“Narkotik istifadəçiləri iki gündür zirzəmiyə dadanıblar” — Məşhur aktyor dilə gəldi (FOTO)

SOSİAL MEDİA 29 may 2022, 10:21
Məşhur aktyor Elcan Rəsulov başına gələn maraqlı əhvalatı sosial şəbəkə statusunda izləyiciləri ilə bölüşüb.

Demokrat.az
xəbər verir ki, aktyor yaşadığı ərazidə narkotik istifadəçiləri ilə rastlaşdığını bildirib. O, yaranmış vəziyyətlə bağlı aidiyyəti qurumların hərəkətə keçəcəyinə ümid edir.

Aktyorun yazısını olduğu kimi təqdim edirik:

“Deməli elə indilərdə saat 03:50 radələrində evə gəlirəm. Görürəm blokdan əlində dəmir boru və bir neçə dəmir parçası olan "patı" istifadəçisi çıxır. Tez maşından düşürəm. Məni görür dayanır, əlindəkiləri sakitcə yerə qoyur. Adını Elşən kimi təqdim edir. Təkidimlə hətta götürdüklərini də yerinə qoyur. Dərdini açır ki, 1981-ci il təvəllüdlüyəm, dəmir yığıram aparıb verirəm dəmir alana. 10 kilosuna 2.50 manat verir. 40 kilo yığanda 10 manat düzəlir. Bu dərdlinin dərdinin bir tərəfi. 

İndi gələk başqa məsələyə. Bu niyə 5-6 km məsafə qət edib gəlib çıxıb bizim bloka. Deməli məlumatınız üçün deyim ki, 5 mərtəbəli binaların giriş hissəsində hamıya sirli və həmişə bağlı qalan bir qapı olur. O zirzəminin qapısıdır və MKİS-ə məxsusdur. Əlqərəz, 3-4 gün öncə, elə ilk öncə qapının özü, daha sonra çərçivəsi yoxa çıxır. Ustalardan biri mənə bildirir ki, "jek" başqa yerdə işçilər üçün yer düzəldib, aparıb ora qapı kimi qoyub, bərk-bərk də mənə tapşırır ki: amma məndən eşitməmisən haa. Sağ olsunlar açıq qalmasın deyə, 75-ci ilə məxsus bir taxta qapını haradansa tapıb gətirib söykəyiblər həmin zirzəminin qapı yerinə. Beton divar da qəzalı vəziyyətə düşüb, yəqin ki, 2-3 günə kiminsə üstünə aşar. Bu gözünə dönmədiyim "narkotik istifadəçiləri" də iki gündür dadanıblar zirzəmiyə. Əllərinə keçən dəmirlərdən daşıyırlar. Bu arada binanın bütün su və istilik sisteminin də əsası elə həmin zirzəmidədir. Yəni dəmir çoxdur orada. Bir səhər oyanacağıq ki, artıq sular gəlmir. Dünən görüntünü qısa video kimi çəkib hekayə bölümündə paylaşdım. Ki bəlkə, aidiyyatı qurumlardan kimsə görər ürəyi ağrıyar. Hətta Yasamal Rayon İcra Hakimiyyəti ni işarələdim. Sonra baxdım ki, instagram hesabında axırıncı dəfə 15 gün qabaq paylaşım ediblər, dedim bu videoya da 15-20 günə reaksiya verərlər. Bu yol da alınmadı. İndi görək bu vəziyyət nə vaxta qədər davam edəcək. 

Əvvələr həyətdən gecə saatlarında bir-iki dəfə də olsa post patrul maşını keçirdi. Çox belə adamlar da gözə dəymirdi. Yəqin onlar da görüblər artıq sakit həyətdir, tərgidiblər buralara gəlməyi. Deyirəm bəlkə bu posta məsələlərə tez reaksiya verən qurumlardan birini işarələyəsiniz, onların vasitəsilə çıxaq aidiyyatı qurumların qəbuluna. 

Maraqlı olsa yazın, rəyə bir-iki video şəkil də ataram ki, vəziyyət gözünüzün önündə canlansın” - deyə E.Rəsulov qeyd edib.

Zamiq
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top