Deputat: “Xalqla prezident birliyi Azərbaycan xalqını daha böyük gələcəyə aparır”

GÜNDƏM 30 may 2022, 13:57
“Azərbaycan prezidenti Cənab İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfərləri və bu səfərlərin müstəqillik gününə təsadüf etməsi rəmzi məna daşıyır. Dövlətimizin başçısı dünyaya bir daha bəyan edir ki, Azərbaycan müstəqildir, torpaqlarımız azaddır və biz müstəqil siyasət yeritməyə qadirik”. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. Deputat əlavə edib ki, bir neçə təməl qoyma mərasimlərində iştirak etmələri, bərpa, quruculuq işləri ilə tanış olmaları, “Ağalı” kəndinin sakinləri ilə görüşməyi əsas verir ki, tezliklə işğaldan azad olunmuş ərazilərimiz minalardan təmizlənəcək  və sakinlər öz doğma yurd-yuvalarına qayıdacaqlar:

“Əlbəttə ki, bu torpaqlar dünyanın ən gözəl  yaşayış məskənlərindən birinə çevriləcək. Füzuli Beynəlxalq Hava Limanının açılışında sonra Zəngilan Hava Limanının bu il istifadəyə verilməsi, Horadiz-Ağbənd avtomobil yollarının sürətlə çəkilməsi, yeni elektrik stansiyasının, məscidin tikintisi ərazilərdə aparılan bərpa quruculuq işlərinin geniş miqyasından xəbər verir və Böyük Qayıdışın başlanğıcını göstərir. Sözsüz ki, bu işlərin görülməsi və vacib layihələrin həyata keçirilməsi iqtisadi imkanlarımızdan asıldıır. Bunu Cənab Prezidentimiz  öz çıxışında da qeyd etdi və bildirdi ki, dünya miqyasında bu ilə ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır”. 

 Milli Məclisin üzvü vurğulayıb ki, bu gün Azərbaycan yalnız siyasi cəhətdən deyil, həm də iqtisadi cəhətdən tam müstəqildir və onun heç bir yardıma, kreditə ehtiyacı yoxdur:

“Əlbəttə ki, bu müstəqilliyi Azərbaycan xalqı yüksək dəyərləndirir. Ölkədə hökm sürən ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, vahid məqsəd ölkənin təhlükəsizliyi və torpaqlarımızın azadlığı uğrunda mübarizədə bütün siyasi qüvvələrin birliyi bir mövqedən çıxış etməsi bunun əyani nümunəsidir. Cənab Prezident “Ağalı” kəndinin sakinləri ilə görüşündə bu amilləri bir daha diqqətə çatdırdı və göstərdi ki, Azərbaycan xalqı 44 günlük müharibədə öz cəsarətini ortaya qoydu. Hər bir oğul və qızlarımız torpağın azad edilməsi uğrunda cəsarətlə mübarizə apardı. Bu gün Azərbaycan ordusu dünyanın ən qüdrətli ordularından biridir və onun təkmilləşdirilməsi, ordu quruculuğunun daha da formalaşdırılması istiqamətində səmərəli işlər həyata keçirilir. Əlbəttə ki, xalqın birliyi və həmrəyliyi ölkədə yaranmış ictimasi-siyasi sabitlik bu gün nailiyyətlərimizin əsasıdır. Cənab Prezident görüşdə həm də xalqımızın birliyini, mübarizliyini yüksək qiymətləndirdi. Dünyaya bir daha bəyan etdi ki, xalqla prezident birliyi Azərbaycan xalqını daha böyük gələcəyə aparır. Cənab prezidentin bu səfəri də öz tarixiliyi və əhəmiyyəti ilə seçilir. Çünki o bütün dünya bir daha bəyan edir ki, Azərbaycan sülhün əmin və amanlığın, dinc quruculuq işlərinin tərəfdarıdır. Biz işğaldan azad olunmuş ərazilərimizdə bu gün dinc quruculuq işləri ilə məşğul olur. Ölkənin iqtisadi qüdrətinin yüksəlməsi, insanların həyat şəraitinin yaxşılaşdırılması üçün əlimizdən gələni əsirgəmirik. Təcavüzkar Ermənistan bir daha mesaj verir ki, onlar sülhün, əmin-amanlığın qorunması yolunda lazım olan addımları atsınlar. Sülh müqaviləsinin bağlanması, sərhədlərin müəyyən olunması, separatçılığın aradan qaldırılması, revanş meyllərin birdəfəlik yox edilməsi istiqamətində görüləcək işlər ilk növbədə Ermənistan üçün faydalıdır. Bu, həm də regionda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün çox vacibdir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top