Azərbaycanın Qarabağ ərazisində söz sahibi olduğunu “Qisas” əməliyyatı da təsdiqlədi

GÜNDƏM 04 avq 2022, 12:42
Azərbaycan  və Rusiya prezidentlərinin, həmçinin Ermənistan baş nazirinin birgə imzaladıqları 10 noyabr 2020  - ci il tarixli Bəyanatın maddələrini kobud  şəkildə pozan erməni hərbçiləri işğaldan azad edilmiş ərazilərimizdə atəşkəs rejiminə riayət etmir, təxribatlar törədirlər. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin növbəti təxribatı zamanı Azərbaycan Ordusunun hərbçisi şəhid oldu.

Üç dövlət başçısının  birgə imzaladıqları Bəyanatın maddələrini kobud şəkildə pozan qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri bir neçə gün əvvəl  Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstəriblər. Separatçılar Azərbaycan ərazisində silahlanmaqda davam edirlər. Təəssüf ki, Bəyanatın  4- cü bəndinə hələ də  əməl olunmur– Ermənistan hərbçiləri işğaldan azad edilmiş ərazilərimizdən bugünədək çıxarılmayıb.  Nə vaxta qədər erməni separatçıları həmin ərazilərdədir, oralar bizim üçün təhlükə mənbəyi olacaq.

Dünyanın bütün ərazilərində separatçılara qarşı əməliyyatlar keçirilir və onlar məhv edilir. Xatırladım ki, Azərbaycanla Rusiya Federasiyası arasında imzalanmış Müttəfiqlik sazişinin 18- ci bəndində qeyd edilir ki, Rusiya ilə Azərbaycan  terrorizmə və separatizmə qarşı birgə mübarizə  aparacaqlar.  Əslində, bu ərazidə yerləşdirilmiş sülhməramlı kontingent belə təxribatların qarşısını almalı idi. Ancaq etmədilər. Azərbaycan Ordusu sülhməramlı kontingentin vəzifəsini özü icra etdi və erməni separatçılarının yerləşdiyi ərazilər darmadağın  olundu.

Azərbaycan Prezidenti dəfələrlə bildirmişdir ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür. Lakin separatçılara layiqli cavab verilmirdi. Nəhayət, yenilməz ordumuz  düşmənin cavabını verdi.

Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli  yüksəkliklər nəzarətə götürüb. Hazırda bölmələrimiz tərəfindən əlverişli mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.

Çingiz Qənizadə,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top