Politoloq: “Yaxın zamanlarda Türkiyə-Ermənistan münasibətləri yaxşılaşa bilər”

GÜNDƏM 10 may 2022, 19:44
Ermənistan parlamentinin sədr müavini Ruben Rubenyan qanunverici orqanın binasında ABŞ, Böyük Britaniya, İsveçrə, Avropa İttifaqı ölkələrinin səfirləri və akkreditasiya olunan nümayəndəliklərinin rəhbərləri ilə görüş keçirib. Məlumatı “Novosti Armeniya” yayıb. Bildirilib ki, görüş iştirakçıları Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini və regiondakı vəziyyəti müzakirə ediblər.

Məsələyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, Ermənistanın daxilində revanşistlərin və”Qarabağ klanı”nın nümayəndələrinin nümayişlər keçirməsi fonunda həm də Ermənistan siyasi iqtidarı qonşularla münasibətləri normallaşdırmağa təşəbbüslər göstərir:

“Azərbaycanla Brüssel sülh formatı davam etdirilir, bununla yanaşı olaraq Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması istiqamətində fəaliyyət icra olunur. Tərəflər arasında Moskvada keçirilmiş görüşdən sonra Vyanada da çox məhsuldar görüş keçirilmişdir. Tərəflər arasında konstruktivliyin olması və etimad atmosferinin gücləndirilməsi onu deməyə əsas verir ki, yaxın zamanlarda Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılması ilə bağlı hər hansısa addımı izləyə bilərik. Eyni zamanda, Ruben Rubenyan Ermənistan parlamentində ABŞ, Böyük Britaniya, İsveçrə və Avropa İttifaqının səfirləri ilə keçirdiyi görüşdə də Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması və regiondakı vəziyyət müzakirə olunmuşdur. Yəni, hər hansısa qapılı formada keçirilmiş danışıqların bəyan olunması və gizli hər hansı məlumatların qalmaması üçün bu cür təmasların qurulması mühüm əhəmiyyət kəsb edir”. Politoloqun sözlərinə görə, Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılmasında bir sıra tərəflər maraqlıdır:

“ Türkiyə özü də bu proseslərdə baş rol almaq üçün addımlar atır.Eyni zamanda uzunmüddətdir ki, Türkiyə-Ermənistan münasibətləri ilə bağlı Türkiyəyə qarşı kifayət qədər ciddi iradlar irəli sürülür. Hətta, Türkiyənin Avropa İttifaqına üzvlüyünə qəbul olunmaması ilə bağlı bəhanə kimi Ermənistanla sərhədlərin bağlanması göstərilirdi. Lakin Azərbaycanın ərazilərinin işğal altında qalması və Türkiyənin qardaş Azərbaycana dəstəyi onu Ermənistanla sərhədləri bağlamağa vadar edib. Bu baxımdan hazırda geosiyasi reallıqlar formalaşıb”.

“Vətən müharibəsində qazanılan qələbə həm də Türkiyə-Ermənistan münasibətlərinə təsir göstərmişdir. Lakin daxildə olan destruktiv qüvvələr Türkiyə ilə, eləcə də Azərbaycanla münasibətin əleyhinə çıxış etməyin tərəfdarlarıdır. Onlar azlıq təşkil etsə də, hazırda siyasi proseslərə təsir etmək imkanındadılar. Məlumdur ki, Türkiyə əgər Ermənistanla münasibətləri normallaşdırsa, yeni dövrün başlanğıcı olacaq. Türkiyə-Ermənistan arasında olan dialoqun genişlənməsi, ticari-iqtisadi münasibətlrəin qurulması, diplomatik əlaqələrin yaradılması ilk növbədə sülhə və təhlükəsizliyə xidmət edəcək. Bu baxımdan görünür ki, sülhü və təhlükəsizliyi təhdid altında saxlamaq, davamlı gərginliyi genişləndirmək marağında olan qüvvələr bu yaxınlaşmanın əleyhinə çıxış edərək müxtəlif nümayişlər təşkil edirlər”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top