“Aslanlar”la “Canavarlar”ın qarşılaşması... — FOTOLAR

SOSİAL 26 iyl 2022, 12:42
“Canavarlar komandasında komanda kapitanı olaraq yarışa qatıldıq. Bu, 2-ci futbol yarışımızdı. İkinci futbol yarışında da 4 top vuraraq, uğurlu nəticə əldə elədim, kuboka sahib oldum, 1-ci yer medalına layiq görüldüm.”

Bu sözləri Demokrat.az-a müsahibəsində Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təşkil olunmuş, qazilərdən ibarət futbol yarışının oyunçusu, “CANAVARLAR” komandasının futbolçusu Bəkir Əsgərzadə söyləyib. Ehtiyatda olan baş leytenant Bəkir Əsgərzadə deyir ki, hərbi akademiyada oxuduğu illərdə də futbolla mütəmadi məşğul olub, hətta uğurları da az olmayıb. Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə sol ayağını itirib, prezident tərəfindən “Qarabağ” ordeninə layiq görülüb:

“Futbolu təşkil edən hər bir kəsə təşəkkürümü bildirirəm, bu qazilərimizdə motivasiya yaradır, öz aktiv həyat tərzlərinə yenidən qayıdırlar. Onlar öz düşüncələrində futbol oynayarkən, hər hansı bir idman növü ilə məşğul olarkən əlil olduqlarını fikirləşmirlər. Belə oyunların davamlı olmasını çox istəyərəm. Başqa qazilərə də məsləhət görərdim ki, çəkinməsinlər, oyunlara qatılsınlar, burda qorxacaq heç nə yoxdur.”

Ülvi Salayev döyüşlərə könüllü olaraq qatılıb, Füzuli, Cəbrayıl və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak edib, “Füzulinin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub. Deyir ki, müharibədən əvvəl futbola o qədər də marağı olmayıb. Amma indi yarışa qatılmaqdan çox məmnundur. Hətta təmsil etdiyi komanda məğlub olsa da, o növbəti oyunlara həvəslə hazırlaşır. 

“İndiyə kimi 2 oyun reallaşıb, ən 1-ci oyunda heç-heçə oldu hesab, axırıncı oyunda uduzduq təəssüflər olsun. Mənim də ürəyimdəndi belə şeylərin olması. Birinciyə qatıldığım üçün, 2-ciyə də dəvət gəldi. Davamlı olsa lap əla olar.”

Hüseyn Cəfərov Cəbrayıl, Füzuli, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib və “Cəbrayıl, Füzuli və Xocavəndin azad olunmasına görə”, “Şücaətə görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Deyir ki, əvvəllər futbolla heç arası olmayıb.

“Əvvəldən elə də marağım yox idi, amma gəldikcə insan yavaş-yavaş alışır. Normal hiss edir özünü. İkinci oyunda Polad qardaşımla toqquşduq, onda hər iki ayaq protez olduguna görə sağ dizimi az da olsa zədələdi, ama elə də ciddi bir şey olmadığına görə oyunun axırına kimi davam edə bildim.”

Görünən budur ki, dövlətin xüsusi qayğısı və diqqəti sayəsində Vətən müharibəsində sağlamlığını itirmiş igidlərimizin cəmiyyətə təkcə tibbi deyil, həm də sosial inteqrasiyası həyata keçirilir. Futbol yarışları isə onların sosial inteqrasiyasına xidmət edən, aktiv həyata adaptasiyalarına kömək edən effektiv üsuldur.  

Bizə sağlamlığı bahasına qələbə qazandıran igidlərin gülüşü, həvəsi toplumun əhvalını əks etdirir, cəmiyyətin həyat eşqini tərənnüm edir. Siz həmişə yaxşı olun! Onda ayaqlarınızla ayaqda saxladığınız zəfər ruhumuz həmişə günəş tək parlayacaq!






Maya İmran
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top