Dünya Müasir Döyüş növləri Federasiyasının ilk reytinq turniri keçirildi — FOTOLAR

İDMAN 21 iyn 2022, 09:40
18-19 iyunda Abşeron Olimpiya İdman Kompleksində Dünya Müasir Döyüş növləri Federasiyasının ilk reytinq turniri və Samuray Karate Klubunun IV Klublararası Açıq Çempionatı baş tutub.

Demokrat.az
xəbər verir ki, Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə nümayəndəliyinin təşkil etdiyi yarışda 500-dən çox karateçi qüvvəsini sınayıb. 

Azərbaycanda ilk dəfə düzənlənən karate üzrə reytinq turnirində idmançılar bütün yaş qruplarında mübarizə aparıblar. 

Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti, Dünya və Avropa çempionu Arif Məmmədov yarışın qaliblərinin milli komandaya cəlb olunacaqlarını deyib. O, məqsədlərinin ilin əsas yarışı olan Dünya çempionatına planlı şəkildə hazırlaşmaq olduğunu vurğulayıb.  

İki gün davam edən yarışın yekununda kişilər arasında Mərkəzi Ordu İdman Klubunda hərbi xidmətini davam etdirən Elcan Məmmədrzayev (-75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Muraz Atakişiyev 75 kq-dan yuxarı çəkidə ən güclü olub. 

Qadınların mübarizəsində Səma İmanzadə qızıl medal qazanıb. Yeniyetmə və gənclər arasında isə Elton Əliyev, Musa Məmmədov, Nicat Müslümov, Marat Semixov, Fidan Rüstəmova, Xədicə Mürsəlova, Mədinə Kazımova və Cansu Əhmədzadə birinci olublar. 

Yarışın açılış mərasimini giriş nitqi ilə Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti Arif Məmmədov açıb. İdmançılara uğurlar arzulayaraq Dünya çempionu, tamaşaçılara səslənərək, karateçiləri dəstəkləməyə çağırıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardından "Əfsanə" rəqs qrupu Üzeyir Hacıbəyov "Cəngi" musiqisinin sədaları altında zala toplaşanları feyziyab edib. 

Bundan sonra il ərzində ən çox reytinq xalı toplayan karateçilər və digər kateqoriyada fərqlənən idmançı və məşqçilər mükafata layiq görülüb. Belə ki, Raul Əliyev, Elton Əliyev, Mikayıl Nağıyev, Fidan Rüstəmova və Elcan Məmmədrzayev bu yarışa qədərki nəticələrinə görə reytinq xalı əsas götürülməklə pul mükafatına layiq görülüblər. Adları çəkilən karateçilər il ərzində bütün yarışlarda qalib olublar. Bu yarışdan çempion kimi ayrılan həmin idmançıların maaşlarına federasiya tərəfindən əlavələr nəzərdə tutulub. 

Beləliklə, yuxarıda adları sadalanan 5 idmançı ilin sonunadək birinci olmağa davam edərlərsə, bahalı hədiyyələrə layiq görülə bilərlər. Şərtlərə əsasən, reytinq xalları ilə zirvədə qərarlaşan və yaşı 15-dək olan idmançı ili məğlubiyyətsiz başa vurarsa, 10.000 manat (şəxsi məşqçisi 2.000 manat) pul mükafatı qazanacaq. İl ərzində 16-17 yaşlılar arasında uduzmayan idmançı avtomobilə, 18 yaşdan yuxarı bütün yarışların qalibi Bakıda mənzilə sahib olacaq.       

Yeri gəlmişkən, federasiya Misir Ərəb Respublikasının Qahirə şəhərində Premyerliqa Seriya A-da gümüş medala sahib olan Murad Hacızadəyə xüsusi olaraq pul mükafatı təqdim edib. Cansu Əhmədzadə də isə idmançılar arasında xüsusi fərqləndiyinə görə analoji olaraq pul mükafatına layiq bilinib. 

Federasiya məşqçilərə də biganə qalmayıb. Məşqçilərdən Elmin İsayev, Azər Aslanov, Elşən Xamoyev, İbrahim Heydərov, Əli Rəcəbov, Namiq Pirverdiyev və Orxan Şabanov fərqləndirilib və onlara pul mükafatları təqdim olunub.

Yarışın açılış mərasimindən sonra final döyüşlərinə start verilib. Günün sonunda qaliblər diplom və medallarla təltif olunublar

Qeyd edək ki, “Qarabağ” Karate Klubu bütün rəqiblərini üstələyərək, komanda hesabında 1-ci olub. Mərkəz Karate Məktəbi (MKM) ikinci yerə çıxıb. “Samuray” və “Günəş” klubları 3-cü pillədə qərarlaşıblar. 

Zaur
Demokrat.az 






















Zaur
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top