Bu gün jurnalist olmaq istəyənlər qabiliyyət imtahanı verdi — YENİLƏNB

SOSİAL 31 iyl 2022, 13:00
Dövlət İmtahan Mərkəzi iyulun 31-də 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib.

Demokrat.az
Mərkəzə istinadən xəbər verir ki, bu mərhələdə III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən və jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş abituriyentlər iştirak ediblər.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunub. İmtahanın keçirilməsinə 10 imtahan binası, 52 zal, 14 imtahan rəhbəri, 65 nəzarətçi-müəllim cəlb olunub.

İmtahan bütün binalarda saat 10:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edib.

İmtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə təklif olunan 238 mövzu arasından 3 mövzu seçilib və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazıblar.

İmtahan nəticələri yazı işlərinin yoxlanılması prosesi başa çatdıqdan sonra - 5 gün ərzində elan olunacaq.

İmtahandan məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı jurnalistika ixtisasını ərizələrində qeyd edə biləcəklər. Həmin abituriyentlər nəticələr elan olunduqdan sonra ixtisas seçimi etməlidirlər.


***08:48


Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirir.

DİM-dən Demokrat.az-a bildirilib ki, imtahanlar saat 10:00-da başlanır və imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binalarına buraxılmırlar.

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanında internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edirlər. İmtahanda 703 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top