Masazırda həyata keçirilən qanunsuz tikintinin qarşısı alındı — FOTOLAR

GÜNDƏM 01 iyn 2022, 17:46
Son günlər bəzi kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə Masazır kəndi ərazisində “Talk.TV” İnternet Televiziyasının müxbiri Təbriz Mirzəyə qarşı jurnaslit fəaliyyəti aparan zaman Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən təzyiqə və təhdidə məruz qalması barəsində həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır. T.Mirzə özünün “facebook” sosial şəbəkə səhifəsində yanlış məlumatlar yayaraq içtimaiyyəti çaşdırmağa, əsl həqiqəti gizlətməyə çalışmışdır. 

Demokrat.az-ın məlumatına görə, Abşeron Rayon İcra Hakimiyyəti məsələ ilə əlaqədar bildirir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə Müəsissəsində cəza çəkən Talıbov Əjdər Fərrux oğlu Rayon İcra Hakimiyyətinə ünvanladığı  ərizəsində Masazır kəndi ərazisində ona məxsus 0,22 ha torpaq  sahəsində Seymur adlı şəxs tərəfindən qanunsuz tikinti işlərinin həyata keçirildiyini bildirmişdir. Vətəndaşın müraciətinin araşdırılması zamanı əraziyə baxış keçirilmişdir. Bu zaman Zaur, Rafiq və Fuad adlı şəxslər tərəfindən ərazidə 8 (səkkiz) sayda evin qanunsuz şəkildə tikintisinin həyata keçirildiyi məyyən olunmuş və aparılan inşa işlərinin qarşısı alınmışdır. Məlumat üçün qeyd edək ki, sözügedən torpaq sahəsi Masazır bələdiyyəsinə məxsusdur və adları qeyd olunan şəxslər tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Qanunvericiliyin tələbləri qanunsuz tikinti aparan şəxslərə izah olunmuş və Fuad adlı şəxsin özü tərəfindən aparaılan tikintinin bir hissəsi sökülmüşdür.

"Lakin sonradan adları qeyd olunan şəxslər əraziyə özünü “Talk” TV-nin  əməkdaşı kimi təqdim edən Təbriz Mirzə adlı şəxsi dəvət edərək orada  RİH-nin əməkdaşlarını təhqir və şantaj əməlləri etməklə qanunsuz tikinti  işlərini davam etdirməyə cəhdlər etmişlər.

Bununla əlaqədar olaraq RİH tərəfindən ərziyə polis çağrılmış və  qanunsuz tikinti işləri növbəti dəfə dayandırılmışdır. 

Torpaq sahəsinin zəbti faktı ilə əlaqədar yuxarıda adları qeyd olunan  şəxslərə qarşı qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Masazır  bələdiyyəsi tərəfindən müvafiq akt tərtib edilərək baxılması üçün Abşeron rayon Polis İdarəsinə göndərilmişdir. Eyni zamanda rayon  İcra Hakimiyyəti  tərəfindən də Abşeron rayon Polis İdarəsinə məktub ünvanlanaraq qanunsuz şəkildə həyata keçirilən tikinti işlərinin qarşısının alınmasına köməklik göstərilməsi xahiş olunmuşdur.

Abşeron Rayon İcra Hakimiyyəti bir daha bildirir ki, rayon ərazisində həyata keçirilən bütün qanunsuz tikinti işlərinin və torpaq zəbtlərinin qarşısı qətiyyətlə alınacaqdır", deyə RİH-dən qeyd edilib.



Məlik
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top