Natiq Cəfərli: “Təklifimizi dövlət qəbul etsə, ölkədə qiymət artımının qarşısı alınacaq”

GÜNDƏM 11 avq 2022, 16:12
“Azərbaycanda inflyasiya rəsmi rəqəmlərə görə 13 %-dir, ərzaq inflyasiyası 20 %-dir. Azərbaycanda bu rəsmi rəqəmlərdir, qeyri-rəsmi inflyasiya rəqəmləri daha yüksəkdir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında REAL Partiyasının icraçı katibi Natiq Cəfərli deyib. 

İqtisadçı vurğulayıb ki, Azərbaycanda qiymət artımının obyektiv və subyektiv səbəbləri var:

“Obyektiv səbəbi təbii ki, dünyada baş verən inflyasiya prosesidir. Bütün dünyada qiymətlər artır, logistik problemlər yaranıb. Rusiya-Ukrayna müharibəsi bu problemləri daha da dərinləşdirdi, amma problemlərin kökündə “Covid-19”a qarşı dünyada aparılan ağılsız və mənasız mübarizə idi. Yəni, kovidə qarşı mübarizə adı altında logistik xətlər dağıdıldı, iqtisadi münasibətlər korlandı və bu da qiymət artımınıın əsas səbəblərindən biridir. Amma, Azərbaycandan qaynaqlanan səbəblər də var. Azərbaycanda istehsal zəifdir, yerli istehsal çox aşağı səviyyədədir, idxaldan ciddi asılılığımız var. Bütün bunlar daxili bazarda qiymət artımınına səbəb olan əsas  amillərdən biridir”.

İqtisadçının sözlərinə görə, bizdə gömrük və vergi xidməti də düzgün çalışımır:

“Əsasən də, gömrük orqanlarının fəaliyyəti qiymət artımına səbəb olan əsas amillərdən biridir. Hökumətdən asılı olan alətlər var ki, o alətlərdən də hökumət istifadə etmir. Biz Real Partiyası olaraq bir neçə dəfə təklif etmişik, bu yaxınlarda da təklif etdik ki, qida və dərman preparatlarında əlavə dəyər vergisi 18 faizdən 2 faizə endirilsin. Bu iki istiqamət Azərbaycan əhalisinin xərclərinin 54-55%-ni təşkil edir. Ona görə də, bu iki istiqamətdə əlavə dəyər vergisinin 16 faiz azaldılması çox ciddi təsir göstərə bilərdi, qiymət artımının qarşısını kəsən amillərdən birinə çevrilə bilərdi. Bu gün Azərbaycan əhalisinin 80-85 faizi şəbəkə marketlərindən alış-veriş edir. Yəni, böyük supermarketlərdən alış-veriş edirik. Oradan aldığımız hər bir malın üzərinə əlavə dəyər vergisi gəlir. Tutaq ki, biz 50 manatlıq nəsə alırıqsa, 9 manat əlavə dəyər vergisi ödəyirik. Bizim təklifimizi dövlət qəbul etsə, bu 1 manata düşəcək. Yəni, 59 manat yox, bundan sonra 51 manat ödəcəyik. Bununla da, 8 manat vətəndaşın cibində qalacaq. Belə addımlarla da ölkədə qiymət artımının qarşısını almaq mümkün olacaq”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top