Gəncədə məşhur restoranın arxasında gənclər arasında qanlı dava — Şok təfərrüat

KRİMİNAL 07 iyn 2022, 11:53
Gəncə şəhərində 1988-ci il təvəllüdlü Orxan şəxsi münasibətlər zəminində yarana münqanişə zamanı Ceyhuna xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Orxan 25 iyul 2020-ci ildə, saat 18 radələrində Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospektində yerləşən “Züqo Tavr” restoranının arxasında əvvəllər tanımadığı sərxoş vəziyyətdə olan Gəncə şəhər sakini Ceyhunun onunla alçaldıcı formada rəftar etməsi və onu yumruqla vurmasına görə aralarında dava-dalaş yaranıb. Bu zamanı Orxan Ceyhunun üzərində gəzdirdiyi bıçaqla iki dəfə sinə nahiyyəsindən qəsdən vurub. 

İstintaq orqanı tərəfindən Orxanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Orxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, iyulun 25-də, saat 18 radələrində vaxt keçirmək üçün Gəncə şəhərindəki “Züqo Tavr” şadlıq sarayının arxasında yerləşən ərazidə quş saxlayan Elxan adlı tanışının yanına gedib: “Həmin vaxt orada tanışlarımız - Elxan, Elvin, Elvinin qardaşı və Eldəniz, həmçinin əvvəllər tanımadığım, sonradan adının Ceyhun olduğunu bildiyim şəxs olub. Həmin şəxslərlə salamlaşdıqdan sonra Elvinlə söhbət etdim. Elvinlə söhbət etdikdən sonra Ceyhun mənimlə tanış olmaq istədi. Mən də özümü Ceyhuna təqdim etdim, “Dəyirmanın dairəsi” adlanan ərazinin yaxınlığında yaşadığımı bildirdim. Həmin vaxt Ceyhunun danışığından onun sərxoş olduğunu başa düşdüm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Ceyhun öz telefonu ilə kimlərəsə zəng edərək onun barəsində maraqlanmağa başlayıb: “Ceyhun zəng etdiyi şəxsə kinayə ilə, məni alçaltmaq fikri ilə sonuncunun “gənc kadr” olduğunu bildirdi. Ceyhuna nə üçün tanımadığı halda, həmçinin münasibəti olmadığı halda barəmdə hansısa şəxslərə o cür danışdığını soruşdum. Ceyhun isə kobud halda ona danışmağı öyrətməməyimi dedi. Oturacaqda oturmuş halda sakit formada Ceyhunla söhbət etmək istədim. Lakin həmin vaxt Ceyhun heç bir səbəb olmadan gələrək qarşımda oturdu, ona danışmağı öyrətməməyimi dedi, qəflətən yumruqla sifətimə və başıma vurmağa başladı. Ceyhunun vurduğu zərbələrdən burnumdan qan axdı. Həmin vaxt orada olan şəxslər Ceyhunu məndən araladılar. Bu zaman Ceyhun yanında olan kiçik oturacağı götürdü, məni vurmaq üçün üstümə hücum etdi. Mən də cibimdə olan bıçağı çıxararaq Ceyhuna tərəf bir neçə zərbə atdım. Atdığım bıçaq zərbələrinin Ceyhunun bədəninin harasından dəydiyini bilməmişəm. Ətrafda olan şəxslər yenidən bizi ayırdılar. Ceyhun ayrıldıqdan sonra əlini sinəsinə tutdu, vurulduğunu bildirdi. Həmin vaxt atdığım bıçaq zərbəsinin Ceyhunun sinəsindən dəydiyini bildim”. 

Təqsirləndirilən şəxs deyib ki, bundan sonra Elxan öz avtomobili ilə Ceyhunu xəstəxanaya aparıb: “Mən isə qorxduğum üçün oradan uzaqlaşdım, Bakı şəhərinə getdim. Müəyyən müddət Bakı şəhərində qaldıqdan sonra törətdiyim cinayət əməlindən peşman olaraq Gəncə şəhərinə gəldim, yaşadığım evdə oturaraq polisin gəlməsini gözləməyə başladım. Daha sonra isə polis əməkdaşları evə gələrək məni polis idarəsinə apardılar”. 

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Orxan 6 il müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top