“Ailəmdən utanırdım, narkotik vasitəni...” — Narkotik istifadəçisindən şok ifadə

SOSİAL 19 iyl 2022, 11:12
Gəncə şəhərində külli miqdarda narkotik vasitə gəzidrəmkdə ittiham olunan 1975-ci il təvəllüdlü Anarın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Anar 7,647 qram narkotik vasitə olan heroini, bir ədəd qırmızı rəngli falqada təmiz çəkisi 0,114 qram psixotrop maddə olan metamfetamini, həmçinin iki ədəd içərisində narkotik vasitə olan heroin izləri olan ampula şüşələri, içərisində narkotik vasitə olan heroin izləri olan bir ədəd 1 ml-lik, bir ədəd 2 ml-lik şpirisləri satış məqsədi ilə əldə edib. 
Anar Gəncə şəhəri 3 nömrəli Təcili Tibbi Mərkəzdə xidmətdə olan Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Gəncə şöbəsinin polis nəfərinin məlumatı əsasında Gəncə şəhər, Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb. 

İstintaq orqanı tərəfindən Anarın barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi araşdırılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Xəqani Səmədovun sədrliyi ilə araşdırılıb. 

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Anar elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, saxlanılmamışdan təxminən 1 il əvvəl narkotik vasitə istifadə etməyə başlayıb: “2021-ci ilin sentyabrından istifadə etdiyim narkotik vasitə olan heroinin bir qramını 15 manata Bakı şəhərində tanımadığım İran İslam Respublikası vətəndaşından “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə almışam. Mütəmadi olaraq narkotik vasitələrdən istifadə etdiyimdən ailə üzvlərimdən utandığım üçün narkotik vasitəni tərgitmək qərarına gəldim. Buna görə də həbs olunduğum günündən bir gün qabaq Gəncə şəhərinə gəldim. Gecə qalmağa yerim olmadığı üçün yatmaq məqsədilə Gəncə şəhər 3 nömrəli xəstəxanaya gəldim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, xəstəxanada olan vaxt mülki geyimdə olan şəxslər ona yaxınlaşıb və özlərini təqdim ediblər: “Polis əməkdaşları olduqlarını bildirərək narkotik vasitələri qeyri-qanuni olaraq əldə etməkdə və saxlamaqda şübhəli olduğumu bildirdilər. Məni Nizami rayon Polis İdarəsinə gətirdilər. Polis idarəsinə gəldikdən sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı əynimdə olan göy rəngli cins şalvarın sağ yan cibindən Bakı şəhərindən alaraq özüm ilə gətirdiyim 1 ədəd göy rəngli sellofanın içərisindəki şəffaf sellofana bükülü narkotik vasitə heroin aşkar edildi. Həmin vaxt üzərimdə psixotrop maddə olan metafetamin, ampula şüşəsi və şpiris olmayıb”.
Məhkəmənin hökmü ilə Anar 6 il müddətinə azadlıqdan məhrum edilib. 


Fariz Məlikli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top