Taleh Kazımov investisiya şirkətlərinin rəhbərləri ilə görüş keçirdi

MALİYYƏ 05 avq 2022, 11:06
Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımovun investisiya şirkətlərinin rəhbərləri ilə görüşü keçirilib.

Demokrat.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, görüşün məqsədi kapital bazarının ölkə iqtisadiyyatında rolunun artırılması və institusional inkişafı, qiymətli kağızlar bazarının infrastrukturunun müasirləşdirilməsi, sektorda tənzimləmə və nəzarət proseslərinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi kimi aktual məsələlərin müzakirə edilməsi olub.

T.Kazımov qeyd edib ki, həyata keçirilən geniş islahatlar və inkişaf siyasəti nəticəsində ölkədə makroiqtisadi sabitlik, maliyyə dayanıqlığı təmin edilib. O, bundan sonra da dayanıqlı makroiqtisadi sabitlik, sosial-iqtisadi inkişafa dair hədəf və vəzifələrin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq bu istiqamətdə genişmiqyaslı tədbirlərin davam etdiyini diqqətə çatdırıb, maliyyə bazarlarının aparıcı rolunun daha da gücləndirilməsi, xüsusilə beynəlxalq standartlara uyğun, iqtisadiyyata geniş maliyyələşmə imkanları təqdim edən kapital bazarı formalaşdırılması, əhali yığımlarının investisiyaya transformasiyasını təmin edən kapitallaşma mexanizmlərinin yaradılması istiqamətində aparılan işlərin xüsusi əhəmiyyətini qeyd edib.

Görüşdə investisiya şirkətlərinin rəhbərləri çıxış edərək kapital bazarında cari və strateji inkişaf məsələləri, bazar infrastrukturunun təkmilləşdirilməsi və bazarın təşviqi ilə bağlı fikirlərini bildiriblər.

Daha sonra kapital bazarında normativ hüquqi baza və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, maliyyə vasitəçiliyinin rolunun artırılması, investisiya fondlarının fəaliyyətinin təşviqi, qiymətli kağızlarla klirinq və hesablaşma sistemlərinin optimallaşdırılması, qiymətli kağızlar bazarında stimullaşdırıcı vergi mühitinin formalaşdırılması və fond birjasında ticarət olunan investisiya qiymətli kağızlarının çeşidinin artırılması mövzularında fikir mübadiləsi aparılıb və tərəfləri maraqlandıran suallar cavablandırılıb.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top