Naqif Həmzəyev: “Azərbaycan-Türkiyə birlikdə güclənməyi qarşılarına hədəf qoyublar”

GÜNDƏM 26 may 2022, 16:40
“TEKNOFEST Azərbaycan”ın keçirilməsi çox tarixi və önəmli bir hadisədir. 

Bunu Demokrat.az-a Milli Məclisin deputatı Naqif Həmzəyev “TEXNOFEST Azərbaycan” festivalı ilə bağlı fikirlərini bölüşərkən deyib. Deputat qeyd edib ki, bu festivalın keçirilməsi ilə Azərbaycan bir daha çox böyük uğurlara imza atdı:

“Bilirsiniz ki, ilk dəfədir ki, bu festival Türkiyənin sərhədlərindən kənarda, başqa bir ölkədə, Azərbaycanda keçirilir. Təbii ki, əbəs yerə ilk olaraq Azərbaycan seçilməyib. Çünki Türkiyə-Azərbaycan qardaşlığı, strateji tərəfdaşlığı imkan verir ki, məhz “TEKNOFEST” festivalı Azərbaycanda keçirilsin. Azərbaycan da bu festivalın keçirilməsinə çox böyük önəm verir. Türkiyə həmişə öz hərbi sənayesində və digər sahəsindəki yenilikləri Azərbaycanla bölüşüb. Azərbaycan-Türkiyə birlikdə inkişaf etməyi, güclənməyi qarşılarına məqsəd və hədəf qoyublar. Bu baxımdan “TEXNOFEST”in Azərbaycanda keçirilməsi bizim məqsədlərimizə xidmət edir. Hədəfimiz məhz “TEXNOFEST”in mütəmadi olaraq Azərbaycanda keçirilməsini təmin etmək və ölkəmizdə bu sahədə gənc mütəxəssislərin yetişməsinə, onlara stimul verilməsinə nail olmaqdır”. 

Deputat qeyd edib ki, bu gün Türkiyə Hərbi sənayesində böyük uğurlar əldə edilməkdədir:

“Bugün dünyanın diqqətində olan əsas silahlar Türkiyə silahlarıdır Bunlarddan ən məşhurları “Bayraktar”, bir çox SİA və PUA-lardır. Təbii ki, biz festivalda bu silahları yaxından görə bildik. Bununla yanaşı, təhsil müəssisələrinin və  informasiya texnologiyası sahəsində çalışan şirkətlərin də təqdimatlarını izləyə bildik. Həmçinin, burada təşkil edilən yarışların və startapların da şahidi olduq. Ümumillikdə,festivalda elm adamları, startapçılarla yanaşı səhmdarlar, investorlar da var idi. Onlar maraqlı startapçıları dəstələmək, həmin layihələrə sahib çıxmaq üçün məhz burada idilər. Bu baxımdan bu tədbir iştirak edən bütün gənclər üçün əla bir fürsətdir. Məhz bu festivalı ərsəyə gəlməsində əməyi, əziyyəti olan Səlcuk Bayraktar və onun komandasına minnətdarlığımızı bildiririk. Qeyd edim ki, onun  həm hazırlıq işlərində, həm açılışda iştirak etməsi gənclər üçün bir stimuldur. Onlar məhz Səlcuq Bayraktardan nümunə götürəcəklər. Bu yolla getməyi və məhz informasiya texnologiyalar sahəsində uğurlar əldə etməyi hədəfləyəcəklər. Biz çox sevinirik ki, Azərbaycanda “TEXNOFEST” festivalı baş tutdu”. 

“Əlbəttə ki, festivalda sərgilənən və nümayiş etdirilən hər bir yeni texnika bizlərin marağını cəlb etdi. Nümayiş etdirilən təyyarələrin, qıırıcıların, SİA və PUA-ların keçidləri tamaşaçılar üçün əlavə bir adrenalin və əyləncə oldu. Həmçinin də, biz qürurlandıq ki, Türkiyə və Azərbaycan bayraqları səmada birgə dalğalandılar. Festival çərçivəsində Azərbaycan və Türkiyə pilotları öz məharətlərini göstərdilər. Bu, Azərbaycan-Türkiyə qardaşlığının, Azərbaycan-Türkiyə dövlətlərinin birlikdə inkişaf fəthini tutmaları və bizim hələ gələcəkdə çox böyük uğurlara imza atacağımızın bir işarəsidir. Əməyi, əziyyəti keçən bütün təşkilatçılara dərindən təşəkkürümüzü bildiririk və bütün gənclərimizi “TEKNOFEST”də aktiv iştirak etməyə dəvət edirik”- deyə millət vəkili fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top