş verənlər prosesin mənfiyə doğru inkişafını diqtə edir.

Gəlin baxaq, son vaxtlar taxılın qiymətinin artımına təsir edən amillərin hansı aradan qalxıb?

Dünyada əsas taxıl ixracatçıları olan Rusiya və Qazaxıstanın xaricə satışa qoyduğu limit qüvvəsindədir. 

Uzanan Rusiya-Ukrayna müharibəsi nəticəsində taxıl ixracına yaranan problemlər davam edir və mövcud qıtlıq qiymət artımını şərtləndirən əsas amillər sırasında öncül mövqeyini qoruyub saxlayır.  

Müharibənin bütün daşınmaları, logistikanı sıradan çıxartması günümüzün digər reallığıdır. Bu gün Türkiyə vasitəsi ilə açılan nəfəslik bu problemi köklü şəkildə həll etmək imkanında deyil. Hazırda bir sıra ölkələr maddi imkanlarının yüksək olmasına rəğmən, almaq üçün taxıl tapa bilmir.

Bütün bunların üzərinə dünyada görünməmiş quraqlığın, iqlim dəyişikliklərinin həm Avropa, həm də dünya iqtisadiyyatına milyardlarla dollar zərər vurmasını da gəlsək, vəziyyətin ürəkaçan olmadığını görərik. Avropada son 500 ilin quraqlıq dövrünün yaşanması nəticəsində ərzaqlıq taxıl məhsullarının proqnozdan xeyli az yığılması baş verib. Quraqlıq hava Rusiyaya da təsirsiz ötüşməyib. Bu ölkənin ekspertlərinin rəyinə əsasən, bu, yazlıq buğda əkinlərinə təsir edir və məhsul proqnozdan az olur.

Belə bir vəziyyət Azərbaycanda da digər ölkələrdə olduğu kimi, unun bahalaşması qaçılmaz edir. Yuxarıda vurğuladığımız kimi, Azərbaycan taxılı idxal edir və hazırda taxılın qiymətini dünya bazarı müəyyənləşdirir. Sadə dildə desək, burada neftin qiymətlərində olduğu kimi, hökumət yox, dünya bazarı dominantlıq edir. Və son sözü Tarif Şurası yox, dünya bazarı deyir. 

Ötən ilin avqust ayında dünya bazarında buğdanın 1 tonu 250 dollardan ucuz olduğu halda, hazırda qiymət 350 dollar ətrafında dəyişirsə, əlavə səbəblər axtarışına çıxmaq doğru yanaşma deyil. 

İndiyədək Azərbaycan dövləti müxtəlif mexanizmlərdən istifadə edərək subsidiya hesabına unun qiymətinin artımının qarşısını alsa da, Ukraynada müharibənin uzanması gec-tez qiymətə təsir edəcək. Odur ki, bu duruma hər birimiz psixoloji olaraq hazır olmalıyıq...

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top