Vüqar Rəhimzadə: “Belə insanlar jurnalistikaya xələl gətirirlər”

GÜNDƏM 04 iyl 2022, 17:49
Ötən ilin avqustunda həbs edilən jurnalist İlqar Atabəylinin cinayət işinin ibtidai istintaqı başa çatıb. İş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İlqar Atabəyli Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışan Ağamalıyeva Mirvari Ağamalı qızının və rayon icra hakimiyyətinin digər vəzifəli şəxsləri haqqında hörmətdən salan rüsvayedici məlumatları video çarxlar formasında «Xəbər kanalı» səhifəsində yayaraq video çarxların silinməsi müqabilində Mirvari Ağamalıyevadan 4000 manat pul tələb edib.

Məsələ ilə bağlı fikirlərini Demokrat.az-a bölüşən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, jurnalistikada peşə-davranış qaydaları vacib amillərdəndir. O qeyd edib ki, bu prinsipləri bilmək jurnalistikanın ana formasını təşkil edir:

“Qarşıda duran əsl jurnalistin jurnalistikaya olan münasibətinin formalaşmasında bu prinsiplərin qiymətləndirilməsi vacibdir. Əgər hansısa şərtlər daxilində hansısa bir niyyət reallaşdırılırsa, hansısa bir çirkin iş görülürsə, bu, birmənalı şəkildə təkcə jurnalistika üçün deyil, ümumiyyətlə, cəmiyyət, dövlət və bütün insanlar üçün qəbulolunmaz faktdır. Hesab edirəm ki, bu kifayət qədər böyük utancverici haldır ki, jurnalistikada belə hallar baş verir. Əlbəttə ki, istintaq orqanları məsələni araşdırıb dəqiqləşdiriblər. Yəqin ki, lazımi qərarlarını, münasibətlərini, fikirlərini hüquqi çərçivədə ortaya qoyublar. Əgər belə bir hal varsa, istintaq orqanları bunu təsdiq edib məhkəmə prosesinə göndərirlərsə, bu çox utancverici  bir haldır. Bu jurnalistikanı nüfuzdan, hörmətdən salmaqdır. Ümumiyyətlə, jurnalistika adından sui-istifadə etmək birmənalı şəkildə qəbulolunmazdır”. 

Baş redaktor əlavə edib ki, istənilən jurnalist vətəndaşdır və digər vətəndaşlar kimi onlar da qanun qarşısında bərabərhüquqlu məsuliyyət daşıyırlar:

“Bu məsuliyyətini kimsə itirirsə, istər jurnalist olsun, istərsə qeyri-jurnalist olsun, bu cəmiyyətə ziyanlı fəsadlar verir. Birmənalı şəkildə rüşvət almaq, rüşvət vermək, xüsusilə jurnalistin öz qələmi müqabilində şantaj, böhtan, şəxsi ailə həyatına müdaxiləsi birmənalı şəkildə qəbulolunmazdır. Bu jurnalistikada da, cəmiyyətin digər sahələrində də cinayət amili ortaya qoyur. Təbii ki, hər kəs bu əməllərinə görə lazımi hüquqi çərçivədə öz məsuliyyətini daşımalıdır və öz lazımi qiymətini almalıdır. Təbii ki, belə hal təsdiq olunubsa, hüquq mühafizə orqanları bunu araşdırıb təsdiq edərək məhkəməyə göndəriblərsə, demək ki, bu, realdır . Bu isə ən böyük qəbahət, utancverici haldır. Belə insanlar jurnalistikaya xələl gətirirlər”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top